Stokholmda Azərbaycan-Ermənistan görüşünün baş tutmaması həmsədrləri təəssüfləndirib

ATƏT-in Minsk Qrupunun həmsədrləri «Stokholmda onların himayəsi altında Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında birgə görüşün keçirilməsinin mümkün olmamasından təəssüflənirlər».

Həmsədrlər Andrew Schofer (ABŞ), İqor Xovayev (Rusiya ) və Brice Roquefeuil (Fransa) bu gün yaydıqları bəyanatda «sentyabrda New-Yorkda və noyabrda Parisdə başlanmış müzakirələri davam etdirmək üçün şərait imkan verən kimi belə bir görüşü təşkil etməyə hazır olduqlarını» bildiriblər.

Həmsədrlər dekabrın 1-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla və dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Stokholmda ATƏT Nazirlər Şurasının iclası çərçivəsində görüşüblər.

Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbigniew Rau ilə də görüşüblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk iştirak edib.

Azərbaycan və Ermənistan XİN başçılarının Stokholm görüşünun baş tutmamasının səbəbi

Leyla Abdullayevanın sözlərinə görə, 2-3 dekabr tarixlərində Stokholm şəhərində ATƏT-in Nazirlər Şurasının 28-ci iclası keçirilib və Azərbaycan xarici işlər naziri bu iclasda iştirak edib.

«İclasdan öncə Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan nazirlərinin növbəti görüşünün Stokholmda keçirilməsi təklifi ilə çıxış etmişdi, — Abdullayeva qeyd edib.

«Lakin, 3 dekabr tarixində nəzərdə tutulan görüşdən bir neçə saat öncə Ermənistan tərəfinin təxribatı baş verdi. Belə ki, Ermənistan parlamentarlarının Azərbaycan Respublikası ərazilərinə qanunsuz səfər etməsi ilə bağlı məlumat yayıldı. Beləliklə də Azərbaycan tərəfi Ermənistanın bu təxribatına cavab olaraq, Stokholmda iki ölkə nazirinin görüşünün keçirilməsini məqsədəuyğun hesab etmədi.»

«Göründüyü kimi, iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən addımların atılmasına baxmayaraq, Ermənistan hərbi-siyasi təxribatlarını davam etdirir. Ermənistanın bu mövqeyi bölgədə sülh quruculuğu səylərinə xələl gətirir», — Azərbaycan XİN rəsmisi bildirib.

Bundan əvvəl Ermənistan mediasının yaydığı məlumata görə, Ermənistan XİN-in mətbuat katibi Vahan Unanyan bildirib ki, Stokholmda ATƏT-in Nazirlər Şurasının konfransı çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin dekabrın 3-ə təyin olunmuş görüşü baş tutmayıb.

O, görüşün baş tutmamasının səbəbini açıqlamayıb. Eyni zamanda, Unanyan deyib ki, «Ermənistan tərəfi ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı çərçivəsində görüşdən heç vaxt çəkinməyib».

Mənbə: BBC

Bu xəbəri paylaşın: