Görkəmli dövlət xadimi Əhməd bəy Ağaoğlu (1869-1939) 1887-ci ildə təhsil üçün Peterburqa yola düşməmişdən öncə anası ilə vidalaşmasını öz xatirələrində belə təsvir edir:
— Hamımızı aparacaq araba bizi şəhərin (Şuşanın) qala divarları xaricində Topxana adlanan yerdə gözləyəcəkdi…
Arabanın yanında hər kəslə vidalaşdım. Sıra anama gəlincə, o məni bir kənara çəkdi, çarşafını açdı, köynəyinin yaxasından iki məməsini çıxardı. Başımı onların arasına qoydu və göz yaşları içində dedi:
— «Oğlum, get. Allah köməyin olsun. Amma mənə bu andı iç, söylə ki, «Ana, bir xristian qızı ilə evlənsəm, bu məmələrindən əmdiyim süd mənə haram olsun!»
Kənardan hər kəs bizə baxırdı. Fəqət anam arxasını arabaya çevirdiyi üçün kimsə burada nə olduğunu bilmirdi. Mən o qədər mütəəssir olmuşdum ki, həm ağlayır, həm anamı qucaqlayır, həm də arabanı unudaraq məmələri üzərindəki başımı qaldırmadan dururdum.
Anam incə səsiylə “tərpən oğlum, bizi gözləyirlər” dedi və ardınca “and iç” söylədi.
— “And içirəm” — dedim.
— “Elə deyil, dediyim kimi and iç”.
Onun sözlərini eynilə təkrar etdim. O da son dəfə alnımdan öpdü.
Yaxasını və çarşafını bağladı, arabaya yaxınlaşdıq.
Eşq olsun sənə, ey Azərbaycan qadını və min rəhmət sənə, ey Böyük və dahi Əhməd bəy!