Artsak (Arsak) toponiminin mənası haqqında yeni yozum

Artsak adının mənası haqqındakı mövcud yozumlar…


Ermənilərin Dağlıq Qarabağı dünya ictimaiyətinə tarixi Erməni torpağı kimi tanıtdırmaq cəhdlərindən biri də 2016 – cı ilin noyabrında referendum keçirərək, Dağlıq Qarabağ adını «Artsax» adı ilə əvəz etməsidir. Lakin «Artsax» adının nə qədim, nə də müasir Erməni dilində heç bir mənası yoxdur. Q. Qeybullayev bununla bağlı yazır: ,,Erməni tarixçilərinin özləri də bu adın ermənicə olmadığını yazırlar. Urartu çarı I Rusanıın bir mixi yazısında basqın etdiyi 23 ölkə içərisində Adaxuni (bu adın sonundakı ,,uni” urartu dilində ölkə adlarına əlavə olunan şəkilçidir) adlı ölkənin də adı çəkilir. Ehtimal olunur ki, həmin ölkə məhz Artsaxdır. ,,Ermənistan Sovet Ensiklopediyası”nda (I cild) deyilir ki, Urartu mənbələrində Artsax ,,Urdexi” və ,,Ardaxuni” kimi də qeyd olunur” (Qiyasəddin Qeybullayev. Qarabağ. (Etnik və siyasi tarixinə dair). Bakı – 1990, s. 210).


Azərbaycan alimlərinin Artsax adının mənası haqqındakı diqqətəlayiq yozumları isə aşağıdakılardır:


İqrar Əliyev: ,,Güman etməyə əsas vardır ki, Artsax İran mənşəlidir və ,,Dünyanın qərb hissəsi” deməkdir” (İqrar Əliyev. Dağlıq Qarabağ: Tarix. Faktlar. Hadisələr. Bakı – 1989, s. 16).


Q. Qeybullayev: ,,M. Seyidov bu toponimi doğru olaraq Artsax yox, Arsak kimi götürmüş və onun əvvəlində qədim türkcə ər ,,igid”, ,,döyüşçü” durduğunu, bütünlükdə ,,igid sak” mənasını verdiyini yazmışdır. Lakin bu mülahizə nə qədər ürəyəyatan olsa da, inandırıcı deyil. Ona görə ki, Ermənistanda və Azərbaycanın hər iki hissəsində yaşayan sakların nəyə görə yalnız bir hissəsinin sonradan Artsax adlanan ərazidə yaşayanları ,,ər”, ,,igid” adlandırılmışdır? Həm də ki, toponimdəki ,,t” səsini atmağa haqqımız yoxdur. Son araşdırmalar göstərir ki, ,,Artsak” adını izah edərkən Balasakan toponimi müqaisəyə cəlb edilməlidir. Balasakan həm Arazdan cənubda, həm şimalda düzən sahənin qədim adıdır. İlk dəfə ııı əsrə aid fars mənbəyindən məlum olan bu toponimin biz türkcə pala ,,düzən”, ,,səhra” və Sak etnonimindən ibarət olduğunu yazmışıq. Əgər bu fikir düzdürsə, onda ,,Artsak” toponimini də qədim türkcə art ,,dağlıq ərazi” sözündən və Sak etnonimindən ibarət olması qəbul edilə bilər və belə nəticəyə gəlmək olar ki, düzən və dağlıq ərazilərdə yaşayan saklar müvafiq olaraq Balasakan ,,düzən sakları” və Artsak ,,dağlıq ərazi sakları” adlanmışdır (Qiyasəddin Qeybullayev. Qədim türklər və Ermənistan. Bakı – 1992, s. 94 – 95).


Q. Qeybullayev sonda bu nəticəyə gəlmişdir: ,,Qədim ermənı mənbələrində Artsax kimi yazılan bu ad türkcə art — ,,dağlıq ərazi”, ,,yüksəklik” sözündən və ,,sak” etnonimindən ibarət olub, ,,Sak yüksəkliyi”, yaxud ,,sak dağlıq ərazisi” mənalarını verir” (Qiyasəddin Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı – 1994, s. 169).


Mirəli Seyidovun gəldiyi nəticə isə belədir: Arsax adı burada yaşamış Arsak türk sülaləsinin adı ilə bağlıdır. Ancaq o, həm də, qeyd edir ki, arsakilərin türk olması ehtimalını da sübut etmək lazımdır. Çünki Arsakın mənşəyi haqqında Antik müəlliflərin verdiyi məlumatlar olduqca ziddiyətlidir (Bax: Mirəli Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı – 1989, s. 36 — 47). Doğurdan da antik müəlliflərdən Pompey Troq yazır ki, parfiyalıları itaət altına alan Makedoniyalı İskəndər fars əyanlarından Andraqoru onların üzərində satrap təyin etdi. Sonrakı Parfiya çarları da onun nəslindəndir (Pompey Troq. Filippin tarixi. XII. 4, 12). Strabonun verdiyi məlumata görə isə, Arsak, Selevki Kallinikanın təqibindən Parf tayfalarından olan apasiakların ölkəsinə qaçmaqla xilas olmuşdu (Strabon. Coğrafiya. XI. 8, 8). Strabonun verdiyi bu məlumat əsasında isə Arsakın mənşəyi haqqında hansısa dəqiq nəticəyə gəlmək qətiyyən mümkün deyildir və onun Fars olması ehtimalı Türk olması ehtimalından daha güclüdür.


Rəşid Göyüşov: ,,III — IV əsrlərdən etibarən Qarabağın dağlıq hissəsi Arsax adlanır. Bir çox orta əsr erməni tarixçiləri Arsax adı altında ayrıca ölkə, və ya xüsusi hökmdarlıq nəzərdə tutmuşlar. Arsax sözünün etimologiyasına gəlincə, bir çox tədqiqatçılar onun … türk Ağhun tayfalarından birinin adı olduğunu iddia edirlər. Yeri gəlmişkən göstərməliyik ki, ilk orta əsrlərdə Arsaxın bir hissəsində türkdilli Ağhun adlanan tayfa yerləşmişdir” (Rəşid Göyüşov. Qarabağın keçmişinə səyahət. Bakı – 1993, s. 7).


Fəridə Məmmədova: ,,Mənbələrdə Arsax ,,möhkəmlənmiş vilayət”, ,,möhkəm ölkə” adı ilə tanınır (Bax: Fəridə Məmmədova. Azərbaycanın (Albaniyanın) siyasi tarixi və tarixi coğrafiyası. Bakı – 1993, s. 95).


Artsax toponiminin yaranması ilə bağlı olan etnos hansıdır:
Arsakilər sülaləsi, saklar, yoxsa massagetlər ?

Mövcud mülahizələrdən belə bir nəticə çıxır ki, Azərbaycanın alim və tədqiqatçılarının da əksəriyyətinin fikrincə, Artsax toponiminin əsasında Parfiya dövlətinin yaradıcısı Arsak (Arşak) sülaləsinin, və ya Sak tayfasının Qarabağda yaşamış hissəsi dayanır. Lakin problemin daha dərindən tədqiqi göstərir ki, yazılı mənbələrdəki məlumatların təhlilinə görə də, e. ə. III minillikdən etibarən bu ərazinin daimi sakinlərinin əsas hissəsi əvvəlcə Kuti – Uti, sonra Massaget (Ağ Hun), daha sonra isə Qıpçaq adı daşımış qədim türklər olmuşdur. Bəzi qədim müəlliflər onları Saksin (Sakabənzərlər) də adlandırmışdır. Massagetləri Arsak sülaləsi və ya saklarla eyniləşdirmək tarixi həqiqətə uyğun deyildir. Təsadüfi deyil ki, vaxtilə Herodot da, skiflərin həyat tərzinə oxşar həyat tərzi keçirdiklərinə görə, bəzilərinin massagetləri də, Skif (Sak) tayfası hesab etməsinə qarşı çıxmışdı (Herodot. Tarix. I kitab. 201). Üstəlik də, yazmışdı ki, skifləri Asiyadan qovan massagetlər olmuşdur (Bax: Tofiq Əzizbəyli. Skiflər, saklar, massagetlər, talışlar və azərilər. Avrasiya info. Saytı; Tofiq Əzizbəyli. Yeddicildlik ,,Azərbaycan tarixi”nin I cildində Saqarti tayfası haqqında İqrar Əliyevin yazdıqları və tarixi həqiqət. BAO. AZ saytı). Roma tarixçisi Dion Kassinin verdiyi məlumata görə, albanlar da, mənşəcə Massaget olmuşdur (Roma tarixi. 69, 15).

AZƏRBAYCAN ÖZÜNÜN SAK (SANQ) ADLANMIŞ TARİXİNƏ SAHİB DURMALIDIR ...


Beləliklə, Artsax toponiminin Arsak formasının da olması ehtimalı doğrudursa, onun meydana çıxmasının əsasında buranı işğal etmiş Arsakilər sülaləsi və ya saklar deyil, Qarabağda II Kirin başını kəsdikdən sonra onun dağlıq hissəsi olan Artsaxda gizlənmiş yerli əhali — massagetlər (utilər) dayanır.

II Kirin massagetlər tərəfindən öldürülməsi haqqında

Herodotun verdiyi məlumat.

Qədim yunan tarixçisi Herodotun bu hadisə ilə bağlı verdyyi məlumatlara (Herodot. Tarix. I kitab. 201 – 214) görə, II Kir Babili işğal etdikdən sonra massagetlərin də ölkəsini ələ keçirmək fikrinə düşür və məqsədinə asanlıqla nail olmaq üçün əvvəlcə belə bir hiyləyə əl atır: massagetlərin hökmdarı Tomrisi aldatmaq üçün ona onunla güya evlənmək istədiyi haqqında xəbər göndərir. Massagetlərin mərhum hökmdarının arvadı olmuş Tomris II Kirın gizli qara niyyətini anlayır və təklifini rədd edir. Onda hiylə ilə məqsədinə çata bilməyən II Kir massagetlərlə müharibə etmək üçün Arazın şimalına keçməkdən ötrü çayın üzərində körpülər düzəltməyi əmr edir. Tomris elçi göndərib, II Kiri müharibə etməməyə, qayıdıb öz ölkəsinə getməyə çağırır və deyir ki, razılaşmasa əziyyət çəkib körpülər düzəltdirməsin. Əgər bizim torpaqda vuruşmaq istəyirsə, Araz çayından 3 günlük məsafə qədər uzağa çəkilək, çayı rahatca keçsin və belə də olur. Ordusu ilə Arazın sol sahilinə keçən II Kir bir günlük məsafə qədər irəliləyir, sonra Krezin məsləhət etdiyi kimi, burada düşərgə salır. Bu düşərgədə ən zəif döyüşçüləri ilə çoxlu yemək və şərab qoyub, güclü döyüşçüləri ilə bir qədər geri çəkilib gizlənir və baş verənləri izləməyə başlayır. Massaget ordusunun üçdə bir hissəsi hücum edərək II Kirin döyüşçülərini qırır, sonra da onlara məxsus yeməkləri yeyib, şərabları da içərək sərxoş olub yatırlar. Hiyləsinin baş tutduğunu görən II Kir qoşunu ilə geri qayıdıb, yatmış Massaget döyüşçülərinin bir hissəsini öldürür, Tomrisin oğlu Sparqapis başda olmaqla digər hissəsini əsir tutur. Baş verənlərdən xəbər tutan Tomris II Kirə elçi göndərir ki, Sparqapisi azad etsin, Massaget döyüşçülərinin üçdə birini məhv etsə də, sakitcə, sağ – salamat çıxıb öz ölkəsinə getsin, yoxsa onu qanla doyurar. II Kir Tomrisin istəyinə əhəmiyyət vermir. Yuxudan ayılan Sparqapis isə, baş verənlərdə günahkar olduğunu anlayır, qollarının açılmasını xahiş edir və özünü öldürür. Oğlunun ölüm xəbərini eşidən Tomris II Kirin üzərinə hücüm edir. Baş vermiş döyüşdə II Kir məğlub olur və öldürülür. Tomris II Kirin meyidini tapdırıb, başını kəsdirərək qanla dolu tuluğa atdıraraq: ,,Səni qanla doyuraram demişdim, doyunca ic” – deyir (Bax: Herodot. Tarix. I kitab. Klio. 205 – 214).


Herodot sonda bu nəticəyə gəlmişdir: ,,Kirin ölümü haqqında çoxlu hekayətlər içərisində bu mənə daha gerçək göründü” (Herodot. Tarix. I kitab. 214).

AZƏRBAYCAN ÖZÜNÜN SAK (SANQ) ADLANMIŞ TARİXİNƏ SAHİB DURMALIDIR ...


II Kirin Qarabağda öldürülməsi ehtimalını daha da gücləndirən əlavə faktlar.

Artsax və ona bitişik və yaxın ərazilərdə Aran, Ağvan, Sisakan, Qarabağ, Qaradağ toponimlərinin, Araz və Kür hidronimlərinin də varlığı onların bu və ya digər dərəcədə, e. ə. 530 – cu ildə II Kirin massagetlər tərəfindən öldürülməsi hadisəsi ilə bağlı yarandığı ehtimalını da irəli sürməyə ciddi əsaslar verir. Məncə, bu toponimləri aşağıdakı kimi yozumlamaq tarixi həqiqətə daha çox uyğundur:


1. Aran — farslar üçün II Kirin başının kəsildiyi ,,Utanc, xəcalət, əskiklik yeri”; Əran- yerli əhali üçün II Kirə tabe olmayıb, onun başını kəsən ,,Ərlərin — igid massagetlərin (utilərin) yurdu” deməkdir. Bu toponimlərdə ,,Ar” — əskiklik, xəcalət, ,,Ər” – igid, ,,-an” – yer, məskən mənasındadır.
2. Sisakan etnotoponimi farslar üçün II Kirin başını kəsdiklərinə görə, qara niyyətli sakların — ,,Qara sakların məskəni” deməkdir. ,,Si” fars dilindəki siyah (qara) sözünün qısaldılmış formasıdır.
3. Ağvan. M. Kalankatuklu yazır: ,,Aran Araz çayından başlayaraq Hunan qalasına qədər uzanan Alban ölkəsinin düzənliklərini və dağlarını miras olaraq almışdır. Onlar öz ölkələrinə Ağvan (Alban) adını ona görə vermişlər ki, Aranın özünü, yumşaq xasiyyətinə görə, ,,ağu” (,,Mehriban”) deyə çağırırdılar” (Moisey Kalankatuklu. Albaniya tarixi. Bakı – 1993, S. 17).
M. Çamçyan isə, 1784 – 1786 – cı illərdə yazdığı ,,Erməni tarixi” adlı əsərində Ağvan adınının qədim erməni dilindəki mehriban mənasında olan ,,ağu” sözündən yarandığını və ,,Mehriban insanlar ölkəsi” mənasında olduğunu yazmışdır. Əslində isə, Ağvan (Aran) adının Ağuan formasındakı ağu sözü qədim erməni dilinə yox, Türk dilinə məxsus sözdür və Ağuan II Kir burada öldürüldüyünə görə, farslar üçün ,,Ağu (ağı), fəryad, ah – nalə yeri”, ,,Qara məskən” — ,,Qarabağ” deməkdir.

AZƏRBAYCAN ÖZÜNÜN SAK (SANQ) ADLANMIŞ TARİXİNƏ SAHİB DURMALIDIR ...

Artsax toponiminin yeni yozumu

Mövcud faktların təhlili göstərir ki, Artsaxın da daxil olduğu Urtexuni adı uca boylu, dağ gövdəli tayfanın — massagetlərin, Orxistena massagetlərin II Kirə tabe olmayıb onun başını kəsmiş azadlıqsevər hissəsinin məskəni deməkdir.


Artsax adının mənasına gəldikdə isə, onunla bağlı məlumatların təhlili göstərir ki, Artsaxı qonşu yerlərdən fərqləndirən tanınma nişanı onun bütün tarix boyu ən azından Kür və Araz çayları arasındakı düzən ərazinin əhalisi üçün müxtəlif səbəblər üzündən yaranmış ölüm və zülm təhlükəsindən xilas olmaq üçün qaçıb gizlənmək yeri olmasıdır. Artsax adını da məhz bu əsasda yozmaq mövcud yozumlar arasında tarixi həqiqətə ən çox uyğun gələnidir.


Beləliklə, Artsax toponimi yazılı mənbələrə III – IV əsrlərdə düşsə də, yaranması qədim dünyanın ən məşhur hadisələrindən biri — massagetlərin II Kiri öldürdükdən sonra gizləndikləri yer olması hadisəsi ilə bağlıdır.
F. e. d. M. Seyidovun fikrincə, Artsax adındakı ,,t” Qarabağda da yaşamış Xəzər – Savir (Suvar, Sabir) türk tayfalarının danışdığı ləhcəyə məxsusdur və v – vıı əsr erməni mənbələrinə də onların dilindən keçmişdir (Bax: Mirəli Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən. Bakı – 1989, s. 37).
Artsax qədim Türk dilinə məxsus mürəkkəb sözdür və yerli Kaspi və Subar (sonrakı Xəzər və Suvar) Türk tayfaları tərəfindən ,,gizlənmək yeri” mənasında verilmiş addır. Addakı ,,Art” – 1. Arka, geri; 2. Bir şeyin öbür yüzü (Bax: TÜRK DİL KURUMU. TDK. Gov. Tr.), yəni görünməyən, gizli mənasındadır. ,,Sax” isə, saxlanc (məskən) sözünün qısaldılmış formasıdır. Artsax farsların nəzərində II Kiri öldürmüş cinayətkar (ar – pis, xəcalətli, əskik) sakların (massagetlərin) gizləndiyi yer – məskəndir. Artsax həmin vaxt Qarabağın yer sakinləri olmuş türklərin — massagetlərin (sonrakı qıpçaqların), kaspilərin (sonrakı xəzərlərin) və kadussilər (əvvəlki Subar, sonrakı suvarların) nəzərində isə, igid massagetlərin gizləndiyi yer olmuşdur. Bu əsasda Qarabağı da ( qara – qaranlıq, gizli, bağ — yer) gizli yer, gizlənmək yeri kimi mənalandırmaq olar.


Artsax əhalisinin əksəriyyəti qədim dövrdə olduğu kimi, orta əsrlərdə də, dini inancından asılı olmayaraq 1828 – ci il Türkmənçay sülh müqaviləsinə qədər II Kirin başını kəsmiş Türk massagetlərin (əvvəlki Kuti, sonrakı qıpçaqların), subarların (sonrakı kadussilərin — suvarların), kaspilərin (sonrakı xəzərlərin) və digər Türk tayfaların sonrakı nəsilləri idi. Belə ki, 1822 – ci ildə Qarabağ xanlığı ləğv edildikdən sonra rus idarəsinin 1823 – cü ildə hazırladığı ,,Qarabağ əyalətinin təsviri …” adlı kitabdakı məlumatları təhlil edən professor S. Əliyarlı yazır ki, həmin vaxt əyalətdə yaşamış 18563 ailədən 1559 –u beş erməni məlikliyinin payına düşürdü. Həmin kitabdakı məlumatlara istinad edən erməni alimlərinə görə isə, əyalətdəki 20 mindən artıq ailədən 5107 – si erməni olmuşdur (Bax: Dağlıq Qarabağ münaqişəsi. Bakı – 2005, s. 20).

Yeni yozumun doğruluğünü təsdiqləyən faktlardan nümunələr.

1. ,,Bundan sonra o, (III Vaçaqan) istehkamları çox olan və hakimiyyəti altında olan Arsaxın əhalisinə əmr etdi ki, onlar bütlərə ibadətdən, onlara qurban verməkdən və bütpərəst mərasimindən əl çəksinlər” (Moisey Kalankatuklu. Albaniya tarixi. 1993, s. 51). III Vaçaqanın hakimiyyəti illərində (493 – 510) Albaniyada, o cümlədən onun tərkib hissəsi olan Artsaxda zorla xristianlaşdırma siyasəti həyata keçirilmiş, bütpərəstlər, atəşpərəstlər və digər etiqad sahibləri təqib olunmuşdur. (Azərbaycan tarixi. Bakı — 1994, s. 188). Xristianlıq dini rəsmi dövlət dini kimi Albaniyada Urnayr (313 – 371) tərəfindən 313 – cü ildə qəbul edilsə də, geniş yayılmamışdı. 451 – ci ildə Sasanilərlə olmuş Avarayr döyüşündə məğlubiyyətə uğrayan üsyançıların da bir hissəsi Arsaxın meşələrində və dağlarında gizlənmişdi (Bax: Azərbaycan tarixi. Bakı – 1994, s. 186 – 187).
2. ,,Xosrov şahın hakimiyyətinin otuz səkkizinci ilində … Cebu xaqan öz oğlu ilə gəldi. …xəbər Bərdə şəhərinə sahib olan və onu idarə edən bizim ağamız knyaza çatanda o, …şəhərin İç qalasına qorxudan sığınan qoşunlarla məsləhətləşmək istədi. Amma danışmaq üçün onun ağzını açmaq istəyən anda onu elə dəhşət bürüdü ki, dizləri bir – birinə dəyib elə əsdi ki, o, tək bir sözü də ağzından çıxara bilmədi. Orada yığılan camaat onu belə qorxuda görərək hay – küy qaldırıb çığırdı: ,,Bəs niyə sən bizi indiyəcən burada saxladın ? Bizim özümüzü arvad – uşaqlarımızla birlikdə bu qaniçən vəhşilərin əllərinə vermək üçünmü? Belə böyük və nizamsız camaatla bizdən cəmi mil uzaqlıqda olan amansız düşmənin əlindən necə çıxa bilərik?” Sonra da bir – birinə dedilər: ,,Biz niyə ləngiyirik? Nəyi gözləyirik? Bu şəhərdə özümüzə gor tapmalıyıq? Gəlin şeylərimizi, var – dövlətimizi atıb qaçaq. Bəlkə canımızı qurtara bildik !” Bunu deyib camaat şəhərin dörd qapısı tərəfə cumdu ki, şəhərdən çıxıb Arsax vilayətinin dağlarında gizlənsin.


Bunu bilən düşmənlər qaçanların ardınca yönəlib, bir qismini Uti vilayətində yerləşən, ana yurdum olan böyük Kalankatuk kəndi ilə üzbəüz yerləşən dağın ətəyində haqladılar. Lakin hava qaraldığı üçün onlar qaçanlara böyük zərər yetirə bilmədilər. Onlar əllərinə düşənlərin bir neçəsini öldürüb, başqalarını isə ev şeyləri ilə, dolu arabalar və heyvanlarla birlikdə öz düşərgələrinə apardılar. Allahın köməyi ilə onlar qaçanları təqib etmədilər və bunların hamısı vaxtilə Qırmızı dənizdən keçən yəhudilər kimi, gecənin qaranlığında xilas olub Arsax vilayətinin əlçatmaz dağlarında nicat tapdılar (Moisey Kalankatuklu. Albaniya tarixi. Bakı – 1993, s. 92 – 93). Bu hadisə 626 – cı ildə olmuşdur.

На изображении может находиться: 1 человек

Tofiq Əzizbəyli

Tarixçi, arxeoloq.

Bu xəbəri paylaşın: