Azərbaycan Respublikası Prezidentinin «2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında» Sərəncamına uyğun olaraq Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) də bəzi tədbirlər keçirməyi planlayır.
Ümumiyyətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Şuşa rayon İcra Hakimiyyətiylə daim sıx əlaqədə olması bir faktdır. Xüsusən AVMVİB-nin 30 il ərzində keçirdiyi Daşaltı əməliyyatının Anım günlərində Şuşa rayon İcra Hakimiyyətinin başçılığı altında Şuşa ictimaiyyəti daim bizim yanmızda olub.

Məsələyə münasibət bildirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirdi ki, uzun illər məzarı belə olmayan Daşaltı şəhidlərinə Şəhidlər Xiyabanında kiçik bir daş qoymağa icazə verməyən Hacıbala Abıtalıbov kimi birisinin vəzifədən azad olunmasından sonra yeni təyin olunmuş Bakı şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov müraciətimizə dərhal müsbət cavab verdi və bu abidənin gerçəkləşdirilməsi üçün işləri Şuşa rayon İcra Hakimiyyətinin Başçısı Bayram Səfərov şəxsən rəhbərlik etdi. Bu gün də Şuşa rayonunda döyüşçülərə və şəhid ailələrinə münasibət yüksək səviyyədədir. Ona görə də bu ideal münasibətləri yaradan şəxsləri AVMVİB Rəhbərliyi adından təltif etmək qərarı verdik.
Şuşa rayon İcra Hakimiyyətinin Başçısı Bayram Səfərov və Başçının müavini — İctimai — siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Fətəliyeva AVMVİB-nin təsis etdiyi Xatirə medalıyla təltif edildilər.
Görüş iştirakçılarına Şuşa ilə bağlı kitab və Xarıbülbül simvolu hədiyyə edildi.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, AVMVİB Şuşa rayon şöbəsinin sədri Hafiz Qəmbərov, AVMVİB Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev və şairə, AYB-nin və AJB-nin üzvü, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatçısı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin ideoloji işlər üzrə müşaviri Nəsibə İsrafilqızı iştirak edirdilər.
Təbrik edirik!
Elnur Səlim





