BBC öz müxbirlərindən birinin vizasının yenilənməməsi barədə Rusiyanın qərarını pisləyib və bunu media azadlığına »birbaşa hucum» adlandırıb.
BBC Rusiya rəsmilərini hazırda Moskvada olan jurnalist Sarah Rainsfordun Rusiyadan çıxarılması qərarını yenidən gözdən keçirməyə çağırıb.
Rusiya dövlət mediası xəbər verir ki, jurnalist Rainsfordun akreditasiyası bu ayın sonunda başa çatır və bundan sonra o ölkəni tərk etməlidir.
Məlumatda deyilir ki, bu, Britaniyanın Rusiya jurnalistlərinə viza verməməsi barədə qərarına Rusiyanın qisasıdır.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Teleqram sosial şəbəkəsində yazdığı statusda bildirib ki, Rusiya hökuməti dəfələrlə xəbərdarlıq etmişdi ki, Rusiya jurnalistlərinin Britaniyada viza ilə bağlı təzyiqlərə məruz qalmasına cavab verəcək.
BBC-nin Baş direktoru Tim Davie deyib:»Sarah Rainsfordun qovulması media azadlığlna birbaşa hücumdur və biz bunu qətiyyətlə pisləyirik».
»Sarah Rainsford müstəsna və cəsur jurnalistdir. O, Rusca səlis danışır və Rusiya və keçmiş Sovet İttifaqı barədə müstəqil və ətraflı xəbərlər verir. Onun jurnalistikası dünya boyunca yüz milyonlarla BBC auditoriyasını məlumatlandırır.
Biz Rusiya hakimiyyətini öz qərarına yenidən baxmağa çağırırıq. Bu arada isə biz regiondakı hadisələri müstəqil və tərəfsiz işıqlandırmada davam edəcəyik», deyə Baş direktor əlavə edib..
Britaniya Xarici İşlər Nazirliyi bu qərarı »Rusiya hakimiyyətinin daha bir əsassız addımı» adlandırıb.
Sarah Rainsford tərcübəli jurnalistsdir. O bu yaxınlarda Belarus prezidenti Alexsandr Lukaşenkoya insan haqları ilə bağlı verdiyi suala görə daha da tanınıb.
Britaniya və Rusiya arasında münasibətlər pisləşməkdədir və Rainsford, son on ildə Rusiyadan qovulan ilk Britaniya jurnalisti olacaq.
Mənbə: BBC
