Bu günlərdə saytımızda Akif Həsənov adlı bir müharibə veteranının imzasıyla ordumuzun imicinin qorunmasıyla bağlı bir yazı yayınlanmışdı. Yanlış olaraq Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Xocavənd rayon şöbəsinin sədri, Beyləqan batalyonunun sabiq komandiri Akif Həsənovu özlərini «döyüşçü» elan edənlərin dayaz arqumentlərlə hədəfə gətirdiklərini izləməli oldum.
Səhhətimlə bağlı gec də olsa, bu yanlış və zərərli fikir sahiblərinə bildirmək istəyirəm ki, dünyada mövcud olan insanlar barmaq izləri kimi fərqli düşüncə sahibləridir. Amma kimsəni məcbur etmək olmaz ki, mütləq bizim kimi düşünsünlər. Fedai.az müstəqil və tərəfsizliyini qoruyan az saylı saytlardandı. Məsələ ilə bağlı redaksiyamıza zəng edən Akif Həsənova bildirdim ki, adı keçən şəxsin sizə heç bir aidiyyatı yoxdur.
Bu gün Akif Həsənovun, həm I Qarabağ, həm də II Qarabağ döyüşlərindəki xidmətləri, dinc dövrlərdə «mışka» qəhrəmanlığından fərqli olaraq, əsgər və zabitlərimiz arasında keçirdiyi hərbi-vətənpərvərlik ruhlu tədbirləri sadalasaq bu söz qəhrəmanlarının qulaq asmağa heyləri çatmaz. AVMVİB təkcə 2019-cu ildə məktəblilər və hərbi hissələrdə 836 görüş-tədbir keçirərək gənclərimizi Qarabağı azad etməyə hazır olmağa çağırmışdı. Bu gün döyüşənlər arasında minlərlə veteranlarımızın oğlu şəhid və qazi olmuşlar. Bəs nə əcəb, bunca internetdə «sərçə qovalayanların» birinin övladını bu sırada görmədik? Akif Həsənov 44 günlük müharibənin hər gününü əsgərlərimizlə birgə oldu, bəs bu söz qəhrəmanları haradaydılar?
Bircə faktı xatırladım ki, I Qarabağ müharibəsinin ən ağır günlərində Xocavənd istiqamətində bu gün də düşmən nəzarətində olan Şişqaya yüksəkliyini dəfələrlə düşməndən azad etmiş bir batalyonun komandiri kimi Akif Həsənov bizim üçün bir qəhrəmandır. Əməl adamıdır. Keçmişi daim gün işığında olan kişilərdəndir. Komandir kimi ona uzun ömür və o batalyonun hər bir şəhidinə Allahdan rəhmət, veteranlarımıza isə cansağlığı arzulayırıq.
Biz daim Ordumuzun, Dövlətimizin yanındayıq. Bizim başımızın əyildiyi və dizimizin büküldüyü tək yer müqəddəs Azərbaycan Bayrağının önüdür…
X. Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri