“Müharibədə bədənimin 20 faizi yandı, amma pensiya ala bilmirəm”

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçən qulluqçusu (MAXE) Məhərrəmov Məhərrəm Əfsər oğlu Vətən müharibəsinin ilk günü Füzuli istiqamətindəki döyüşlərdə ağır yaralanıb. Uzun müddət müalicə olunan qazi əmək qabiliyyətini itirsə də, hələ də ona əlillik təyinatı aparılmayıb. 

Bu şikayətlə “Qafqazinfo”ya müraciət edən qazi M. Məhərrəmovun sözlərinə görə, silahlı qüvvələrdə 7 il xidmət edib: “Sentyabrın 27-də Füzuli istiqamətində döyüşlərdə yaralanmışam. Düşmən mənim olduğum tankı vurub, nəticədə bədənimin 20 faizi yanıb, gözümdə, qollarımda, bədənimin digər hissələrində hələ də qəlpələr var, kəllə-beyin travması almışam. Hər iki əlimin 5-ci barmağı işləmir. Mərkəzi Klinikada və Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında əməliyyat olunmuşam, bədənimə dəri köçürülüb. Təxminən 6 ay əvvəl Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən xidmətə yararsız olmamla bağlı rəy verilib. Füzuli Mərkəzi Rayon Xəstəxanası tərəfindən Forma-88 əlillik altsisteminə daxil edilib. Lakin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən diaqnozumun əlillik təyinatı üçün uyğun olmadığı bildirilir”.

M. Məhərrəmov I, II və III dərəcəli yanıq xəsarətləri aldığını, ordudan tərxis olunduqdan sonra çətin şəraitdə yaşadığını deyir. 

Problemlə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu ünvanladıq. Qurumun mətbuat katibi Tural Qurbanov “Qafqazinfo”ya bildirdi ki, qazinin əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında, yəni vətəndaşın iştirakı olmadan 08.08.2021-ci il tarixində qiymətləndirilib: «Forma-88 üzərindən müəyyən edilib ki, vətəndaşın bədəninin bir neçə nahiyəsinin termiki yanığı diaqnozu əlillik təyinatına əsas vermir. Bununla yanaşı Məhərrəmov Məhərrəmdə hər iki əlin 5-ci barmağının çapıq mənşəli kontrakturası müəyyən edilsə də, əlin funksiyaları pozulmayıb. Bu da əlillik əlaməti təyin etmir. Bununla belə, qazi ötən ay əyani müayinəyə də cəlb edilib. Müayinə zamanı onun hazırkı vəziyyətinin əlilliyə əsas vermədiyi bir daha müəyyən edilib və 08.08.2021-ci il tarixli “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarı qüvvədə saxlanılıb”. 

T. Qurbanov əlavə edib ki, M.Məhərrəmov bu ilin may ayından “Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyatdadır: “Ailə 7 nəfərdən ibarətdir və məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət alırlar. M.Məhərrəmovun atası hərbidə mülki işdə, anası isə bağçada dayə işləyir. 1 azyaşlı övladı var. Vətəndaşın şəxsi təsərrüfatında xırda və iribuynuzlu heyvan olmadığı nəzərə alınaraq Dövlət Məşğulluq Agentliyinin 17 saylı ərazi məşğulluq filialı tərəfindən ona özünüməşğulluq proqramı təklif edilib. Amma vətəndaş bundan imtina edərək yalnız yaşadığı ərazi üzrə, səhhətinə uyğun “yüngül” işlə təmin olunmaq istədiyini bildirib. Agentlik tərəfindən tez bir zamanda onun istəyinə uyğun məşğulluğunun təmin olunması üçün tədbirlər görülüb və M.Məhərrəmovun öz razılığı ilə Füzuli rayon Kommunal Müəssisələr Kombinatında sosial işçi vəzifəsinə göndərişi verilib. Yaxın zamanda vətəndaş əmək fəaliyyətinə başlayacaq”.

Qeyd edək ki, MAXE M. Məhərrəmov Vətən müharibəsində göstərdiyi şücaətə görə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub. 

Gülnar Əliyeva

Bu xəbəri paylaşın:
  • 33
  •  
  •  
  • 2
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •