AZƏRBAYCAN İRANLA SƏRHƏD SULARINDA HƏRBİ TƏLİMLƏRƏ BAŞLADI

Tehran isə əraziyə 4 mindən çox sürətli kater toplayıb

Bu gündən etibarən Azərbaycanın Hərbi Dəniz Qüvvələri Xəzərdə komanda-qəragah təlimlərinə başlayıb.

Qafqaz.media xəbər verir ki, Müdafiə Nazirliyinin dünən yaydığı məlumata əsasən hərbi gəmilərin və dəniz xüsusi təyinatlılarının iştirakı ilə keçiriləcək təlimdə Xəzər dənizinin ölkəmizə məxsus sektorunda enerji infrastrukturlarının mühafizə və müdafiəsi üzrə tapşırıqlar icra olunacaq. Komanda-qərargah təlimi oktyabrın 13-dək davam edəcək.

Azərbaycanın Hərbi-Dəniz Qüvvələrinin indiki təlimləri qonşu İranla artan gərginlik fonunda keçirilir. Bundan əvvəl isə sentyabrın əvvəllərində Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimlərinin epizodlarından  biri Xəzər dənizi akvatoriyasında keçirilmişdi.

Azərbaycanın Xəzərdə hərbi aktivliyi ilə bir vaxtda İran da dənizdə güc nümayişinə cəhd edir. Telegram-kanallarda yayılan videogörüntülərə əsasən İnqilab Keşikçiləri Korpusunun donanması Xəzərdə bir neçə min sürətli kater cəmləşdirib. İnqilab Keşikçiləri Korpusunun media resurslarından götürülmüş həmin videokadrlara əsasən katerlərin hamısı iriçaplı pulemyotla təchiz edilib. Onların sayının 4 mindən çox olduğu bildirilir. İran əvvəllər bu cür kiçik və sürətli katerlərdən Fars körfəzində və Hörmüz boğazında ABŞ donanmasının gəmilərini təqib etmək, sıxışdırmaq üçün istifadə edib.

İriçaplı pulemyotdan başqa heç bir silahı olmayan sürətli katerlər ilk baxışdan dənizdə ciddi qüvvə hesab edilə bilməz, lakin onlardan kütləvi şəkildə və qəfil istifadə etməklə müxtəlif diversiya əməliyyatları, o cümlədən neft-qaz platformalarına hücumlar həyata keçirmək mümkündür.

Bu xəbəri paylaşın: