“Əfqanıstan zəngin yeraltı sərvətlərə sahibdir. Lakin bunları emal edəcək qüvvəmiz yoxdur”.
Fedai.az xəbər verir ki, “Taliban” sözçüsü Suheyl Şahin belə açıqlama verib. O bildirib ki, bu yataqların işlədilməsi üçün Türkiyə ilə əməkdaşlıq edilə bilər.
“Taliban” olaraq Türkiyə ilə yaxın münasibətlər içində olduq. Türkiyə bizim üçün çox əhəmiyyətli bir aktyordur və həm də dünyanın hörmətli, güclü bir ölkəsidir. Eyni zamanda Türkiyə İslam ümməti üçün özəl bir yeri olan dövlətdir. Türkiyənin Əfqanıstanla olan bağlarını heç bir ölkə ilə müqayisə etmək olmaz.
Bu sözləri 1994-cü ildən “Taliban”ın qurulmasında iştirak edən və bu günə qədər onun sözçüsü vəzifəsini yerinə yetirən Suheyl Şahin “Türkiye Gazetesi”nə müsahibəsində deyib.
“Taliban” sözçüsü Suheyl Şahin bildirib: “Mən açıq elan edirəm: Əfqanıstanın İslam Əmirliyi olaraq bütün ölkələrdən daha çox Türkiyənin dostluğuna, dəstəyinə və iş birliyinə ehtiyacı var. Əfqanıstanın yeraltı zəngin sərvətləri var. Amma bunlardan istifadə edəcək gücümüz yoxdur. İşğalçı və yağmaçı hakimiyyətlər səbəbindən infrastrukturumz çöküb. Səhiyyə, təhsil, iqtisadiyyat, inşaat və enerji sahələrində, habelə torpaqlarımızın altında olan sərvətlərin işlənməsi istiqamətində Türkiyə ilə əməkdaşlıq etmək istəyirik. Daxili şərtlərin bəlli olmasından sonra bu mövzularda türk qardaşlarımızın təsirli rol oynaması ən böyük gözləntimizdir”.
