
Xaqani Ədəboğlu
Qara tində koronaviruslu qara düşüncələr…
İnsan bir məxluq olaraq orqanizminin 90-95 faizinin viruslardan ibarət olmasını yazmışdım. Bu həzrəti koronavirus isə yeni olsa da çox şeylərimizi ortaya çıxardı. Yüzlərlə yalan, minlərlə saxtakarlıq, səmimiyyətdən uzaq millət, Vətən pərvərliyi və bir də insanın insan ola bilmək problemi tarixin səhnəsində oynandı. Bu səhnədə kimlər rol almadı ki?
Hər kəs özünə uyğun və qrimə ehtiyacı olmadan öz rollarını ifa edirdi. Məcazi maskalar cırılır, əvəzinə tibbi maskalar taxılırdı. Məscidə namaza gedə bilməyən molla Kəbleyi İsmayıl uzandığı çarpayıdan əlindəki kafir əməliylə yeni-yeni hədislər yayınlayırdı. Məsələn, deyirdi ki, biz illərdi çalışırdıq, zənən xeylaqları yaşmaq vurmurdular. Amma bax qurban olduğumun bircə virusu, bizim sözlərdən ötkəm və hədislərdən hökmlü çıxdı. Hətta kişilər belə yaşmanırlar. Yayını bitirib, əlindəki spirtlə özünü və abtafasını dezinfeksiya edərək su başına yollandı…
Doğrusu, mənim bu koonavirusa hörmətim artdı. İnanıram ki, bu gözəl laboratoriyalarda yetişdirilmiş nemət elə həmişə bizimlə bir sırada dayansa yaxşıdır. Onun sayəsində can qorxusuyla var — dövlətə, pul əskinasına belə əl vurmayan adamların ölkəsində yaşamağın bir özgə aləmi var. Kasıbın özgə nə işi olasıdı ki? Ancaq onun — bunun varını sayıb, evlərini işarətləməkdi. Belə mənzərələri görüncə «yaşamaq gözəldir, qardaşım» demək üçün illər gözləmişdik. Al bu da gözlədiyiniz gün. Ata oğuldan, ana baladan, ər arvaddan gen gəzir. Hərə öz hücrəsinə çəkilib öz günlərini saymaqla həftələri yola verir. Bəzi parabazların min bir əzabla oğurlayıb yığdıqları var-dövlətə əlləri yetmədi. Uzaq-uzaq ellərdə aldıqları imarətlərin həndəvərinə uça bilmədilər. Koronavirus bəlkə də çox şeyi dəyişdi. Amma milli xarakteimizdə bircə xətt heç dəyişmədi. Can qorxusunu mal qorxusu yenə üstələdi. Yəni hər kəs bir daha anladı ki, qorxusunu çəkdikləri bu can gəldi gedərdi. Ya virusdan, ya da qəzadan. Qalıcı olan mala sarıldılar. Kimi maskadan, kimi spirtdən, kimi də ordan-buradan gəlir güddülər. Lap 100 il yaşasanız da, onsuz da öləcəksiniz. Amma mal ölən deyil. Fərqi yoxdur, ya ingilisə, ya da yəhudiyə, lap bəd ayaqda erməniyə də olsa qalacaqdır. Əsrin əvvəllərində kim deyər, bizim milyonçuların milyonları necə oldu? Təkcə Musa Nağıyevin varidatı analitiklər tərəfindən indiki qiymətlərlə 50 milyard dollar civarında qiymətləndirilib…
Alimlərin dediyinə görə bu koronavirus görünüşcə virusların ən gözəlidir. Elə ona görə də inanıram ki, içimizdə elələri var ki, binəva koronavirus onlara baxanda 5 ölkə o tərfə qaçar. Hətta İblis belə onları görəndə salavat çevirər. Biz belə adamlarımızın qədrini «bilməliyik». Çünki onların «üzü suyu hörmətinə» koronavirus burada baş-ayaq vura bilmir…
«Evdə qalın» ayının günləri bizim işsizlik statistikasını da çökürtdü. Çünki işsizlik üçün qeydə almaq əvəzinə nazirlik illərdir ki, işsizlərə filan ölkədən cənnət alması gətirməyi tapşırırdı. Onu axtarmağa gedənlər də gedib İrandan, Çindən bu gözəlim koronavirusu gətiriblər. Hazırda 600 min nəfərin işsizliyi üzə çıxıb, amma mən illər öncə bu 4500 rəqəminin saxta olduğunu və bu sayın milyonu aşdığını yazmışdım. Bu uydurulmuş yalanı virusmu gəlib üzə çıxarmalıydl?..
Koronavirusdan sonrakı dövrdən fərqli notlar gözləyənlər var. Hərə bir Qara tində (Oxu qarantin) oturub öz mənfəətli xəyallarını sabahlarımızın boynundan asmaq istəyir. Kimsə kimsənin kitabını oxumadığı bir məmləkətdə yaşayırıq. Biz muxtar olan fərdlərin fedaral bir cəmiyyətiyik. Hər kəsin olan nə varsa, heç kimin deyil. Korona deyil lap onun dədəsi gəlsin, nəyimiz dəyişəsidir ki? Bizim dəyişmək halətimiz yoxdu…
Reallıq odur ki, Evdə qalın! Ümumdünya Səhiyyə təşkilatı elə bu şüarı bizim üçün seçib. Elə eybimizi evlərmiş örtən. Qaldı nazirliyi — zadı gözləmə, zəng də eləmə. Ora bu həzrəti virus gəlməmiş zəng vurub düşən, sual verib cavab alan olmayıb. Harayına Bayram Nurlu yetsə də bəsindir. Güya çöldə qalanda toxluqdan ölürdün? Otur, oturduğun yerdə. Bir xalq ki, Bayrama, Rəqsanəyə…möhtac qalıb, elə çölə-bayıra çıxmasa yaxşıdır…
Bir əqli yetərsizliyi olan şəxs (NK «yetim» sözünü valideynlərini itirmiş»dəyişdiyi üçün mən də «dəli» sözünü dəyişirəm, bundan sonra bizdə nə yetim, nə də dəli olacaq. Problemi beləcə köklü şəkildə həll etmək lazımdır) təzə saat alıbmış. Onunla məzələnmək istəyən bir nəfər soruşur ki, saat neçədir? O, bir saata baxır, bir də saat soruşana baxıb deyir: «Alə, saatı neynirsən, elə sən də mənim kimi avarasan də»...
Evdə qalın! Evinizdə bir Qara tin tapıb oturun və qara-qara düşünün: «Biz bu ağılla hara gedirik?» «Bizdən sonra gələn nəsillər üçün nələri miras qoyub gedirik?» Bu miraslardan bircə dənəsini tapın ki, o mirasa görə bizlərin goruna söyüş söyməyəcəklər?..
Amma bu çətin məqamlar bu xalqın daha bir itməmiş özəlliyini də ortaya qoydu. Bütün qədim xalqlarda olduğu kimi özü darda olsa belə qonşunun hayına yetməyə can atdı. Viktor Hüqo «Səfillər» əsərində yazır ki, insanlar yoxsulluq zamanı soyuqdakı kimi bir birinə sığınmağa çalışarlar. Amma qəlbləri bir birilərindən uzaq olar. Qəlbləri deyə bilmirəm, qoyulmuş məsafə qadağasına rəğmən nsanlar bir-birinə sığınıblar…
Gələn koronavirusnamədə isə psixoloji düşüncələri sizinlə bölüşəcəyəm…