AZƏRBAYCANLI MAMEDİN AXİRƏT SƏRGÜZƏŞTLƏRİ

  • Bura Azərbaycandır silsiləsindən…

Azərbaycanlılar daim xoşbəxtlik arayırlar. Bunun üçün gah borc alır, gah kredit götürür, gah oğurluq eləyir ki, bu xoşbəxtlik deyilən şeylə heç olmasa bir anlıq təmasda olsunlar. Amma bunun əvəzinə, heç bir azərbaycanlı Vedant fəlsəfəsinin dediyini oxumaz ki, xoşbəxtliyi düşünməsən, arzulamasan bədbəxt də olmazsan. Amma Mamed hara, oxumaq hara, fəlsəfə hara?

Xoşbəxtliyi tapa bilməyəndə də yığar külfəti, satar boz dananı, cumar Rusiyanın bazarlarına. Ayaqda «valenka», başda bir urus papağı, piştaxtanın arxasında axtarışını davam etdirər. Qapısına kilid vurduğu evə gələn Xoşbəxtlik isə onun qapısını döyəndə aydın olar ki, bu evdə artıq heç kim yaşamır. Bədbəxtliyin əlindən bezərək başqa ölkəyə köçüb. Mamed isə digər Mamedlərlə 5-3 qəpik qazanan kimi daha «daha yekə pullarla xoşbəxt olmaq» xəyalları qurmağa başlayar. Bu dəm Mamedlərdən biri deyər ki, bəs bu şəhərdə bir kazino açılıb gedənlər yaxşıca pul qazanırlar. 5 Mamed bir-birinə qoşulub kazinoya gedirlər…

Oyunda əlləri yaxşı gətirir. Əməlli-başlı pul qazanırlar. Kazinodan çıxan kimi Mamedlərdən biri deyir ki, əlimizə yaxşıca pul gəlib. Bu yaxında bir restoran var. Bu uğurumuzu bir yaxşıca qeyd eləyək. Girirlər restorana. Gətir-götür. Beləcə tam xoşbəxt olub bayıra çıxırlar. Bu dəm bir başqa Mamed deyir ki, hər şey əladı, pulumuz da boldu. Gəlin gedib nataşaların da «payını» verək. Bu işimiz tam olsun.

Yolda qəzaya düşürlər və Mamedlər Nataşanın pişvazına yetə bilmirlər. Ölüm mələyi Mamedlərə deyir: «Görün haranı arzulayırdınız, haraya gəlib düşdünüz. Cəhənnəmdə yeriniz hazırdı. Amma üç seçiminiz var. Cəhənnəmin biri Azərbaycan cəhənnəmidi, biri MDB (SNQ) cəhənnəmidi, o biri isə Avropa Birliyi cəhhəmidi. «Vətənpərvərliyi» olanlar elə Azərbaycan cəhənnəmini istəyirlər. Amma arvadı erməni olan Mamed Avropa Birliyini seçir. Arvadı rus olan isə MDB cəhənnəmini seçir. Ölüm mələyi deyir ki, bir şərt də var: «Azərbaycan cəhənnəminə düşənlər bir kürək peyin, MDB cəhənnəminə düşənlər yarım kürək peyin, Avropa Birliyinə düşənlər isə hər gün bir qaşıq peyin yeməlidirlər». «Cəhənnəmə ki» deyib gedirlər.

Aylar ötür. Avropa Birliyinin cəhənnəminə düşən Mamed bir gün dostlarını xatırlayır. Bir kürək peyini yemələrini düşünüb onlara yazığı gəlir. Çox çalışıb onlara baş çəkmək üçün icazə alır. Gəlir ki, Azərbaycan cəhənnəmindəki Mamedlərin kefi əməlli-başlı kökdü. Soruşur ki, siz gündə 1 kürək peyin yeyə-yeyə kefiniz necə belə kök olur? Mən hər qaşığı yeyəndə özümdən gedirəm. Buradakı Mamedlərdən biri deyir ki, zalım oğlu, bura Azərbaycan cəhənnəmidir. Peyin olanda kürək olmur, kürək olanda da peyin olmur. Kimdi peyin yeyən?..

Mamed buradakı Mamedlərlə sağollaşıb MDB cəhənnəminə gedir. İçəri girir ki, burada da od-alov yoxdur. Soyuqdan donmağa başlayır. Peyin yadından çıxır. Bunların üstündə duran mələkdən soruşur ki, bizim cəhənnəmlərdə istidən yanırıq. İnsanların naləsi göylərə qalxır. Buradakılar isə soyuqdan donurlar. Bu necə cəhənnəmdi? Mələk deyir ki, bura bir Hacı dayı düşüb. Nə sirdisə, onun qorxusundan kimsə əyilib ocağın altını yandırmağa cürət eləmir…

Azərbaycanda neft qurtarar, Mamed qurtarmaz. Yurdda da bir Mamed qalmışdı. Neft pullarının şıdrığı axdığı məlum günlərdə, alveri «xod» gedən Mamed adlı bu azərbaycanlının sinəsinə Əzrayıl çökür.

Azərbaycanlı Mamed dil tökməyə başlayır: «İndi-indi işləri hasilə gətirmişəm. Mənə bir az möhlət ver, oğul-uşağı yan-yer eləyim».

Azərbaycanlı Mamed çox fəndlər işlədir və axır ki, Əzrayılı «rüşvətlə yoldan çıxarır». Arxayın düşüb, daha çox dünya malı toplamağa girişir. Ona haqq, buna haqq, ona «şapka», buna «kepka» verə-verə Əzrayılın bütün öldürdüklərinə rəhmət oxutdurur. Neft pullarının axını azalar-azalmaz, devolvasiya qasırğası azərbaycanlı taciri tamam çökdürür. İtə bir əppək, pişiyə də bir sosiska borclu qalır. Borcluların əlindən telefonunu da satıb borcuna vermiş və özünə qapanıb kimisə gözləyirdi…


…Kimi gözlədiyini düşünə-düşünə qaldığı günlərin birində qapısı döyüldü. Azərbaycanlı Mamed qapını açdı və sevinclə qışqırdı:


— Gəl çıx da, harada qalmısan? Al canımı, canım qurtarsın bu zillətdən, bu məmləkətdən…


Əzrayıl gülə-gülə deyir:


— Nə qədər verirsən, canını alım?..

… Beləcə Mamedlər xoşbəxt olmaq naminə bədbəxt olurlar. Amma anlamırlar ki, xoşbəxtlik fərdi məsələ deyil. Xoşbəxt olmaq üçün, öncə xoşbəxt ölkə qurmaq lazımdır …

X. Ədəboğlu


Bu xəbəri paylaşın: