Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiye” ifadəsinin bir marka olaraq istifadə edilməsinə dair fərman imzalayıb.
Fərmanın mətnində deyilir:
“Türkiyə ifadəsi türk millətinin mədəniyyətini, sivilizasiyasını və dəyərlərini ən yaxşı şəkildə təmsil etməkdədir. Bu çərçivədə ixrac məhsullarımızda “Made in Turkey” deyil, “Made in Türkiye” ifadəsi işlədilməyə başlanacaq. Bundan sonra da hər sahədə dövlətimiz və millətimizin min illik təcrübəsini “Türkiye” brendi altında təmsil etmək məqsədəuyğundur.
Eyni zamanda, “Türkiye” markasının gücləndirilməsi istiqamətində aparılan işlər çərçivəsində hər cür fəaliyyət və yazışmalarda, xüsusilə digər dövlətlər, beynəlxalq qurumlar və təşkilatlarla rəsmi əlaqələrdə “Turkey”, “Turquie”, “Turkei” və s. ifadələr yerinə “Türkiye” ifadəsinin istifadəsində lazımi həssaslıq göstəriləcək”.

Məsələyə münasibət bildirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyya Rəhimov cənab Rəcəb Tayyib Ərdoğanın bu fərmanına münasibət bildirib.
Zəkəriyya Rəhimov bu fərmanı alqışladığını qeyd edərək, deyib ki, əslində bəlkə də illərlə yürüdülən daha bir yanlışı, məhz Ərdoğan aradan qaldırdı. Çünki Türkiyənin ixrac məhsullarında “Made in Turkey” ifadəsindəki «turkey» sözü ingiliscə, həm də «hinduşka», «turkeys” isə «hinduşkalar» anlamında işlədilir və çox güman ki, bunu zamanında məqsədli şəkildə ediblər. Əslində dövlətin adı Türkiyə və onun ixrac məhsullarında adı “Made in Türkiye” kimi əks olunmalıdı. Bu sözdə Latın əlifbasına yad olan heç bir hərf yoxdur.
Nurlan Məmmədli
