Suraxanı veteranlarından daha bir örnək

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsi Novruz bayramı münasibətiylə şəhidlərin məzarlarını ziyarət etmiş, müalicədən dönmüş şəhid anasına və müalicə alan qazimizə baş çəkmişlər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov məlumat verib.


Eldar Rüstəmov müharibə veteranlarının və xalqımızın bayramını təbrik edərək bildirdi ki, Suraxanı şöbəsi olaraq, öncə üzvlərimizlə birgə bayram süfrəsi arxasında fəal üzvlərimizi AVMVİB-nin təsis etdiyi Xatirə medalıyla təltif etdik, sonra şəhidlərimizin məzarlarını ziyarət etdik və onların əziz ruhlarına dualar oxuduq. Şəhid Milli Qəhrəmanımız Cavanşir Rəhimovun əməliyyat olunmuş anasına baş çəkdik. Elə həmin gün Sabunçu şəhər xəstəxanasında müalicə alan 44 günlük Vətən müharibəsində yaralanmış qazimizlə görüşdük və öz imkanlarımız daxilində köməklik göstərdik.


Xatırladaq ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsi daim belə tədbirlər keçirir və döyüşçülərin yalnız olmadığını və şəhidlərimizin unudulmadığını cəmiyyətə nümayiş etdirməyə çalışır.

Elnur Səlim

Bu xəbəri paylaşın: