DİN BİZİ AYIRMAQ DEYİL, BİRLƏŞDİRMƏK VASİTƏSİ OLMALIDIR

Xaqani Ədəboğlu «Türkçülükdə Səlcuqlu xəstəliyi» kitabından — 2016

(Əvvəli: https://fedai.az/?p=47533https://fedai.az/?p=47533, https://fedai.az/?p=47611)

Bunu anlaya bilməyən ərəblərin yazdığı digər məsələ qadınların məclislərdə açıq-saçıq iştirak etmələridir. Qadını məzardan çıxarıb (doğulmuş qızları diri-diri basdırırdılar – müəl.) hərəmlərə soxan ərəblər türk cəmiyyətlərində qadının kişilərlə bərabər hüquqlu olduğunu hürrəmilərin qadınları “ümumiləşdirməsi” kimi təqdim edirdilər. Qadına əşya kimi baxan ərəblər, “bir itə yüz qadını tay tutan” sasanilər (Firdovsi) hürrəmilərdə qadın azadlığını anlaya bilməyiblər. Hadisələri qələmə alan tarixçilərin əsasən fars, ərəb olması bunları deməyə əsas verir. “Qadınların hamının malı” kimi xarakterizə edən bu müəlliflərin mövqeyini Saleh İldırım haqlı olaraq belə şərh edir:


“Arilərə görə qadın borc, kirayə verilə bilər” (“İran ayn və fərhəng” Mahmud Rza İftixarzadə I c. s. 218, 330). Zərdüştülər qadını şeytani cinsdən sayaraq qınayır, alçaq elan edib yaranmasına təəssüflənərlər… Ahura Məzdə qadına dedi ki, sənin murdar olduğunu bilirəm, səni yaratdım və sənə kömək edirəm, çünki kişi səndən doğulur. Yenə sən məni incidəcəksən, əgər kişini doğmaq üçün başqa bir məxluq tapsaydım səni yaratmazdım” (S.İldırım “Babək Xürrəmdin” Bakı 2005 s. 21).


Bu fakt da Babək hərəkatının türk hərəkatı olduğunu təsdiqləyir. Cavidanın arvadının yığıncaqlarda iştirak etməsini onun aparıcı rolu olmasıyla bağlamaq gərəkdir. Dövründə xalqın gözündən salınması üçün atılan böhtanlar, bu gün də Azərbaycan türkünü istəməyənlərin, onun qəhrəmanlıq tarixinə ləkə yaxmağa çalı-şanların əsas mövzusudur. Babəkin liderliyi ilə bağlı söylənənlərdə qədim türk gələnəklərinin bərpasını nəzərə almayıblar. Türklərdə xaqanları Xəzərdə, qədim Arattada seçki yolu ilə seçirdilər. Çox güman ki, Babək seçki yolu ilə seçilmiş lider idi. Saleh İldırım da bu faktı diqqətdən qaçırmayaraq yazır: “Türk xaqanı təbəqə və ya qan mənsubiyyətilə yox, şəxsi ləyaqətə görə seçilirdi. İbn Fazlan bir çörəkçinin Xaqan seçilməsi üçün namizəd olduğunu qeyd edib” (S.İldırım “Babək Xürrəmdin” Bakı 2005 s. 19). Xilafətin ilk illərində mömin dörd xəlifə də seçki yoluyla seçilmişdi. Əməvilər və Abbasilər dövründə bu ənənəyə son qoyuldu.


Babəki qaralamaq üçün anasına böhtan atanlar, onun “allahlıq” iddiasında olmasını qabardanlar üsyana qarşı apardıqları mübarizəyə dini don geyindirməyə çalışırdılar. Dövrün tarixçilərindən Məhəmməd ibn İshaq ibn ən Nədimin “Kitab əl Fihrist” əsərində deyilir: “Ondan (şərabdan – müəl.) üç dəfə içəndən sonra, qadın bir reyhan budağı götürüb Babəkə uzatdı (qədim türklərdə, xüsusən Azərbaycanda, Skifiyada və Dəşti Qıpçaqda yovşan göndərmək adəti vardı – müəl). O da reyhan otunu aldı. Bu, onların toyu demək idi, sonra onlar (onun tərəfdarları) irəli gedib hər ikisinə baş əydilər, bununla da onların evlənməsini təsdiq etdilər” (Ziya Bünyadovun tərcüməsi “Azərbaycan VII-IX əsrlərdə” s. 302).


Başqa bir mənbədə isə Babək hərəkatının inancı ilə bağlı fikirlər var. Əbu Mənsur əl Bağdadi “Kitab əl-Fərq Beyn əl Firaq” əsərində yazır: “Babəkilər dağda bayram gecəsi keçirirlər, yığışıb şərab içir və tütək çalırlar. Həmin gecə kişi və arvadlar bir-birinə qarışırlar. Çıraq və tonqallar söndürüləndən sonra kişilər arvadlarla birgə yatırlar” (yenə orada səh.303).


Əski müəlliflərin yazılarında təsvir olunan hadisələrin ağızdan-ağıza eşidilmiş əsassız xəbərlərdən ibarət olması anlaşılır. Əl Bağdadi daha sonra yazır: “Babəkilər öz dinlərinin meydana gəlmələrini Şirvin adlı əmirə (hökmdara) istinad edirlər, o da İslamdan qabaq olub. Onlar iddia edirlər ki, Şirvinin atası zənci, anası isə İran şahlarından birinin qızı idi. Onların iddiasına görə, Məhəmməd (s) və digər peyğəmbərlərə görə Şirvin daha ləyaqətli idi. Onlar dağda müsəlmanlar üçün onları namaza çağıran məscid tikmişdilər. Onlar öz uşaqlarına Quran oxumağı öyrədir, lakin gizlicə namaz qılmır, Ramazan ayında oruc tutmur, kafirlərə qarşı cihadı məcburi hesab etmirlər” (yenə orada s. 303).


Əl Bağdadi də digər yazarlar kimi öz-özünü təkzib edən məlumatlar verir. Eyni taktika digər tarixçilərin də əsərlərində görünür. Əbu Tahir əl Məqdisi də öz “Kitabi əl-Bəd və Tarix” əsərində çeşidli böhtanlar yağdırır. Məqdisi Babəkin anasının Azərbaycanın bir kəndindən olan yoxsul taygöz qadın, atasının Abdullah adında Savaddan olan nəbati kimi təqdim edir (s.114/307).


Bir çox tarixçilər Babək doğulmadan atasının ölməsini yazırlar və Babəkin qardaşı Abdullah haqqında da məlumatlar verirlər. Əgər Babək doğulmadan atası ölübsə, onun kiçik qardaşı Abdullah ögey olmalıdır. Lakin bununla bağlı heç bir məlumat yoxdur. Üstəlik, bir çox mənbələrin Babəki Əbu Müslüm Xorasaninin nəslindən sayması, Əbu Müslümün Abbasilərin qaçıb gizləndiyi bir dövrdə Əməvilərin hakimiyyətinə son qoyması faktı danılmazdır. Çünki 719–755-ci illərə aid sikkələrdə Əbu Müslüm Xorasaninin (əsl adı Əbdürəhman ibn Müslüm) adı da həkk edilirdi. Yəni bu nəslin Abbasilər hakimiyyəti üzərində haqları vardı. Həmçinin Əbu Müslüm qiyamının da qayələrindən ən başlıcası Peyğəmbər (s) övladlarının qisasının alınması olub.


Babəklə bağlı bir çox mənbələrdə də Peyğəmbər (s) övladlarının qəsb olunmuş haqlarından söz açılması heç də təsadüfi deyil. Çünki bir təriqət başçısı olan şəxsin nəslindən olan Babəkin kafir, odpərəst və s. olması, Yezidin İmam Hüseyni (ə) kafir, dinsiz adlandırması kimi bir şeydir. Bu gün də eyni tendensiya davam edir və Babəki anti İslam mübarizi kimi təqdim edir və Sovet imperiyasının bu adın üzərində durmasını arqument kimi ortaya qoymağa çalışırlar. Sovet imperiyasının nökərləri öz ideoloji xəttinə uyğun qəhrəmanlar formalaşdırmasının tarixinə yuxarıda toxunduğumdan bircə cümlə ilə xatırladım ki, Stalin və onun ideoloqları 30-cu illərdə anladılar ki, cəmiyyəti tarixi qəhrəmanlardan ayrı salmaq əks effekt verir. Sadəcə tədqiqatlarda o qəhrəmanların missiyaları dəyişdirildi. Bu gün də beyinsiz və kommunist ideologiyasının affekti altından çıxmış zəlil insanlar bu yanlışı düzəltmək əvəzinə, az qala kitabları yandırmaq istəyirlər. Sovet ideoloji təbliğat maşını Avrosentrizmin cızdığı xəttə riayət etməklə Azərbaycanın tarixi şəxsiyyətlərinin əsil xidmətlərini yanlış təqdim etdilər — Şah İsmayıl və Səfəvi dövlətini Osmanlı əleyhidarı, Babəki işğalçılara qarşı mübariz deyil, İslam əleyhidarı, Koroğlunu türk paşalarının əleyhidarı, bütün Türk sərkərdələrini əzazil, qaniçən və s. kimi təqdim etmişdi. Bu tendensiya bu gün də davam etməkdədir. Bir özünüz düşünün və sadəcə mənbələrdən tarixi həqiqətləri araşdırıb oxumağı öyrənin.


Araşdırmalar zamanı qarşılaşdığım bir məlumatı qeyd etmək yerinə düşər. Səfəvi sülaləsi banilərindən olan Şeyx Heydər üsyanı olub. Tarixçi Fəzlullah ibn Ruzbhan Şeyxin üsyanı haqqında belə məlumat verir: “Həmin 893 hicri (miladi 1488) ilinin hadisələrindən miskin şeytanın, yəni ərdəbilli Şeyx Heydərin üsyanını göstərmək olar. O qalxmaq istəyirdi, lakin məğlub edildi… O, vaxtının çox hissəsini öz əməliyyatı üçün qılınc və nizə hazırlamağa sərf etdi. Rum, Talış və Qaradağdan (IX əsrdə hürrəmilər hərəkatının vətəni – Z.B.) çoxlu adam onun yanına toplaşdı və deyirlər ki, onlar şeyxi özlərinə məbud hesab edir, dua və ümumi namaza fikir verməyib ona qiblə kimi baxırdılar… Şeyx onların arasında ibahat (halal-haram) etiqadını və Babəkin qayda-qanunlarını təbliğ edirdi” (Z.Bünyadov “Azərbaycan VII–IX əsrlərdə Bakı.1989 s. 270).


Ümumiyyətlə, fars və ərəblər türklər barədə məlumatları daim kafirliklə bağlamağa can atıblar. Burada maraqlı olan bir məqam Səfəvilərin də qədim türk adət-ənələrini bərpa etmək istəklərinin olmasıdır. Bu da Səfəviləri farslaşma, din parçalama kimi yanlış suçlamalara qarşı ən gözəl bir cavabdır. Sadalanan faktlar bir daha Babəkin atəşpərəstliklə heç bir əlaqəsinin olmamasını göstərir. O, sadəcə ərəb işğalına, sərxoş xəlifələrin türk xalqına verdiyi işgəncələrə qarşı çıxış etmiş bir müsəlman sərkərdəsi idi. Hərçənd bir çoxları xəlifələrə sərxoş deyəndə təhqir kimi yozmağa çalışırlar. Tarixi mənbələrdə Müaviyyədən başlayaraq Abbasilər daxil bütün xəlifələrin şərab içməsi, musiqi məclisləri düzənləməsi və s. kimi onlarla tarixi fakt mövcuddur: “Mütəvəkkilin sarayda əyləndiyi bir xanım müğənni yoxa çıxır. Xəlifə onun İmam Hüseyn (ə) türbəsini ziyarətə getməsini anlayınca qəzəblənir. Deyilənlərə görə, bu xanım Kəbəyə getsəydi, xəlifə Kəbəni yerlə-yeksan edəcəkmiş. O, qəzəbindən İmam Hüseynin (ə) məzarını dağıtmağı əmr edir. Müsəlmanlar bu əmrə qarşı çıxınca bu işi yəhudi Dizyəcə tapşırır. Məzar dağıdılır. Fərat çayından bir qol çəkərək məzarın sular altında qalmasına başlanan iş suların məzara yaxın düşməməsiylə sona yetir. Bu dağıntı ərzində gördüyü möcüzələrə görə yəhudi Dizyəc müsəlman dinini qəbul edir”.

“İslam tarixi” əsərindən götürdüyüm bu rəvayəti oxuyunca düşündüm ki, Peyğəmbər (ə) övladlarının möcüzələrini görən yəhudilər, xaçpərəstlər dönüb müsəlman, amma bu möcüzələri görən xəlifələr və müsəlmanlar isə dönüb vəhabi oldular.

Babəklə Afşinin görüşü


Yaxud ikinci rəvayəti diqqətlə oxuyun: “Bir gün Mötəsim şərab məclisində oturmuşdu. Qazı Yəhya bin Əksəm də orada idi.

Mötəsim məclisdən durub o biri hücrəyə getdi. Bir az orada qaldıqdan sonra dışarı çıxıb şərab məclisinə gəldi. Sonra hamama gedib, üç dəfə qüsl etdi, dışarı çıxıb canamaz istədi, iki rükət namaz qıldı, sonra yenə də şərab məclisinə gəldi. Qazi Yəhyaya dedi: “Bu namazı nə üçün qıldığımı bilirsənmi?” Yəhya: “Yox!”. Dedi: “İzzət və cəlal sahibi Allahın əta etdiyi çoxlu nemətlərdən biri üçün idi”. Yəhya dedi: “Əgər böyük rəy sahibi lazım bilirsə desin, biz də şad olaq”. Dedi: “Mən bu saat üç qızın bəkarətini aldım. Bunların hər üçü mənim düşmənlərimin qızları – biri Rum padşahının, ikincisi Babəkin, üçüncüsü Məzyarın qızı idi” (Əbu Əli Həsən ibn Əli Xacə Nizamülmülk “Siyasətnamə” Bakı 1987 s. 183).


Bu gün “din başçısı” deyə bizlərə sırınan xəlifə şərab içir, kafir elan etdiyi üç qıza təcavüz edir, zinakarlıqdan sonra iki vədəsiz namaz qılıb Allaha şükr edir, yenidən şərab məclisinə qayıdır. Bu fakt sünni – şiə qarşıdurmasının əsasını qoymaq üçün Peyğəmbər (s) adından yalan, saxta hədislər uyduran Nizamülmülkün əsərindən götürülüb.


Belə xəlifələrdən bizə qalan bu savaşı sürdürməyə dəyərmi?

Allah bizi belə günahlardan qorusun…


Ardı var

Bu xəbəri paylaşın: