Salah bəy Qarabağda, Şuşa şəhərində tanınmış zadəgan soyu olan sadıqbəyovlara bağlıdır. Bu soyun ulu babası Hacı bəydir. Hacı bəyin anadan olduğu yer hələ qaranlıqdır. Araşdırmalarımızın nəticələrinə görə kəngərli əsillidir. Qarabağın Sisiyan mahalının Dərəbas kəndində qohumları yaşayırdı. Bu kəndin böyük bir hissəsi Abbasqulu xan Kəngərliyə verilmişdi. Abbasqulu xan yaxın ətrafını bu kənddə cəmləmişdi.
Hacı bəyin Məhənnədsadıq bəy adlı oğlu vardı.
Məhəmmədsadıq bəy Hacı bəy oğlu 1788-ci ildə Şuşa şəhərində doğulmuşdu. Mədrəsə təhsili almışdı. İbrahimxəlil xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Xan onu oğlu Əhməd xana nökər (mühafizəçi) yollamışdı. Əhməd xan onu sonra Nəmər kəndinə darğa təyin etmişdi.
Məhəmmədsadıq bəyin zadəganlığını Fətəli şah və Abbas mirzə də təsdiqləmişdi. [ARDTA, f.10, siyahı 1, iş 77.]
Məhəmmədsadıq bəyin törəmələri Sadıqbəyov soyadını daşıyırdılar.
Məhənnədsadıq bəy Fatma xanımla ailə qurmuşdu. Həsənəli bəy, Abbas bəy, Rza bəy adlı oğlanları, Səkinə xanım, Balaxanım xanım adlı qızları vardı.
Həsənəli bəy Məhənnədsadıq bəy oğlu 1828-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Molla yanında İbtidai təhsil almışdı. Sonra mədrəsədə oxumuşdu. Şuşa qəza məktəbimdə rus dilini öyrənmişdi. Qəza idarəsində kargüzar kimi işə başlamışdı. Katib, kənd mirzəsi, pristav kimi çalışmışdı.
Həsənəli bəy Sadıqbəyov kollej qeydiyyatçısı mülki çinini daşıyırdı.
Həsənəli bəy Hüsnücahan xanım Hacı Əhməd bəy qızı Mamayeva ilə ailə qurmuşdu. Abbas bəy, Həmid bəy, Salah bəy, Zeynalabdin bəy adlı oğlanları vardı.
Həsənəli bəyin üçüncü oğlu Salah bəy 1881-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra Şuşa Real məktəbində oxumuşdu.
Salah bəy Sadıqbəyov teatr pərəstişkarı idi. Həvəskar aktyor kimi anabir qardaşı Əbdürrəhim bəy Haqverdiyevlə bir çox tamaşalarda çıxış etmişdi. 1901-ci ildə Bakıya gəlmiş Əbdürrəhim bəy Haqverdiyevin səyi ilə «Müsəlman dram artistləri dəstəsi» yaradıldı. Bu dəstəyə Cahangir Zeynalov, Murad Muradov, Salah bəy Sadıqbəyov, Əbülfət Vəli, Məhəmməd bəy Əlvəndi, Səməd Mənsur, Mehdi bəy Hacınski kimi ziyalılar daxil idilər. Getdikcə bu dəstənin tərkibi genişlənirdi. Nəcəf bəy Vəzirov da bu dəstə ilə əlaqə saxlayır, yeri gələndə tamaşalar da hazırlayırdı. (http://azteatr.musigi-dunya.az/file?id=143&dt=1149)
Salah bəy Sadıqbəyov haqqında qohumu Rizvanə Sadıqbəyova bildirir: «Həsənalı bəyin oğlu Saleh Şuşada bəylərdən biri ilə dalaşaraq onu öldürür. Buna görə Saleh
bəyi Sibirə sürgün edirlər. Qardaşı Abbas Salehi tək qoymamaq üçün Sibirə gedir. Abbas bəy Əbdürrəhim bəyin məsləhətilə çarın anasına ərizə ilə müraciət edir. Bundan sonra onların sürgün cəzası müharibədə iştirakla əvəzlənir. Saleh bəy cəbhədəki döyüşlərdə həlak olur.». (http://publika.az/news/qirmizi/119330.html)
Bizdə Salah bəy Sadıqbəyovun fotosu var. Həmin foto 4 avqust 1918-ci ildə çəkilib. Görünür Salah bəy I Dünya Müharibəsindən sağ qayıdıb. Qardaşı Zeynalabdin bəy də I Dünya Müharivbəsinə qatılmışdı. Ailə rəvayətlərində dolaşıqlıq ola bilər.

Ənvər Çingizoğlu
Jurnalist-etnoqraf
