Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ombudsman Nino Lomcariya ilə görüşündə necə saxlanılmasından danışıb.
Gürcü mediası xəbər verir ki, Saakaşvilinin sözlərinə görə, polis ona qarşı hər hansı güc tətbiq etməyib və özü də müqavimət göstərməyib.
«Saakaşvili bildirdi ki, onu bu gün yaşayış evində tutublar. O, müqavimət göstərməyib və polis də güc tətbiq etməyib. Saxlanılma zamanı o, tək olub və qapını da polisə özü açıb”, — deyə Lomcariya söyləyib.
Həbs edilən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin Rustavidəki həbsxanaya aparılması ilə bağlı görüntürlə yayılıb.
Həbs edilmə görüntülərini də «SputnikGeorgia” nəşri yayıb.
Tbilisidə saxlanılan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili aclıq elan edib.

“Sputnik Georgia” xəbər verir ki, bu barədə ombudsman Nino Lomcariya Saakaşvili ilə həbsxanada görüşündən sonra bildirib.
“O, Gürcüstanda verilmiş hökmlə razılaşmır və özünü siyasi məhbus hesab edir”, – deyə ombudsman açıqlayıb.
Qeyd edək ki, Saakaşvili parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və “Gürcüstan Birləşmiş Bankının” əməkdaşı Sandro Girqvlianinin öldürülməsi işi üzrə məhkəmənin üç instansiyası tərəfindən təqsirli bilinib.
«RİA Novosti” xəbər verir ki, prokurorluğun məlumatına əsasən, Saakaşvili bankir Sandro Girqvlianinin qətli və deputat Valeri Gelaşvilinin döyülməsi işi üzrə qiyabi məhkum edilib. O, birinci hala görə 3, ikinci hala görə 6 il azadlıqdan məhrum olunub. Bundan başqa, Saakaşvili 7 noyabr 2007 -ci il müxalifətin mitinqinin dağıdılması, «İmedi” telekanalının dağıdılması və dövlət büdcəsindən vəsaitlərin mənimsənilməsi işlərində təqsirləndirilir.
Hazırda bu işlərə məhkəmələr baxır, hələlik heç bir hökm verilməyib.
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Tiflisdə saxlanıldıqdan sonra yeni həyat yoldaşının olduğu haqda əvvəlcədən hazırladığı video yayılıb.
Videonu ukraynalı deputat Yelizaveta Yasko yayıb.
O bildirib ki, Saakaşvili videonu Gürcüstana getməzdən öncə çəkib və həbs olunacağı halda yayılmasını istəyib. Saakaşvili videoda müraciət edir və deputat Yelizaveta Yasko ilə birgə yaşamaq barədə qərar verdiklərini elan edir.
“Liza ilə birgə yeni həyata başladığımızı bildirmək istəyirik”, — deyə gürcü siyasətçi video-müraciətində bildirib.
Saakaşvili bundan öncə Niderland vətəndaşı Sandra Rudolfs ilə ailə qurmuşdu. Onların iki oğlu var.

Qeyd edək ki, Saakaşvili bu gün Tiflisdə saxlanılıb.
ABŞ Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin saxlanılmasından məlumatlıdır. Bu barədə Dövlət Departamentindən bildirilib.
Qeyd olunub ki, ABŞ vəziyyətin inkişafını yaxından izləməyə davam edir.
“Prezident Vladimir Zelenski Gürcüstanın keçmiş prezidenti və Ukrayna Milli İslahatlar Şurasının icraiyyə komitəsinin sədri Mixail Saakaşvilinin saxlanılması və Gürcüstanda səsləndirilən «bəyanatların tonu» ilə bağlı narahatdır”.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bunu Zelenskinin mətbuat katibi Sergey Nikiforov açıqlayıb.
“Ukraynanın Milli İslahatlar Şurasının icraiyyə komitəsinin sədri Mixail Saakaşvilinin həbsi ilə bağlı xəbərləri yaxından izləyirik. Prezident Vladimir Zelenski bu cür xəbərlərdən və Gürcüstanda vəziyyətin mümkün inkişafı ilə bağlı səsləndirilən bəyanatların tonundan narahatdır. Ukrayna vətəndaşı ilə bağlı bu addımın bütün səbəblərinin izahı üçün Gürcüstan tərəfinə müraciət edir. Ukraynanın Gürcüstandakı səfirliyi hələ də saxlanılma ilə bağlı rəsmi məlumat almayıb”, — deyə Nikiforov qeyd edib.
Gürcüstan Prezidenti Salome Zurabişvili isə Tbilisidə həbs edilən sabiq dövlət başçısı Mixeil Saakaşvilini əfv etməyəcəyini bəyan edib.
Prezident əvvəlcə Gürcüstanın hüquq-mühafizə orqanlarına yüksək səviyyədə əməliyyat keçirdiklərinə görə təşəkkür edib. Onun sözlərinə görə, bu əməliyyat ölkədə dövlət institularının dağılmadığını, əksinə daha mükəmməl işlədiklərini bir daha sübuta yetirib.
Salome Zurabişvili daha sonra deyib: “Bir ölkənin prezidentinin ictimaiyyət qarşısında həbs edilməsi ürəkaçan bir məsələ deyil. Amma qanun qarşısında hamı eynidir. Saakaşvili beynəlxalq tərəfdaşların tövsiyələrinə zidd olaraq sabitliyi pozmaq üçün Gürcüstana gəlib. Qanun qarşısında da cavab verməlidir”, – deyə, Salome Zurabişvili vurğulayıb.
Qeyd edək ki, bu gün Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili Tbilisidə saxlanılıb.
Gürcüstanın Baş Prokurorluğu sabiq prezidentlə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, Mixeil Saakaşvili üç məhkəmə instansiyası tərəfindən təqsirli bilinib və 6 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin qeyd olunur ki, M.Saakaşvilinin Gürcüstan sərhədini qanunsuz keçməsi faktı ilə bağlı araşdırmalar aparılır.