Sizin 5 milyon funt-sterlinqiniz cəhənnəmə, day jurnalistləri niyə söyürsünüz?

Xaqani Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

Xəbər verildiyi kimi, bir neçə gündür media və sosial şəbəkələrdə deputat Cavanşir Feyziyev və ailəsinə məxsus London məhkəməsində müsadirə olunan 5 milyon funt-sterlinq müzakirə olunur. Maraqlıdır ki, Cavanşir Feyziyev məsələ ilə bağlı səhəri gün müsahibə verərək məlumatı təsdiqləsə də, bu gün yenidən geniş açıqlama yayıb. Milli Məclisin deputatı, Mətbuat Şurasının üzvü olan və ziyalı olduğunu elə bu yazıda iddia edən Cavanşir Feyziyev jurnalistlərin adını çəkərək təhqir edib. Özü də elə bir əda ilə müraciət edib ki, onun pulunu sakson-sion mafiyası deyil, başının milçəyini qoruya bilməyən Azərbaycan jurnalistikası edib.


Jurnalistika öz başının milçəyini qoruya bilmədiyinə görə «siqaretdən dərmanadək yolu olan» Cavanşir Feyziyev Mətbuat adına Şurada təmsil oluna bilib. Yəni ən azı buna görə də onu seçən jurnalistlərə onun dedikləri məqbul sayıla bilər. Hər nə olursa olsun, öz pulunu qoruya bilməyən adamın el arasına çıxması bir ayıbdır. Millətin dərisini soy, çap, tala və apar ver Avropadakı dələduzlara. Hələ gəl də çıxıb, iliş jurnalistlərə. Buna «ayıbına kor olmaq deyərlər».

Yadıma rayonların birində olmuş bir hadisədən yaranmış bir lətifə düşür. Zihaf gecəsi üzüqara çıxan qızın atasını çağırıb məsələni ona bildirirlər. Özü də deyirlər ki, al silahı öz namusunu təmizlə. Əgər təmizləmirsənsə, binamusluğu boynuna götürürsənsə, qızın başı qırxılacaq və tərsinə eşşəyin belinə oturdulacaq. Sən də eşşəyin başındakı kəndirdən yapışıb, onu kəndin içində o baş, bu başa gəzdirəcəksən. Kişi ikinci variantla razılaşır. Kəndin mərkəzi hesab olunan bir yerə yaxınlaşanda xeyli adamın toplaşdığını görən saçı qırxılmış qız dillənir: «Ata, eşşəyi dəhmərlə, buradan tez keçək. Bu qırılmışlar yaman sözbazdılar. Adımıza söz-söhbət, şəbədə qoşacaqlar»…


Vallah bizim deputatın jurnalistləri hədəfə alması, elə o «başıqırxılmışın» kəndin sakinlərini hədəfə almasına bənzəyir…


Bizim bir qazimiz var. Hələ 10 il öncə deyirdi ki, bu sakson-sion mafiyasını məhkəməyə verəcəyəm. Bizim bəzi oliqarxlar min bir zülümlə pul yığıb, it əzabıyla Avrpaya çıxarırlar. Onlar da bir hiylə qurub onların əlində olan-qalanı tutub əllərindən alırlar. «Evdə xoruz, çöldə toyuq»larımız yeni hirslə və hırsla cumub xalqın dərisini soymağa və itkilərinin yerini doldurmağa çalışırlar. Bu yolun yolçularından biri indi çıxıb jurnalistləri təhqir edir. Belə bazburutun var get əlindən pulunu alanların qarşısında «xoruzlan». Deputat-biznesmen deyir ki, sən demə, halalca pulunu Cahangirin kirli Beynəlxalq Bankıyla köçürməsi onun pulunu da «kirlədib». Efirə buraxdığı bu ağılsız dezinformasiyanı qəbul etməyən və inanmayan jurnalistikanı hədəfə alaq bu adamın normal ağıl sahibi olmadığının göstəricisidir. Yalanı yalan kimi danış, jurnalistlər sussunlar. Elə həmin o 5 milyonu ələ keçirən ingilislər bir vaxtlar deyirdilər ki, «ağıllı pullar axmaq adamların əlinə keçib». İraq bizimkilərdən. Amma birinin başına vurub saatını, o birilərin başına vurub «kəfən pulunu» əlindən alırlar. Alan bir tərəfdə qalır və bu «ağıllı» pulun sahibləri öz heyflrini jurnalistikadan almağa girişirlər.

ABŞ-ın istefa vermiş tək prezidenti R. Niksondan siyasətçilərə bir ismarıcı vəsiyyət kimi qaldı: «Ağıllı siyasətçilər heç zaman jurnalistlərə qarşı mübarizə aparmazlar!»


ABŞ tarixində ilk və hələlik son istefa vermiş prezident Riçard Nikson ömrünün sonunadək özünü günahsız sandığı olayı işıq üzünə jurnalistlər çıxarmışdı və xalqın dəstəyindən arxayın olan prezident bu «Uotergeyt qalmaqalının» unudulacağına ümüd etsə də, qələbə jurnalistlərin oldu.

“Uotergeyt“ qalmaqalının mətbuata çıxararaq Niksonun faciəsinin əsasını qoyan “Vaşinqton Post“ qəzetinin iki əməkdaşı Bernşteyn və Vudvord isə məsələ ilə bağlı məlumatı hansı mənbədən aldıqlarını heç vaxt söyləmədilər. Onlar məlumat aldıqları mənbəni “Dərin boğaz“ adlandırmışdılar.


Amma ABŞ xüsusi xidmət orqanları bu məsələni mətbuata kimin ötürə biləcəyi məsələsini uzun müddət diqqət mərkəzində saxladılar. Qalmaqalla bağlı baş verən hadisələrdən, yalnız 33 il sonra, 2005-ci ilin iyun ayında bu sirri mətbuata ötürən adamın adını müəyyən etmək mümkün oldu. Bu adam o dövrdə Amerika Federal Təhqiqat Bürosu rəhbərinin köməkçisi Mark Felt idi. O, “Vaniry Fair“ dərgisinə verdiyi müsahibəsində bu sirri özü ilə qəbrə aparmaq istəmədiyini və “Uotergeyt“ qalmaqalı barədə mətbuata məlumat sızdırdığını özü (Qəzet yox ha!) etiraf etdi. Mənbənin məxfiliyini jurnalistlər deyil, faktı sızdıranın özü bu sirri açdı.


Yalnız bundan sonra Bernşteyn və Vudvord da məlumatı, məhz Feltdən aldıqlarını təsdiqlədilər.


Bu hadisəni bir daha xatırlatmaqda məqsədim, jurnalistlərə (əsil jurnalistlərə) savaş elan edən şəxsin ağlının olmaması fikrini bir siyasətçinin diliylə anlatmaqdı.

Azərbaycanda jurnalist həmrəyliyi bərpa edilməlidir. Həm daxildən, həm də xaricdən edilən bütün həmlələrə birgə cavab verilməlidir. Görün nə gündəyik ki, «min bir oyunla» xaricə çıxardıqları öz pullarının girovuna çevrilənlər belə Azərbaycan jurnilistikasına siyahı üzrə söyür və «xox» gəlir. Hansısa ateistin Allahı danması, Allahın olmaması demək deyil. Bu gün hər kəs asanlıqla, haqqı oldu, olmadı jurnalistikanı hədəfə alır. Onu yoxdan sayır, satqın sayır, Amma qələmə və ən azı bu sənətə azca hörməti olanlar, var olmağa borcludurlar. Kimsənin oyununa gəlmədən, kiminsə yedəyinə düşmədən.


İnanıram ki, azca həmrəylik olsa, C. Feyziyev, nəinki yazdığı statusu silər, elə tanınmamaq üçün soyadını da dəyişər. Əli qələm tutan və özünü jurnalist sayan hər kəs bu mövzuda ən azı bir məqalə yazması yetərlidir…

Bu xəbəri paylaşın: