Bütöv Vətən, Bütöv Millət, Basılmaz Dövlət!

ELBARİZ Məmmədli

Şair, jurnalist

Gəlin, açıq danışaq.

Bilmirəm, nədən başlayım ki, dediklərim düşündüklərimə açar rolu oynasın. Sosial yönümümü və siyasi baxışlarımı məni tanıyanların hamısı bilir. İstəyim də aydındır: Vətənin bütövlüyü, dövlətçiliyin qorunması, hüquqi demokratik cəmiyyətin bərqərar olması və. s.

İndi vəziyyət elə gətirib ki, biz öz qayğılarımızla əlləşdiyimiz bir vaxtda, Əfqanıstanda hakimiyyət dəyişir və dünyanın terror yanlısı kimi tanıdığı Talıban hərəkatı hakimiyyəti öz əlinə alır. Bütün bəşəriyyətin diqqəti bu hadisələrə yönəlir. Dünəndən bəri oturub Əfqanıstan hadisələri ilə bağlı müxtəlif ölkələrin siyasət adamlarının şərhlərini dinləyirəm.

Düzünü deyim ki, bu hadisələrin mayasında konkret nəyin dayandığını hələ ki, bütün reallığı ilə ortaya qoyan bir şərhə rast gəlməmişəm.

Bütün yanaşmalarda ziddiyyət və qeyri- müəyyənlik var. Ən başlıcası, Amerikanın öz mövqeyindən qəfil geri çəkilməsini, General Dostuma aid olan qüvvələrin asanlıqla bunu qəbul etməsini kimsə bütün detalları ilə aydınlaşdıra bilmir. Bu dünyada yeni bir düzənin başlanğıcıdırmı və ya əfqan xalqının əbədi azadlığına açardımı, anlaşılmır. Amma görünən odur ki, Rusiya Orta Asiya respublikalarında hərbi təlimlətə başlamağa və orda bizim «Qənimətlər Parkı»nı bəzəyən silahları nümayiş etdirməyə qərarlıdır.

Hərçənd ki, bu dəfə rusların yenidən əfqanlarla savaşa əl atacağı ağlabatan görünmür. Çünki əvvəlki müharibədə əsasən, Orta Asiya və Qafqaz xalqlarından olan gəncləri qırğına verən rusların indi o imkanları yoxdu. İkincisi, Taliban belə asanlıqla Kabilə yetişə bilibsə, bu hərəkətin alt qatında nəsə var. Bu da rusların imkanları və başları üçün deyil. Bəzi mənbələrdə Talibanın Çin, Türkiyə və Pakistanla isti münasibətləri olduğunu deyənlər də var. Onu qəddar islam rejimi kimi söyənlər və ya əksini söyləyənlər də.

Amma hələlik (bəzi istisnalar xaricində) bunların heç biri özünü qabarıq göstərməyib. Yəqin ki, yaxın vaxtlarda sual doğuran bütün məsələlərə aydınlıq gələcəkdir. Unutmayaq ki, Kabil hava limanını Türkiyə və Azərbaycandan olan sülhməramlılar mühafizə edir və bəzilərinin yanlış informasiyalarından fərqli olaraq, hələlik sülhməramlılara həmlə yoxdu. Talibanın sözçüsünün Türkiyənin adını xoş niyyətlə dilinə gətirməsi isə, real olacağı halda, yaxşı niyyətlərdən xəbər verir. Yaşayarıq, görərik.

İndi isə qayıdaq ölkəmizə. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin CNN Türk kanalına son müsahibəsi bədxahlarımızı tamamilə hövsələdən çıxarıb. Ermənistanla təmas xəttində baş verən atışmalarda səbəblərdən biri də budur. Ökləmizə yağlı tikə kimi baxan şimal qonşularımız reallığın onların istəyinin əksinə olduğunu görüb, növbəti çirkin niyyətlərə düşüblər. Erməni xislətinə bələd olanlar yaxşı bilirlər ki, onlar başları əziləndən sonra uzun müddət səssiz qalırlar. İllər boyu alacaqları qisasın planlarını qururlar.

İndi niyə, bunun əksini müşahidə edirik?

Çünki atan kazaklardı. Onlar üçün isə insanlıq və ədalət anlayışı yoxdur. İşlərimiz çoxdu. Bu məqamda ölkənin içində bir-birinə antaqonist münasibətdə olan, söyüş ritorokasını cəmiyyətin davranış kodeksinə çevirən qüvvələr var. Onlar özlərinin troll dəstələri ilə həm hakimiyyətdə, həm də müxalifətdə təmsil olunurlar. Üstəlik də Rusiya və digər düşmən ölkələrin agent şəbəkələti xeyli aktivləşiblər. Kənardan üstümüzə gələnləri də ki, saymaqla bitməz.Yəni çağdaş dünyanın siyasi düşüncəsi daha çox haqqın deyil, şərin və qaniçənliyin tərəfindədir. Bütün bunların fonunda ölkədə barışdırıcı missiya ilə ortaya çıxan bir əməli hərəkətin şahidi olmuruq. Dünən kürsüləri dədəsinin malı kimi zəbt edib, hamıya ağıl dərsi verənlər, bu gün qeybə çəkiliblər. Deməli, bunların əksəriyyəti üçün Vətən və onun azadlığı anlayışının heç bir əhəmiyyəti yoxmuş.

Belə olan halda, mütləq millətimizin bütövlüyü naminə kimlərsə bu addımı atmalıdır.

Düşmənlə savaş bitməyib. Gələn qorxulu və təhlükəli həmlələri dəf etmək üçün hamımızın düşüncəsi bir fikir ətrafında cəmlənməlidir: Bütöv Vətən, Bütöv Millət, Basılmaz Dövlət!

Bu xəbəri paylaşın: