Xanbabayev «itmiş» sürücüsünü «tapdı»

Deputat Eldəniz Səlimovun işi ilə bağlı saxlanılan Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayevin sürücüsü sərbəst buraxılıb.

Bu barədə Lent.az-a Ş. Xanbabayevin köməkçisi məlumat verib.

O qeyd edib ki, araşdırma aparılıb, icra başçısının sürücüsünün bu işlə əlaqəsinin olmadığı məlum olub və o dərhal sərbəst buraxılıb.

Xatırladaq ki, iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında deputat Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb. Hadisə baş verən gün Xaçmaz rayon İcra Hakimiyyətinin keçmiş başçısı Şəmsəddin Xanbabayevin sürücüsü Mənsur da polis tərəfindən saxlanılmışdı.

Hadisəylə bağlı Ş. Xanbabayev demişdi: «O restoran da burada, yaxınlıqdadır. İcra başçısı olanda samovar tikmişəm ha, bax onun yanında. Bəli, olub orada hadisə. Amma sürücünü tapa bilmirəm ki, həqiqəti öyrənib sizə deyim. O, 30 ildir mənim yanımda işləyir. İnandırıram sizi ki, elə adam deyil. İndi saxlayıblarsa, yəqin araşdırıb həqiqəti üzə çıxararlar. Amma yenə də deyirəm ki, o, davakar adam deyil. Sadəcə deputat restorana mənim maşınımda gedib”.

Atmaca: Yəqin ki, Xanbabayev sürücüsünü tapdıqdan sonra hadisəni öyrənib deyəcək…

Bu xəbəri paylaşın: