SAVAŞ HEKAYƏTLƏRİ -1: Bu xəyal deyil, tam olmuş hadisələrdir…

TƏKRAR

Xaqani Ədəboğlu

Qarabağ uğrunda döyüşlərin iştirakçısı və Ağdərə rayon Milis Şöbəsinin əməkdaşı, ehtiyyatda olan mayor, AVMVİB sədrinin müavini və AVMVİB Polis veteranları şöbəsinin sədri Abbas Hüseynli milis işləyərkən onda qalmış bir sənədi mənə verdi. Adicə bir sənəd düşmənin necə məkrli bir düşmən olmasını sübut edir. O günləri xatırladım. Sizlər üçün də maraqlı olacağını düşünürəm…

Maraqlı bir dövrdə yaşayırıq. Öncə peşə sahəmizə məqsədli şəkildə doldurulan adamların ucbatından qələmi sındırdım və jurnalistikanın özbəöz peşəm olduğunu uzun illər dandım. Bu illərdə isə bəzi «mən müharibədə əlil olmuşam»-deyə, özünü reklam edəndən isə müharibədə əlil olduğumu gizlədim. Son günlər hər cür xəyanətkarlara maşalıq etmiş adamların «tank lüləsindən tutub yerə vurmaları barədə» danışdıqları nağılları dinləyincə bu «qəhrəmanların» harda vuruşduqlarını düşünə -düşünə qalmışdım. Amma bu sənəd və Ağdərə (Mardakert) məhkəməsinin bizlərə qiyabi şəkildə kəsdiyi məhkəmə qərarları əsasında sizlərə silsilə məqalələr təqdim edəcəyəm…

Dağlıq Qarabağda lokal müharibə çoxdan başlamışdı. Armud ağacına qədər ölən də öldürülənlər də yetərincəydi.

Toparlandıığmız gündən bu hakimiyyətdən bizə kömək olmayacağını anlamışdıq. «Dişə diş, başa baş»-deyə plan cızdıq. Ağdərə-Xankəndi hərbi yolunu 2 kiçik kənd istədiyi vaxt bağlaya bilirdi. Öldürülən və girov götürülən hər şəxs üçün girov götürüb dəyişirdik. Çünki erməninin tək anladığı dilin zor olduğunu yaxşı bilirdik. İçimizə yol tapa bilməyən düşmənin içinə yol tapmışdıq. İstənilən informasiyanı 12 saata əldə edə bilirdik. Bu dirənişi qırmaq üçün Bakıdan müstəntiqlər ezam edərək Azərbaycan SSR rəsmən azlıqda olan əhalidən erməniləri qoruyurdu və bu məqsədlə göndərilən müstəntiqlər özləri danışsalar yaxşı olar. Yalnız 1989-cu ildə bizə köməyə Bərdə RDİŞ əməkdaşları göndərilmişdi və onları rus komendantı, erməni milislərinin əlindən güclə xilas edib 1 gün sonra geri göndərə bilmişdik. Bir də 4 nəfərlik Oktyabr (Yasamal) milisləri 1990-cı ilin sentyabr ayından oktyabr ayının sonunadək bizimlə birgə oldular. İlk gündən bizimlə qarışıb qaynaşan qeyrətli milislərimizdən ikisinin adını bu gün də xatırlayıram. Şamaxılı Vaqif və Tovuzdan Xanoğlan adlı milislərimiz əsil qəhrəmanlar idilər və onları axtarıram. Digərlərinin adını nədənsə unutmuşam. Həmin ay içində 4 ədəd AKSU kiçik çaplı avtomat və bizdə olan silahlar hesabına ən quduz ermənilər yaşayan bölgəni tam nəzarət altında saxlamağa nail olmuşduq. Lakin ermənilərin şikyətiylə bundan sonra Xatınbəyli kəndinə bir daha əlavə qüvvə göndərilmədi.

20 oktyabr 1990-cı ildə Cənyataq kəndi yaxınlığında qum yüklü ZİL maşını avtomat silahlarla gülləbaran edilmiş sürücü Quliyev Ramiz Fərman oğlu ağır surətdə yaralanmışdır. Hadisə o zamanın ən məşhur xəbərlər proqramı olan «Время» xəbərlər proqramında verilmişdi. Fakta dair cinayət işi qaldırmaq əvəzinə, günlərlə süründürməçiliklə yazdıqları faktların, nə cinayət işinə, nə də rəsmi milisqanunvericiliyinə uyğunluğu var. Ona görə də cinayət işi ilə bağlı təqdimatı olduğu kimi sizlərə təqdim edirəm:

«Cinayət işi: 34105. maddə. 207 III h. Azərb. SSR. CM (16.XI 1990)



20 oktyabr 1990-cı ildə qaldırılmış 34105 saylı cinayət işində Ramiz Quliyevə qarşı xuliqanlıq (!!!) hərəkətləri Azərb. SSR CM 207-ci maddəsinin II hissəsinin əlamətləri olmaqla SSRİ İstintaq Qrupunun təqdim etdiyi materiallara uyğunlaşdırılmışdır.

Bu hadisəyə qədər 10 oktyabr 1990-cı ildə Mardakert rayonu Cənyataq kəndindən RDİŞ-nə ərizə ilə müraciət edilmişdi ki, 10 oktyabr 1990-cı il saat 15:30 radələrində OMON-çular bir qrup azərbaycanlı millətindən olan şəxslə birlikdə avtomat silahlarla silahlanmaqla Cənyataq kəndinə hücum etmiş və kəndi atəşə tutmuşlar.

Bundan başqa əvvəllər də bu kənd omonçuların hücumlarına məruz qalmış, 3 nəfər yaralanaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hadisəylə basğlı cinayət işi rayon prokrorluğundadır…

RDİŞ-nin azərbaycanlı əməkdaşlarına tapşırılsın ki, izahat və sorğu yoluyla bu faktın doğruluğu araşdırılsın ki, Ortapəyə kənd sakini Quliyev Ramiz Fərman oğlunun bədən xəsarətləri alması istintaq yolu ilə öz təsdiqini tapmayıb və ola bilər ki, OMON-çularla Cənyataq kəndinə hücum zamanı bədən xəsarətləri alınıb.

R. F. Quliyevin tibbi-ekspertizadan keçirilməsi barədə göndərişlə Ağdam rayonunda ekspertizadan keçirilməsi və ekspert rəyinin surətinin Mardakert RDİŞ-ə göndərilməsi təmin edilsin».

Həmin hadisələrin əsil məzmununu olduğu kimi və olayın təşkilatçısı olaraq sizlərə təqdim edirəm. Azərbaycan milisləri bizim kəndə gəldiyindən qonşu erməni kəndləri bərk narahat idilər. 9 oktyabr 1990-cı ildə axşam bizim inəyin Cənyataq erməniləri tərəfindən oğurlanması xəbəri gəldi. Mən universitetin jurnalistika fakültəsində oxusam da bir həftə idi ki, kənddəydim. Kəndin cavanlarını topladım. Hadisədən duyuq düşən Oktyabr milislərindən Vaqif və Xanoğlan da gəlib bildirdilər ki, o inəyin qatığından biz də yemişik. Birgə gedirik. Sabah 12-yə vədələşdik. Cənyatağın üzərinə gedib inəyi tapacaqdıq. Dəstə yığışar — yığışmaz bizim rayona yeni rəis müavini təyin olunmuş, 1990-cı ildə İrəvandan gəlmiş Mamedov soyadlı kürd olması bilinən və bizim dili bilməyən milis zabiti gəlib çıxdı. Yəqin hardansa xəbər tutmuşdu və dəstəni belə getməyə qoymayacağını bildirdi. Gərgin vəziyyət yarananda dedim ki, sən, bilmirəm kimsən, nəçisən, bizimkilər 1989-cu ilin dekabr ayında Ermənistanı tərk edib. Sən isə ermənicə danışan biri olaraq İrəvandan bir ay öncə bura hopanıbsan, bizim inəyi gətirib mənə verməyinə nə qədər vaxt istəyirsən? Bu dərələrin, bilirsənmi nə qədər uzunluğu var? Uşaqlar üstünə yeriyəndə, Mamedov meyit rəngi aldı və dili dolaşa-dolaşa: «Ara sizin dili öyrənəcəm. Mən də sizinlə gedirəm, onda». Vaqif dedi: «Düşürsən mənim önümə. Bircə səhv hərəkət, səni xərəkdə qaytarıb erməni dilli qohumlarına göndərəcəyik».

Dəstəni iki yerə böldük. Birinci dəstə Daşlı Cəvənin boynuna dolanan cığıra doğru, qardaşım Nizami, Şakir və onun yaşdaşlarının olduğu ikinci dəstə isə iki milisin iştirakıyla Popov istiqamətə yönəldik. Sığnaqda Baş Güneypəyədən ova çıxmış gənclərlə qarşılaşdıq və onlar da bizə qoşuldular. Cənyataq kəndinin qəbristanlığının üstündən kəndə doğru ətrafı bələdlədik və istiqamətləri müəyyən etdik. Bu istiqamətdən gəlişi ermənilər gözləmirdilər. Popovun dərəsindən xəbər verdilər ki, Rantik adlı çobanı heyvanları ilə birgə tutublar. İkinci dəstəni oradakı dərədən çıxmamağı tapşırdıq və kəndə doğru atəşlə yenməyə başladıq. Öncə qəbristanlıqdakı 4 nəfər kişi qaça-qaça qışqırıb hay saldılar ki, «KELBECER GAMA, KELBECER GAMA». Yəni Kəlbəcər gəlib. 500 evlik kənddə panika başlandı və əhali əllərinə keçəni götürüb qarşı kolluğa doğru qaçırdılar. 15 dəqiqəyə kənd boşalmışdı və bizim inəyin Slavik adlı erməninin evinin ardında boğazında kəndir qaça-qaça kəndə tərəf getdiyini gördük. Ermənilər inəyi açıb buraxmışdılar. Atəşi davam etdirə — etdirə ikinci dəstənin yanına getdik. Onlar çobanın əl-ayağını bağlayıb mövqe tutmuşdular. İnəyi buraxdıqlarına görə çobanın əl-ayağını açıb buraxdıq. Arxaya baxa-baxa qaçıb getdi.

Atılan güllələrdən bir ot tayası yanırdı və milis starşinası Xanoğlan, Mamedovdan soruşdu ki, neçə güllə atmısan? Sən demə, bircə güllə də atmayıbmış. Vaqif dedi ki, bu bizi satacaq. Çıx təpənin üstünə bütün mağazanı Cənyatağa tərəf boşalt. Mamedov mağazanı kəndə tərəf boşaltdı. Deyib gülə-gülə kəndə qayıtdıq. İnək bizdən qabaq gəlmişdi.

Bir gün sonra bu hadisəni ermənilər böyüdərək «Советский Карабах» qəzetində «Азербайджанские боевики в черных и белых» adlı məqalə dərc etdirmişdilər. Hadisələrdə bizim hücumu çox dəqiq surətdə hazırlanması və bir nəfərin öldürülməsi yazılmışdı. Amma həmin hücumda kimsənin ölmədiyini dəqiq bilirdim. Ona görə daim mənimlə əməkdaşlığa razılaşan Mişa (bizimkilər ona yerqazan kişi deyirdilər) ilə görüşdüm. 5 litr benzin verdim və öyrəndim ki, öldürülmüş kimi verilən kişi 66 yaşlı bir erməni hadisədən 3 gün öncə ölübmüş. Fakt düzəltmək üçün meyidə 2 güllə vurub şəklini çəkiblər. Lakin bu sənəddə isə 3 nəfərin yaralanması yazılıb.

Biz Dağlıq Qarabağın sakinləri düşmənlə mübarizədə, əhali azlığı çəkə-çəkə 4 il dayandıq. Amma bizlərə kömək əvəzinə daim Bakıdan ermənilərin xeyrinə basqılar gördük. Əhalisi və imkanları geniş olan rayonlar bizləri o günlərdə görməzdən gəldilər və biz o zaman deyirdik ki, biz çəkilsək sizlər üçün çətin olacaq. Bizə inanmadılar…

Bu cür 12 olmuş hekayəni çap etməyi planlaşdırmışam. Bu günlər çox «əfsanəvi» qəhrəmanlar çıxıb deyirlər ki, ermənilər bunların başlarına pul qoyubmuş. Ona görə bir döyüşçü kimi ermənilərdən çox «incimişəm». Onlara qarşı o boyda pisliklər etsəm də bizim başımıza pul kəsmədilər, amma Ağdərə azad edildiyi günlərdə bizim kəndin döyüşçüləri məhkəmə hökmlərini götürmüşdülər. Sən demə onların başına pul, bizlərə isə qiyabi hökmlər kəsiblərmiş. Ağdərəli vetreranlara o qərarların surətini göndərmələrini xahiş edirəm.

Bir də sonadək mənimlə əməkdaşlıq edən Mişadan (çoxdan ölmüş olar) üzr istəyirəm, ona Cənyataq kəndində «sovet sədri» vəzifəsini söz vermişdim. Vədimə əməl etmədim, etməyə imkan vermədilər…

Bu xəbəri paylaşın: