KORONAVİRUS PANDEMİYASI və KONSPİROLOGİYA EHTİRASLARI

Son illər transmilli və ya siyasi iqtisadiyyatın dünyanı bürümüş sui-qəsd planları haqqında fikirlər, konspiroloji ehtiraslar səngimək bilmir.

Tüğyan edən koronavirus pandemiyasını da dünyanı öz tabeçiliyinə keçirmək istəyən qüvvələrin bəşəriyyətə qarşı sui-qəsdi kimi dəyərləndirən konspiroloqlar fərz edirlər ki, pandemiya süni şəkildə düşünülmüş transmilli bir qəsd kompaniysıdır. Bu kompaniyanı təşkil edənlər sonradan peyvəndlər hesabına misli görünməmiş gəlirlər əldə edəcəklər. Dünya əhalisi çiplənəcək və insanlar total nəzarətə alınacaqlar. İqtisadiyyatı çökmüş dövlətlər hərracda olduğu kimi bir-bir satın alınacaqlar…

Peyda olmuş konspiroloji fərziyyələr nə dərəcədə doğrudur? Təbii ki, dünya ictimai rəyində cərəyan edən fikirlər əssassız deyildir…


İqtisadiyyat sahəsində Nobel Mükafatı Laureatı, Nyu York Universitetinin professoru və «The New York Times»da köşə yazarı Pol Kruqman yazılarından birində dünya siyasi iqtisadiyyatı ilə bağlı çox ciddi bir məsələyə toxunur. O, vurğulayır ki, dünya siyasi iqtisadiyyatında kiçik, yaxşı təşkil olunmuş qruplar geniş kütlənin maraqları üzərində daima dominantlıq edirlər. Bu fikirləri cəlbedici edən isə odur ki, onları konspiroloqlar deyil, dünyanın iqtisadi mənzərəsinə kamil bələd olan bir alim söyləyir.

COVID-19 təbii bir virus olmadığı, xüsusi olaraq yaradıldığı, bioloji silah olması ilə bağlı ehtimallar hələ də dolaşmaqda davam edir. Əgər dolaşan fikirlər doğrudursa, o zaman baş verənləri kim edir və nə üçün edir?

Pol Kruqman bir az daha dərinə gedərək yazır: «Amerikadakı sağçı radikallar kiçik bir qrup olaraq Ağ Evi, Konqresi və müəyyən dərəcədə ədliyyə sistemini və mediyanı nəzarətə götürməklə həm mövcud Amerika sistemini, həm də dünya nizamını dəyişdirməyə çalışırlar.» Çox ciddi iddialardır…

Dünya şaiyələrlə dolanır desək, səhv etmərik. Milliyarder və filantrop Bil Qeytsin müxtəlif vaxtlarda epidemiyalarla bağlı, onların yaxın illərdə qlobal problemlər yarada biləcəyi ilə bağlı, epidemiyalara qarşı qlobal peyvəndləmə və çipləmə tədbirlərinin keçirilməsinin vacibliyi ilə bağlı, dünya əhalisinin artımını nəzarətdə saxlamaqla bağlı söylədiyi fikirlər bəşəriyyətə qarşı “böyük sui-qəsd” planının mövcudluğu barədə şaiyələrə səbəb olmuşdur.

Deyirlər od olmasa, tüstü çıxmaz. Bil Qeytsin Ümümdünya Səhiyyə Təşkilatına (ÜST) himayəlik etməsi, hər il təşkilatın maliyyə xərclərinin 30%-ni qarşılaması, koronavirusa qarşı peyvəndin ixtira edilməsi ilə bağlı işlərə şəxsən rəhbərlik etməyə başlaması konspiroloji şaiyələrə daha da təkan verdi. Bil Qeytsin himayə etdiyi ÜST-nın Çində koronavirusun yayılması haqqında məlumatı hansı səbəbdən on beş gün açıqlamaması vəziyyəti bir az da gərginləşdirdi.

Dünya və Amerika iqtisadiyyatına və cəmiyyətinə vurulmuş ağlasığmaz maddi və mənəvi ziyanları əsas gətirərək Prezident Donald Tramp ÜST büdcəsinə hər il ABŞ tərəfindən ayrılan 500 milyon dollar üzvülük haqqını ödəməyə qadağa qoydu. Pandemiya karantini bitəndən sonra dövlət tərəfindən baş verənlərlə bağlı tədqiqat aparılacağını bəyan etdi.

27 Aprel 2020-ci il Prezident Tramp koronavirusla bağlı keçirdiyi gündəlik brifinqdə mətbuat nümayəndəsinin sualına cavab verərkən pandemiyadan doğan fövqəladə vəziyyətə görə həm ÜST, həm də Çinin səbəbkarlığını vurğuladı və vəziyyət düzələndən sonra tədqiqat aparacağını bir daha dilə gətirdi.

O biri tərəfdən Bil Qeytsin dilə gətirdiyi “peyvəndləmə və çipləmə” layihələri hələ də kəskin etiraz doğurmaqda davam edir. Baş prokuror William Barr bununla bağlı bəyan etdi ki, “bu hərəkətləri (B.Qeytsin fikirlərini nəzərdə tutur) insanların şəxsi azadlığına qarşı qərəzli hücumlar kimi dəyərləndirir, insanları izləməyə, xüsusilə də uzun müddət ərzində bunu etməyə yönəlmiş fikirləri narahatçılıqla müşahidə edir.”

ABŞ-da ölümcül virusların öyrənilməsinə 2014-cü ildə qadağa qoyulmuşdu. Dövlət bu qərarı elmi-tədqiqat laboratoriyalarında insan ölümlərinə səbəb olan hadisələrdən sonra qəbul etməli olmuşdu. Lakin 2015-ci ildə Şimali Korolinadakı elmi laboratoriyadan koronavirus araşdırmalarının müəmmalı şəkildə Çinin Uxandakı bioloji silah laboratoriyasına necə gedib çıxdığı hələ də sirr olaraq qalır.

Hər halda baş vermiş pandemiya müasir dünya tarixində görünməmiş dəhşətli bir hadisədir. Bu hadisə dünya iqtisadiyyatı ilə bağlı onun qan damarı olan neft sənayesini iflic vəziyyətə saldı. Dünya iqtisadiyyatı resessiya nəticəsində 1990-cı ilin səviyyəsinə düşdü. Tarixdə ilk dəfə olaraq 26 Aprel 2020 tarixdə neftin qiymətləri bir çəllək (barel) WTI markalı xam neft üçün minus 46 dollara, Brent markalı neft üçün isə 12 dollara düşdü.
Dünyada işsizlər ordusunun sayı 2020-ci ilin Mart-Aprel ayları ərzində 200 milyon nəfərə qədər artdı.

Коронавирус в России и мире: новости на утро 8 апреля - EAOMedia


Birləşmiş Ştatların çəkməli olacağı zərər təkcə pandemiya dövrü üçün nəzərdə tutulmuş 2.2 və yaxut 5 trilliyon dollar ilə sovuşmayacaqdır. ABŞ və dünya iqtisadiyyatını yenidən işə salmaq üçün gərək olacaq nəhəng xərclər hələ irəlidədir…

Amma koronavirus pandemiyası sonrası baş verəcək qlobal dəyişikliklərin cizgiləri artıq indidən görünməkdədir. ABŞ-dakı qeyri-hökumət təşkilatlarının pandemiyanın yayılmasında əsas müqəssir saydıqları Çin hökumətinə qarşı 22 trilliyon dollarlıq iddia ilə çıxış etmələri, Almaniya hökumətinin Çindən 460 milyard yevro həcmində təzminat tələb etməsi və başqa olaylar qarşıda nəhəng dövlətlərin böyük dünya savaşı olacağından xəbər verir. Bu savaş odlu silahlarsız baş verəcəkdir, lakin onun tüstüsü çəkiləndən sonra dünyada çox şeylər dəyişəcəkdir. Dünyanın özü dəyişəcəkdir. Azərbaycan da dəyişəcəkdir…

Hələliksə Birləşmiş Ştatlar növbəti seçkilər ərəfəsindədir. Pandemiya ucbatından bu seçkilər baş tutmayacağı təqdirdə, ölkə konstitusiyasına müvafiq olaraq Prezident Tramp öz səllahiyyətlərini Vise-Prezident Mayk Pensə təslim edib vəzifəsindən gedəcəkdir. Nümayəndələr Palatasının Sədri xanım Nensi Pilosi isə öz vəzifə səllahiyyətlərini parlamentin ən yaşlı üzvünə ötürürüb eyni addımı atmalı olacaqdır. Hərçənd, Prezident Tramp bu günkü brifinqdə söylədi ki, president seçkiləri təxirə salınmayacaqdır.

Dünyanı silkələyəcək böyük hadisələr dağlar arxasında deyildir. Koronavirus pandemiyası ilə bağlı çox hadisələr olacaqdır. Dünyanı sanki bir okean kimi etiraz dalğaları bürüyəcəkdir. Çox hakimiyyətlər çökəcək, çox başlar gedəcəkdir.

Bir şey olmayacaqdır. Nə Amerikada, nə də dünyada məcburi qlobal peyvəndləmə və çipləmə olmayacaqdır. Bunu demək üçün Şerlok Xolms və ya çox ciddi konspiroloq olmağa da ehtiyac yoxdur…

Qüdrət Qulu

27 Aprel, 2020-ci il. ABŞ

Bu xəbəri paylaşın: