Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin müavini, AVMVİB Nərimanov şöbəsinin sədri Qurban Osmanovun oğlu Bayram Osmanovun toy mərasimi keçirildi. Əsasən döyüşçülərin iştirak etdiyi toy mərasimi şəhidlərimizin müqəddəs ruhlarının 1 dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Dövlət Himninə sayğı duruşuyla başladı.
Müharibə veteranı Qurban Osmanovun I Qarabağ müharibəsində və döyüşçü oğul Bayram Osmanovun 44 günlük Vətən müharibəsində döyüş dostlarını bir araya gətirən bu toya Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı cənab Abidin Fərzəliyevin təşrif buyurmasını müharibə veteranları məmnunluqla qarşıladılar.

Toy mərasimində təbrik üçün çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı Abidin Fərzəliyev gənc veteranı təbrik edərək, bu cür ənənələrin davam etdirilməsini xalqımızın böyüklüyü ilə əlaqələndirdi. Nərimanov rayonunda prezidentin tapşırıq və göstərişlərini rəhbər tutaraq daim bu təbəqədən olan insanlara diqqət və qayğı göstərildiyini qeyd etdi. Evlənən gənc veteran Bayram Osmanova gələcək evlilik həyatında xoşbəxtlik arzuladı.
Daha sonra söz verilən AVMVİB sədri Füzuli Rzaquiyev də gənc veteran Bayram Osmanovu təbrik etdi və çox minlik veteranlar ordusu adından işlərinin çox olmasına baxmayaraq, bu gün veteranların sevincinə şərik olan Nərimanov rayon İcra Hakimiyyətinin Başçısı cənab Abidin Fərzəliyevə minnətdarlığını bildirdi.

AVMVİB sədri döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyərək, bildirdi ki, öncə bizlərin vuruşduğu səngərlərdə, məhz veteran övladlarının döyüşməsini 44 günlük Vətən müharibəsi bir daha göstərdi və sübut etdi. Bayram Osmanov da onlardan biridir və AVMVİB-nin gənc üzvlərindəndir. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin verəcəyi hər bir əmrə daim hazır olmuşuq və olacağıq. Hər birimiz bu şərəfli missiyanı daim öz üzərində hiss etməlidir. Gənclərimizi bir daha təbrik edir və ailə səadəti arzulayıram.
Elə toy şənliyində AVMVİB-nin hazırladığı «Müharibə veteranı» döş nişanı Ali Baş Komandan tərəfindən 3 medalla təltif edilmiş gənc müharibə veteranı Bayram Osmanova təqdim edildi. Döş nişanını AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov təqdim etdi.
Mübarək olsun! Bayram bəy Vətənə hay verən igidlərimizdəndi və inanırıq ki, onun da övladları üçün öndə olan yenə Vətən olacaqdır. Bu Vətən sizlərə minnətdardır.
AVMVİB Mətbuat Xidmətinin rəhbəri