Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olması barədə danışarkən yalan danışır. Nazirin sözlərinə görə, Ukrayna liderinin özü təhlükəsizliklə bağlı danışıqlar imkanını əldən verib. Daha əvvəl Vladimir Zelenskinin ofisi Kiyevin Moskva ilə danışıqlara hazır olduğunu və bundan “qorxmadığını” bildirmişdi. Nazirin sözlərinə görə, Rusiya Ukrayna Silahlı Qüvvələri silahı yerə qoyan kimi danışıqlara hazırdır.
Lavrov «DXR» və «LXR» nümayəndələri ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib: “Zelenskinin özü təhlükəsizliklə bağlı danışıqlar aparmaq fürsətini əldən verdi, indi onu-bunu qınamağa ehtiyac yoxdur”.
XİN rəhbəri qeyd edib ki, Ukrayna prezidenti Normandiya formatında keçirilən görüşlərin qərarlarının icrası üzərində işləmək istəmədi və ölkənin bitərəf statusunu müzakirə etməyə hazır olduğu barədə yalan danışdı. Nazirin sözlərinə görə, Rusiya Ukraynanın hazırkı hökumətini demokratik hökumət kimi tanımaq imkanını görmür.
Rusiya Ukraynanın demilitarizasiyasını təmin edəcək. Rusiya Ukraynanın denazifikasiyasını təmin edəcək. Biz nasizmdən çox əziyyət çəkdik, Ukrayna xalqı da nasizmdən əziyyət çəkdi ki, bütün bunlara göz yumub, sadəcə baxmaq olmaz.
“Ukrayna ilə bağlı Budapeşt Memorandumunda öz xalqına qarşı soyqırım elan etmiş bir rejimi dəstəkləmək öhdəliyi yoxdur”- deyən Lavrov “Heç kim Ukraynanı işğal etməyəcək” — dedi.
O qeyd edib ki, Rusiya “Ukrayna Silahlı Qüvvələri silahı yerə qoyduğu hər an” danışıqlara hazırdır.
Bundan əvvəl Ukrayna prezidentinin ofisinin rəhbəri Mixail Podolyak Reuters və RBC-yə bildirib ki, Kiyev Moskva ilə danışıqlara hazırdır, lakin bunun müqabilində Ukrayna təhlükəsizlik zəmanəti almalıdır.
Əli Nəsib Zərdabi