Xaqani Ədəboğlu
Yolumuz Qəza, sonu şəhadət…
Dinimiz istər, can ilə xidmət
Anamız Vətən, atamız Millət,
Vətəni məmur eylə, ya Rəbbi,
Milləti məsrur eylə, ya Rəbbi!
(Z. Göyalp «Əsgər duası«)
Mənim düşüncəmə görə, Türk millətinin yaradılış nədəni cahana hakimlik idi. Bu bir milli gen xatirəsidir və bu gün bu xatirəni öz içimizdə dəfn etməyə girişiblər. Bunu Semlər, Smitlər sapı bizdən olan biveclərin əli ilə etdirməkdədirlər.
Adını unutduğum bir avropalı komandanın yazdıqlarını xatırlayaq: «Türklər ölməyi bacarırlar, özü də bunu çox yaxşı bacarırlar. Ölməyi bacaran bir millətin məğlub edə bilməyəcəyimi biləcək qədər təcrübəyə sahibəm. Heçdən bir ordu qurmaq və bu orduları ölümə sürükləmək mümkündür. Bu fürsətlərdən çox istifadə etmişəm. Ancaq yaratdığım orduları qorxudan bir maneə var: Türklərin canlı xatirələri!
Üç-dörd yüz il əvvəl hər bir qüdrəti və hər bir milləti məğlub edən türklər indi də hər bir ordunun cəhdlərini öz silinməz xatirələri ilə qorxutmaqdadırlar. Bu qorxunu demək olar ki, hər ürəkdə hiss edirəm. Deməli, təkcə türkləri deyil, həm də onların tarixlərini məğlub etmək lazımdır. Bu vəziyyətdə mən, türklərin onlarla xalqı idarə etməsinin sirrini başa düşürəm. Millətləri bir dəfə məğlub edirlər, ancaq qələbələrini ruhlara və nəsillərə ötürə bilərlər…
Əgər bir milləti məhv etmək istəyirsinizsə, hərbi istilaya ehtiyac yoxdur. Onları tarixlərini unutdurmaq, dillərini təhrif etmək, dinlərindən soyutmaq və buna görə mənəvi dəyərlərini ləkələməyə məcbur etmək kifayət edəcəkdir»…
Bu gün bütün bunları bilən birisi kimi deyirəm ki, mənim qələbə günüm yoxdur. Stalinin ölümündən sonra bayram edilən bu Qələbədən düşən pay da mənlik deyil. O heç rusun da deyil. Ağaları iki faşizmi savaşdırdı, qeyriləri qurtuldu, biz elə faşizmin əsarətində qaldıq. Qalib gəlmiş ən qorxuncunun əsarətində illərlə inlədik. Millət olaraq sürgünlərə, sərvətimizi talanlara, insan olaraqsa, edamlara məruz qaldıq. Torpaqlarımızı pay-püşt edən bu faşizm son nöqtəni Şuşada və Xocalıda qoydu. Qan qoxulu o nöqtəni qoyan faşizminin qələbəsindən olan payımı bir veteran medalı kimi ucuzuna satıram. Alan varsa, gəlsin…
Mənim qələbə günüm yoxdur. Mən o hissi Xocalıda öldürülmüş körpələrin bəbəklərində dəfn etdim. Mən o hissi Şuşanın sındırılmış heykəllərinə sıxılmış mərmilərə sipər etdim. Mən bu hissi Kəlbəcərdə əsir kimi erməni quldurundan imdad diləyən anaların yalvarışları içində boğdum. Mən bu hissi Zəngilanda bulanıq Araz sularında suya verdim. Mən bu hissi Laçında, Qubadlıda, Cəbrayılda, Ağdərədə, Xocavənddə, Füzulidə quldurlar üçün tikilən evlərin bünövrəsinə kömdüm…
Mənim qələbə günüm olmadı heç. Bunu söyləmək asan deyil, amma söyləməyə məcburam. Bunu dedirtməyi düşmən bacarmadı. Amma içimizə aldığımız və özümüzün bildiyimiz kəslərin əliylə, ağzıyla və aldığı nəfəslə dedirtdilər. Mən öz qələbəmin olmasını istəyirəm. Mən Xankəndində, Şuşada Zəfər Bayraqlarının dalğalanmasını istəyirəm. Ey bu milləti Tarixin arxivinə mal etmək istəyənlər, bilin ki, Tanrı bu arzunu gözlərinizdə qoyacaq:
«SANA DAR GELMEYECEK MAKBARI KİMLER KAZSIN?
«GÖMELİM GEL SENİ TARİHE» DESEM DE SIĞMAZSIN!»
Və bir də ona görə ki, ruhumda öləziməkdə olan Qoca Tarixin xatirələri arasında mənim qələbə günümün olmamasıdır. O gün mənim haqqımdır. Onu bu xalq özü naminə, gələcəyi naminə, var olacağı üçün mütləq qazanmağa borcludur. Bu hər birimizin boynumuzun borcudur.
Babalardan bizə qalmış bu borcu bizlər qaytarmağa borcluyuq…

