«Qarabağ nəğmələrim!» adlı kitabın təqdimatı keçirildi

Şairə-publisist, AYB-nin və AJB-nin üzvü, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatçısı, “Vedibasar” qəzetinin redaktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ideoloji işlər üzrə müşaviri Nəsibə İsrafilqızı yeni kitabının təqdimatını keçirib.


Təqdimatda Azərbaycan Vətən Müharibəsi İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev və Birliyin üzvü olan qazilər iştirak ediblər.


15 kitab müəllifi olan Nəsibə İsrafilqızının «Qarabağ nəğmələrim!» adlı kitabı düşmən işğalı altında olan torpaqlarımızın azadlığı uğurunda igidliklə döyüşən, Vətənimizə azadlıq bəxş edən, bu yolda canından, qanından keçən Azərbaycan oğullarının qəhrəmanlığına həsr olunub.


Tədbirdə şairənin yazdığı şeirlərə bəstələnmiş mahnılar səsləndirilib.


Xatırladaq ki, vətənpərvər xanım Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin və Birinci Qarabağ döyüşcüsünün oğlu, İkinci Qarabağ savaşçısı baş leytenant İlkin Rzaquliyevə şeir həsr edib və sözü geden şeirə mahnı bəstələnib.


Təqdimatda çıxış edən AVMVİB sədri F. Rzaquliyev bildirdi ki, canımı və övladlarımı bu Vətənə fəda etməyə hər zaman hazır olmuşam. Çünki öncə Vətəndir. Atatürkün məşhur bir sözü var: «Oğulları analar yenidən doğa bilər, amma Vətən doğulmur». Şəhidlərimizin ruhu qarşısında baş əyirəm və bizlər onların əmanət etdiklərini, onları unutmamalıyıq.


Şairə İsrafilqızının vətənpərvərliyindən danışan F. Rzaquliyev Nəsibə xanımın daima əsgərlərimizin, qazilərimizin yanında olduğuna görə AVMVİB -nin fəxri üzvü seçildiyini və sədrin ideoloji işlər üzrə müşaviri təyin olunduğunu qeyd etdi. Bu yolda Nəsibə İsrafilqızı yorulmadan çalışır. İstər qəhrəmanlarımızın cəmiyyətdə tanıdılması, istərsə də bir vətəndaş kimi hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi üçün daim təqdirəlayiq bir şəkildə səy göstərir.

Tədbirdə şairə xanımın vətənpərvərlik mövzusunda yazdığı şeirlərə bəstələnmiş mahnılar ifa edildi. Xalq artisti Gülyanaq xanım, müğənni Mirələm Mirələmov, əməkdar artist Rəhilə Bəndəliyeva, Sevda Mustafayeva, Xalidə İsmayılova, İslam Ələsgərli, İsmayıl Hüseynov, İsmayıl Məmmədzadə, Ülkər Quliyeva tədbirdə iştirak edirdilər.


Şairə xanımın yeni kitabına tanınmış simalar rəylər yazıblar.

Ümumiyyətlə, Nəsibə İsrafilqızının «Qarabağ nəğmələrim!» kitabı 44 günlük Vətən müharibəsi günlərində yazılmış 44 nəğmədən və 44 rəydən ibarətdir.

Təbrik edirik!

Elnur Səlim

Bu xəbəri paylaşın: