Qurban bayramının fəlsəfəsi və Azərbaycan xalqının yazdığı Zəfər tarixi

Hər kəsə məlumdur ki, Azərbaycan Respublikasının rəsmi bayramlarından biri də, məhz Qurban bayramıdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramının ölkəmizdə dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirir. Bu müqəddəs bayram bütün müsəlmanlar üçün heç zaman unudulmayacaq mənəvi bir mirasdır. İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirmiş Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir.

Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu günün müsəlman əhali tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır. Bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir. Müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə vahid Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirir, müsəlman dostlarını təbrik edirlər. Bu, Azərbaycan xalqının mənəvi birliyinin ifadəsidir. Bütün dünya çox gözəl bilir ki, Azərbaycan tolerantlıq məkanıdır. Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin mənsublarının mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır.

Hər il ölkəmizdə rəsmi şəkildə qeyd edilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin, sosial yardımlaşmanın və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Bu cəhətlər Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdır. Bu gün Azərbaycanda dini bayramlarla bağlı ənənələrin davamı və inkişafı prosesi çox sürətlə gedir. Bildiyimiz kimi, Ümummilli Lider Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar münasibətilə xalqı təbrik etmişdir. Ulu Öndər müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirmişdir. Bu gün bu ənənə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbriki ünvanlanır və xoş arzuları çatdırılır.

Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan etmişdir. Hal-hazırda Azərbaycan İslam mədəniyyətinin inkişafına böyük töhfələr verməkdədir. Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə misilsiz töhfələr bəxş etmişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaratmışdır. Vaxtı ilə Ulu Öndərin Qurban bayramında xalqa müraciətindən bir parça yada salmağa dəyər: “İnanıram ki, bu müqəddəs bayram günlərində böyük xalqın bəxş etdiyi nemətlərə görə minnətdarlığınızı bildirməklə yanaşı, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi, xalqımızın xoşbəxt həyata qovuşmasını diləyirsiniz. Əminəm ki, arzu və diləkləriniz Allahın köməyi və xalqımızın qeyrəti ilə həyata keçəcəkdir.

Xalqımızın haqq işi qalib gələcəkdir. Şəhid balalarımızın ruhlarının şad olacağı gün – Vətən torpağının mənfur düşmən tapdağından tamamilə azad ediləcəyi və taleyinə qaçqınlıq, köçkünlük düşmüş həmvətənlərimizin öz doğma yerlərinə qayıdacaqları gün uzaqda deyildir. Azərbaycan-Ermənistan münaqişəsinin dinc yolla həlli uğrunda apardığımız ardıcıl siyasət və tutduğumuz qətiyyətli mövqe, gənc ordumuzun günü-gündən artan döyüş qüdrəti bu inam üçün möhkəm zəmindir”. Həmçinin, Prezidentimiz, cənab İlham Əliyevin Qurban bayramında xalqa müraciətindən bir neçə sətir yazmaq yerinə düşərdi: “Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri, o cümlədən, Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu günlər ölkəmizin hər yerində xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənir, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, bu Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Ümidvaram, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır”.

Qurban bayramında müsəlmanlar Allah yolunda hər bir fədakarlığa hazır olduqlarını nümayiş etdirdikləri kimi Vətən müharibəsində də bütün Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Öz dərin tarixi kökünə, milli və dini dəyərlərinə sidq ürəkdən bağlı olan Azərbaycan anası, Azərbaycan atası öz övladının qanını və canını Vətən yolunda əsirgəmədi. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Qurban bayramı Allah yolunda fədakarlığın, İkinci Qarabağ müharibəsi isə Vətən yolunda fədakarlığın təntənəsidir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir. Bəli, Azərbaycanın ərazi bütövlüyü, süverenliyi bərpa edildi, ədalət yerini tapdı. İnsanlar öz doğma yurd, yuvalarına qayıdacaqlar, biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Cənab Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida” ifadəsi gerçəkləşdirildi. Bu yolda neçə-neçə qəhrəman igid oğullarmız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından, canından keçdi.

Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Sözüz ki, Vətən müharibəsində qazandığımız qələbə xalqımız üçün də böyük qürurdur, fəxrdir. 30 ildir ki, xalqımızın torpaq həsrətinə son qoyuldu, düşmən üzərində böyük qələbə əldə edildi. Məhz, cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Bu müharibədə ən əsas məqamlardan biri Xalq-Ali Baş Komandan birliyi oldu. Xalqımız cənab Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək Ona və ordumuza böyük dəstək verdi. Qəhrəman, yenilməz Ordumuz isə döyüş meydanında cənab Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi, işğal altındakı torpaqlarımızı azad etdi və bu möhtəşəm qələbə, müasir tariximizin ən parlaq zəfər səhifəsi kimi yaddaşlarımıza həkk olundu!.

 Öz demokratizmi, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynamış, mütərəqqi islami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulmuşdur. İslamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər. Xalqımız öz milli-mənəvi dəyərlərinə və ənənələrinə həmişə ehtiramla yanaşır. Bütün dini mərasimlər, o cümlədən Qurban bayramı hər il böyük təntənə ilə qeyd edilir.

Ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, geniş xeyriyyəçilik işləri görülür, dövlətimizin tərəqqisi və əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Əminəm ki, builki Qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir. Xalqımızı və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mənəvi kamillik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bu mübarək gündə bir daha hamınıza ulu Tanrıdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Qurban bayramınız mübarək olsun!.

Yaşasın müstəqil Azərbaycan Respublikası!

Eşq olsun Azərbaycan xalqına və Rəşadətli Azərbaycan Ordusuna!

Allah cəmi şəhidlərimizə rəhmət etsin!

Allah yaralı hərbi qulluqçularımıza şəfa versin!

Hər birimiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevlə qürur duyuruq!..

Qarabağ Azərbaycandır!…

 Hörmətlə, Müşfiq Əliyev

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı”Cəmiyyətinin sədri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin humanitar məsələlər üzrə səlahiyyətli nümayəndəsi

 BAKI ŞƏHƏRİ, XƏZƏR RAYON SAKİNİ

Bu xəbəri paylaşın: