Milli Qəhrəman Vəzir Orucovun Anım mərasimi keçrildi

Azərbaycanın Milli Qəhrəmanı Şəhid Vəzir Surxay oğlu Orucovun 22 mart tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin, QMƏVŞAİB, Əfqanistan Veteranlar Birliyinin, Qazilər Birliyinin və Tərtər rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə Anım mərasimi keçrildi.


Bu barədə məlumat verən AVMVİB Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev deyib:

«Orucov Vəzir Surxay oğlu 1956-cı ildə Tərtər rayon Xoruzlu kəndində anadan olub. 1992 — ci ildən Tərtər rayon özünü müdafiə taborunda komandir müavini vəzifəsində döyüş əməliyyatlarında iştirak etmişdir. Ağdərə rayonunun Levonarx kəndində, Sərsəng su anbarının azad edilməsində, Çıldıran, Qulobus uğrunda gedən döyüş əməliyyatlarına rəhbərlik edərək düşmənə sarsıdıcı zərbə vurmuş və «Arabo» erməni taborunu məhv edilməsində iştirak etmişdir. Sərsəng su anbarı uğrunda keçirilən döyüş əməliyyatlarında Ermənistan çoxlu sayda itkisinə görə 3 günlük matəm elan etmişdi.


Vəzir Orucov strateji mövqe olan Ağdərə rayonunun Qulobus uğrunda aparılan.döyşdə snayperdən açılan güllə nəticəsində baş nahiyəsindən ağır yaralanaraq 1993 — ci il 22 martda şəhid olub.

Allah bütün şəhidlərə rəhmət eləsin!


Orucov Vəzir Surxay oğlu 27 mart 1993-ci ildə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb».

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Tərtər

Bu xəbəri paylaşın: