«ПОКУРИМ ПЛАН, ПОЕДЕМ НА БАМ…»

ELBARİZ Məmmədli

Rusiya tarixinin sənət korifeylərindən və həqiqət carçılarından olan Vladimir Vısotskinin bu ifasını yəqin ki, xatırlayanlar var. O sovet rejiminə qarşı xalqın üsyan səsiydi və 1980- ci ildə həqiqətinin qurbanına çevrildi. İrticaçı İmperiya onu məhv elədi. İndi həmin irticanın qurbanları Ukraynada məhv olurlar. Fevral ayının 24- dən Ukraynaya qarşı başlanmış ədalətsiz və işğalçı savaşda yerli əhali ilə yanaşı, Kreml xuntasının siyasi oyununun qurbanına çevrilən ruslar da kütləvi surətdə məhv edilirlər. Özü də pis adla- işğalçı və cinayətkar düşmən kimi.

Rus idarəçiliyinə və dövlətçiliyinə etibar edənlərin nəyə əsaslandığını dilə gətirməyəcəyəm. Doğrusu, əlimdə bu güvənci möhkəmləndirəcək bir əsas da yoxdur. Çünki, mövcudluğunu bu günümüzdən 4-5 əsr ayıran bir dövlətin qüdrətindən danışsaq, ən azı böyük İmperiyalar yaratmış Türk xalqının heysiyyatına toxunmuş olarıq. Hələ də feodal düşüncələri ilə yaşayan, özünə məxsus «parçala və hökm sür» qanlı şüarı ilə bütün insanlıq üçün bəlaya çevrilən bir şər dövləti heç vaxt hansısa millətin güvənc yeri ola bilməz. Qorxu və hədə yolu ilə dostluq istismardır. Zorun ədalət üzərində cinayətidir.

Ukraynada qanlı savaşlar gedir. Şərəfli bir xalq bütövlükdə səfərbər olunub, işğalçı rus neofaşizminə qarşı vuruşur. İşğalçı düşmən döyüş meydanında aldığı ağır zərbələrin əvəzini mülki və əliyalın əhalidən çıxır. Putlerçilər Hitlerçilərin atasına rəhmət oxudur. Yaşayış məntəqələrini, uşaq evlərini, xəstəxanaları qadağan olunmuş ağır aviabombalarla məhv edir. Özü faşist olduğu halda, şərəfli bir xalqı faşizmdə günahlandırır.

Yeri gəlmişkən, Kreml xuntası son 8-10 ildə Ukraynada guya mövcud olan faşizm hərəkətlərindən danışırdı. İndi müharibədən aldığı ağır və öldürücü zərbə ideoloji təbliğatın yönünü dəyişməyə başlayıb. Sən demə, Ukrayna ərazisində insanlıq üçün təhlükəyə çevrilən, dəhşətli bioloji silahlar üzərində işləyən labarotoriyalar mövcud imiş. Bunu Darvin nəzəriyyəsinin təsdiq obyekti olan Lavrov -Kələntəryan dilə gətirdi. Deyək ki, bu doğrudur. Sizə nə? Ukrayna müstəqil dövlətdir və sizin kimi allahsız yırtıcılardan qorunmaq üçün müdafiə sənayesini gücləndirmək haqqını da özündə saxlayır. Gəlib bu işləri Voronejdə və ya Rostovda görmür ki? Amma siz də, oxşarınız ABŞ və Fransa da hər yerdə hər işi görə, İrakı, Suriyanı, Liviyanı, Qarabağı, Gürcüstan və Ukraynanı viran qoya bilərsiniz, eləmi?

Anlamaq olmur, rus xalqı deyilən bir xalq mövcuddur, ya yox? Bu xalqın iki həftəlik müharibədə minlərlə övladı Ukraynada işğalçı kimi məhv edilib, adı bütün dünyada nifrət ünvanı kimi tanınıb. Rus cəmiyyəti (bəzi istisnalar nəzərə alınmazsa, ) susur. Hətta bəzi yerlərdə Kreml xuntasına həmrəylik nümayiş etdirən tədbirlər keçirilir. Xalq hələ də fərqinə varmır ki, övladlarını təlim və»sülhməramlı» adı altında ət maşınından keçirirlər. Vısotskinin dediyi kimi, beynini «duman»landırıb Ukraynada soyqırımı törətməyə göndərirlər. Əsir düşmüş rus əsgərinin dediyi kimi, hərəkət edən, müqavimət göstərən hər şeyi məhv etməyi tapşırırlar. İki günə Ukraynanı götürəcəkləri xülyasına kökləyirlər.

Artıq neçə gündür ki, işğal olunmuş Mariopolda yüz minlərlə əhali həyatdan təcrid edilib. Soyuq və ac-susuzluq da millətin müqavimətini qıra bilmir. İşğalçıların xalqı ələ almaq üçün etdiyi bütün təkliflər etirazla qarşılanır. Xeyli mülki vətəndaş güllələnsə də, xalqda zərrə qədər təslimçilik ruhu yoxdur. Çünki onlar vaxtilə bu dəhşəti yaşayıblar. Alman faşistləri Ukraynada insanları kütləvi şəkildə quyulara doldurub üstünü torpaqlamışdı və üç gün yer tərpənsə də kimsə ölümdən qurtula bilməmişdi. Deməli, bu millət ölümə hazırdı, amma məğlubiyyətə yox.

Ruslar Ukraynadakı ölümcül məğlubiyyətdən dərs almaq əvəzinə, indi də Qazaxıstanı hədələyirlər. Özü də kommunistlərin başçısı Züqanovun dili ilə. Guya, bunlar xalqın və onun dilinin qədrini biləndirlər. Təbii ki, məqsəd aydındır, — yeni tipli sovet İmperiyasını bərpa etmək, Karliki çar taxtında oturtmaq. Gözləri o qədər qızıb ki, bütün dünyadan təcrid olunduqlarının belə fərqinə varmırlar. Sabah döyüş xətti Rusiyanın içərilərinə keçəndə, artıq bu adlı dövlətin varlığı sual altında qalacaq. Çünki bütün Ukrayna işğal olunsa belə, Kreml xuntası davanı uduzub, daş qayaya rast gəlib. Şərəfli Ukrayna xalqı neofaşizmin kökünü qazıyacaq və dünyaya yeni düzən gətirəcək. Slava Ukraine!

Bu xəbəri paylaşın: