DÜZƏN DƏYİŞƏCƏK…

ELBARİZ Məmmədli

Rusiya-Ukrayna müharibəsi, daha dəqiq desək, Rusiyanın suveren Ukraynaya təcavüzü dünyada bir çox qaranlıqlara işıq salmış oldu. Ən əsası, Birləşmiş Millətlər Təşkilatının keytiyyətsiz bir quruma çevrildiyini və burda yeniləşməyə ehtiyac duyulduğunu göstərdi. Aydın oldu ki, planetimizdə baş verən ədalətsiz qanlı savaşların əsas memarları olan dövlətlərin BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyündə məskunlaşması, dünyada haqqın bərpasına heç bir halda yardımçı ola bilməz.

Yəni, Rusiya, ABŞ, Çin, Böyük Britaniya və Fransa öz siyasi maraqlarına görə, bu haqqı qazanmış dövlətlər deyillər. Onlardan birinə qarşı qəbul edilmiş qərara təkcə bu dövlətin veto qoyması, vəziyyəti çıxılmaz hala salır.

Məsələn, ABŞ-ın və Rusiyanın Yaxın Şərqdə, Fransanın Afrikada, Çinin Doğu Türküstanda, eləcə də rusların postsovet ölkələrində törətdiyi antibəşəri cinayətlər təkcə özlərinin veto qoyması ilə dalana atılmış olur. Halbuki belə məsələlər səs çoxluğu ilə həllini tapsaydı, tariximizin bir çox qanlı olaylarını yaşamazdıq.

Deməli, BMT yeni formatda qurulmaqla, ya özünü və insanlığı xilas etməli, ya da tamamilə tarixin arxivinə atılmalıdır.Hələ Qarabağ savaşının ilk illərində qəbul etdiyi 4 qətnamə ilə düşmən Ermənistanı geri çəkilməyə məcbur edə bilməyən bir təşkilat hansısa daha qlobal məsələləri həll etmək iqtidarında deyil.

Əgər bu, belə davam edəcəksə, o zaman növbəti müharibələr də qaçılmaz olacaqdır. Savaş həm də onu göstərdi ki, bir-birinə qarşı qısqanclıq və ehtiyat hissi ilə yanaşan, dünyanın böyük güc mərkəzləri sayılan dövlətlər istənilən halda, hansısa bir dövləti özlərinin hərbi-siyasi maraqlarının poliqonuna çevirə bilərlər. Burda da yeni silah növlərinin sınaqdan keçirilməsi imkanları qaçılmazdır.

Ukrayna xalqının yenilməz və dönməz mübarizəsi nə qədər əsaslı olsa da, son məqamda artıq yeni silah növləri hökmü öz əlinə almağa başlayıb. Amma burda başqa məqamlar da var. Məsələn, Yaxın Şərq və Qarabağ savaşlarına dünya indiki kimi toparlanmış şəkildə reaksiya göstərməyib. Bunun bir səbəbi dini ayrılığa bağlıdırsa, digər səbəbləri müsəlman dövlətlərin özündə axtarmaq lazım gəlir. Hələ də anlaşılmır ki, köhnə Şərq idarəçilik metodları ilə müasir dünyada söz və güc sahibi olmaq mümkünsüzdür. Bloklaşmaların əksinə olaraq, bir-birinə qarşı ziddiyyətli mövqe sərgiləyən müsəlman ölkələri tarixi irəli deyil geriyə çəkməyə kökləniblər.

Elə bu səbəbdəndir ki, 1969-cu ildə təsis edilmiş, 57 dövləti özündə birləşdirən İslam Konfransı Təşkilatı ( İƏT ) heç bir məsələni həll etmək iqtidarında deyil. Son Qarabağ savaşında bunun bir daha şahidi olduq. Özündənrazı Rusiya Ukraynada biabırçı vəziyyətə düşüb. Rus hərb maşını təkərləri partlamış halda Ukrayna torpaqlarında əzilib qalıb. İndi ruslar özlərinin ənənəvi xəyanətkar üsullarına əl atmaqla, vəziyyəti dəyişmək istəsələr də, artıq qürurlu Ukrayna xalqı düşünülən bütün fəndlərə qabaqlayıcı tədbirlərlə cavab verir. Rus informasiya şəbəkələri törədilən qətliamları ukraynalıların adına yazmaqla, özlərini təmizə çıxarmağa çalışır, amma ilk təpkini elə Rusiyanın özündən alırlar.

Ölkənin içində neofaşist düşüncəyə köklənmiş zümrənin belə, bu yalanı yeritməyə gücü çatmır. Çünki həmin variantlar tarix boyu o qədər işlənib ki, XXI əsrin davaları üçün yararlı deyil. Sovetlər bəzi Varşava Müqaviləsi ölkələrindən tutmuş, Bakı, Sumqayıt, Tbilisi, Vilnüs, Almatı, Kiyevə qədər bu fəndləri xüsusi kəşfiyyat orqanlarının əli ilə xaincəsinə dəfələrlə işlədiblər. İndi belə niyyətlər daxili auditoriyanın bir qismindən başqa, kimisə inandırmağa yetərli deyil. Ukrayna savaşı dünyada yeni bir düzənin formalaşmasına təkan verdi. Beynəlxalq qurumların fəaliyyətində ciddi və əməli redaktələrə əsas yaratdı. Rusiyanın irticaçı neofaşist siyasətini dalana dirədi.

Postsovet ölkələrinin gələcəyə hesablanmış ümidlərinə işıq yandırdı, xalqlara azad düşünmək imkanı yaratdı. Mühafizəkar və korrupsioner rejimlərin davamlılığını sual altına saldı. Ukraynalılar təkcə öz Vətənləri üçün deyil, hamı üçün döyüşməyi bacardılar.

Bu xəbəri paylaşın: