Rəfsəncaninin kitabındakı ETİRAFLARI: İran və Ermənistan Şuşa və Zəngilanı necə İŞĞAL ETDİ?

Kamal Əliyev

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı 

Keçən dəfə yazmışdım ki, İranın keçmiş prezidenti (1989-1997) Əli Əkbər Haşimi Rəfsəncani 1992-ci ilin mayın 8-də Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən, parlamentin spikeri Yaqub Məmmədovu və Ermənistanın prezidenti olmuş Levon Ter Petrosyanı Tehrana dəvət edib, guya, iki dövlət arasında atəşkəs haqqında müqavilə imzaladı.

Əzizlər, mən burda ona görə “guya” deyirəm ki, elə həmin gün Tehranda imzalanan üçtərəfli müqavilənin mürəkkəbi qurumamış, Şuşa ermənilər tərəfindən işğal edildi. İndi prosesi yenidən rekaputilasiya etmək istəmirəm.

Gəlin, mən sizə İran prezidenti Rəfsəncaninin 1993-cü il oktyabrın 26-28 də Azərbaycana səfərindən danışım. Deməli, həmin tarixdə ağayi Rəfsəncani həzrətləri Bakıya böyük nümayəndə heyəti ilə təşrif buyurur. O, hətta oğlu Mehdi Rəfsəncanini də Bakıya gətirmişdi. Bundan əlavə İran nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Əli Əkbər Vilayəti və prezidentin xüsusi nümayəndəsi Mahmud Vaezi də daxil idi.

Əvvəlcə iki dövlətin nümayəndə heyətləri arasında görüş keçirilir, daha sonra Azərbaycanın mərhum prezidenti Heydər Əliyevlə Rəfsəncaninin təkbətək görüşü olur. Həmin tarixdə isə cəbhədə vəziyyət çox gərgin idi və Araz çayının Zəngilan ərazisindəki hissəsi ermənilərin artilleriya atəşi altında idi.

Qeyd edim ki, Haşimi Rəfsəncani yazdığı “Quruculuq mətanəti” (“Səlabət-e səzəndegi”) kitabında da bu hadisələrə toxunmuşdu.

Azərbaycan tərəfi hətta Rəfsəncaniyə başa salmağa çalışıb ki, xeyli insan canını qurtarmaq üçün Araz çayı üzərindən İrana daxil olub və əgər Zəngilan işğal olunsa İranın Parsabad şəhərinə qədər iki dövlət arasında sərhəd zolağı Ermənistanın nəzarətinə keçəcək.

Hətta 1980-ci ildə ermənilər tərəfindən nəşr olunan “Böyük Ermənistan” xəritəsini də Rəfsəncaniyə göstəriblər ki, vəziyyətin ciddiliyini qavrasın. Rəfsəncani isə kitabında “Böyük Ermənistan” xəritəsindən “guya” olaraq bəhs edir, yəni xəritəyə inanmır.

İranın xarici işlər naziri Vilayəti Heydər Əliyev və Rəfsəncaninin yanında Ermənistanın xarici işlər nazirinin müavininə zəng edir və məlumat alır. Daha sonra Rəfsəncani Petrosyanla da danışır.

Əziz azərbaycanlılar 1992-ci ilin mayın 8-də Şuşa işğal olunanda da Rəfsəncani Petrosyanla danışmışdı. Açıq deyim ki, mənim kitabımda “təsadüf” deyilən şey yoxdur. Gördüyünüz kimi, Rəfsəncaninin Petrosyanla iki telefon danışığında biz Şuşanı və Zəngilanı itirdik.

Azərbaycandakı İran diasporu və lobbisi bilsin ki, bunu Rəfsəncani öz kitabında yazıb.

Belə ki, oktyabrın 28-də Rəfsəncaninin Azərbaycana səfəri başa çatır və həmin gecə Zəngilan ermənilər tərəfindən işğal olunur.

Doğrudur, 90-cı illərdə Qarabağda ağır yaralanan 108 nəfər döyüşçü Tehranda, Təbrizdə və Rəştdə müalicə alıb. Hətta Rəfsəncani Bakıda səfərdə olarkən, mərhum Heydər Əliyevlə birlikdə yaralı əsgərlərin müalicə aldığı xəstəxananı da ziyarət edib. O vaxtki daxili işlər naziri Vaqif Novruzov Rəfsəncani və Əliyevi xəstəxanada qarşılayaraq yaralıların vəziyyəti haqqında prezidentlərə məlumat verib. Rəfsəncani kitabında onu da yazıb ki, biz yaralıların hər birinə 30 min rubl da verdik.

İndi məlum olur ki, Azərbaycan torpaqları işğal olunarkən, İran və Ermənistan arasında gizli tunel belə çəkilib. Şəxsən bu, mənim üçün adi haldır. İran öz narkotik ticarətini özünə qonşu olan dövlətlərlə elə yeraltı tunellərlə həyata keçirir. Yəni, burda təəccüblü və qeyri-adi heç nə yoxdur.

Gördüyünüz kimi, İranın həmişə Dağlıq Qarabağda atəşkəs etmək üçün müəyyən cəhdləri olub. Lakin rəsmi Tehran bizim üzümüzə gülə-gülə qapı arxasından Ermənistana kömək edib. O vaxt Türkiyə tarixində PKK ilə mübarizənin ən ağır fazası idi. Üstəlik, Türkiyədə ömrü ortalama 3-5 ay olan koalisiya hökumətləri bu dövləti də əldən salmışdı. Süleyman Dəmirəl də lazımınca dəstək göstərmirdi. Bu dəfə bəxtimiz onda gətirdi ki, Türkiyədə koalisiya hökuməti olmadı və cənab Ərdoğan sonuna qədər yanımızda oldu.

Biz Türkiyə prezidentinin  Azərbaycan hakimiyyətinə dəstək verdiyini deyə bilərik. Hörmətli Ərdoğanın 44 günlük müharibədə Azərbaycana birmənalı dəstəyi həm də İranın əl-qolunu bağladı.

Elə molla rejiminin də içini göynədən budur.

Mənbə: KAİM.az

Bu xəbəri paylaşın: