«Moskva göz yaşlarına», Zelenski isə dünyaya inanmır…

Vahidov Qurban

Araşdırmaçı – analitik. İrəvan Türk Cumhuriyyəti Millət Şurası və Strateji Araştırmalar Komisiyasının üzvü

Zelenski: “…Mən dünyaya inanmıram. Ukraynada baş verənləri görəndən sonra biz  bəzi ölkələrə və bəzi ölkələrin liderlərinə inanmırıq. Biz sözlərə inanmırıq”.

Ukrayna prezidenti Vladimir Zelenski aprelin 17-də CNN telekanalında yayımlanan müsahibəsində dünya siyasətinə və beynəlxalq sənədlərə inanmadığını bildirib.

CNN aparıcısı Ceyk Tupper: “Siz Holokost zamanı əcdadlarınızı itirdiniz. Hər il Holokostu Anma Günündə siyasətçilər belə bir bəyanatlar verirlər: “Bir daha heç vaxt ” İndi bu ifadələr yəqin ki, sizə çox boş görünür. Bəşəriyyət “bir daha heç vaxt” dedikdə, faşizmin, işğalın bir daha təkrarlanmayacağını nəzərdə tutur?” deyə, Zelenskidən soruşub.

“Mən dünyaya inanmıram. Ukraynada baş verənləri görəndən sonra biz  bəzi ölkələrə və bəzi ölkələrin liderlərinə inanmırıq. Biz sözlərə inanmırıq. Rusiyanın eskalasiyasından sonra biz qonşularımıza inanmırıq. Biz artıq bütün bunlara inanmırıq”, — deyə Zelenski cavab verib.

Prezident qeyd edib ki, beynəlxalq müqavilələrə də inanmır.

“Bizim Budapeşt Memorandumumuz var – məncə, siz bütün detalları bilirsiniz. Mənim üçün heç bir dəyəri olmayan bir kağız parçasıdır. Biz praqmatik danışıqlar aparıla bilən məsələlərə inanırıq. Əgər siz bizim dostumuz və ya tərəfdaşımızsınızsa, bizə silah verin, kömək edin, dəstək olun, pul verin və Rusiyanı dayandırın, Rusiyaya zərbə vurun deyərək Sizə müraciət ediriksə və Siz bunu etmirsinizsə, Sizə necə etibar etmək olar. Türkiyə ilə bizim “Müttəfiqlik Haqqında” müqaviləmiz olardısa, onlar bizi darda qoymazdılar, hər cür dəstək verərdilər. İndi inandığımız tək şey özümüz, xalqımız, Silahlı Qüvvələrimizdir. İnanmaqq istərdik ki, ölkələr bizi təkcə sözdə deyil, həm də əməldə dəstəkləyəcək. “Bir daha  heç vaxt” hamı bu haqda danışır, amma hamı buna qadir deyil”.

Zelenskinin bu fikirlərini dəstəkləyərək onu söyləmək olar ki, həqiqətən ABŞ və Avropa Ukraynanı 1990-ci illərdən başlayaraq arxayın salmış, “Budapeşt Memorandumu”nu imzalamağa inandıra bilmişdilər. Bu Memorandum Ukraynanı nüvə silahından imtina etməyi və nüvə silahını ərazisindən çıxartmağı nəzərdə tuturdu. Memorandum Rusiyanın tələbi ilə imzalandı. ABŞ və İngiltərə gələcəkdə Rusiya tərəfindən Ukraynaya qarşı təhlükə olacağı təqdirdə “təhlükəsizlik qarantı” oldular.

Ukraynada baş verən son hadisələr onu deməyə əsas verir ki, Ukrayna prezidenti Qərbin və NATO-nun ölkəsinə yardım etməkdən imtina etməsindən sonra narazılıq ifadə etməsi, verilən təminatlara baxmayaraq, Ukraynanın Rusiyaya qarşı tək qaldığının söyləməsi Qərbin xəyanət etməsinin göstəricisidir.

Putin çox məharətlə dünya ölkələrini Ukraynada “neonasizmin” olduğunu, rusların “sıxışdırıldığını” və “soyqırıma” məruz qaldıqlarını, ABŞ-ın “bioloji labaratoriyalarının” mövcud olduğunu və bu labaratoriyaların rus qadınlarının “nəsil artırma” imkanlarını məhdudlaşdırmağa yönəldiyini qeyd edərək    aldatmağı bacardı.

Əgər Qərb üçün Ukraynanın təhlükəsizliyi önəmli idisə, doğrudan Ukraynanın Avropa İttifaqına və NATO-ya daxil olması prosesini sürətləndirərdi. Lakin, 2008-ci ildə Fransa (Sarkozi) və Almaniya (Merkel) Rusiya ilə gizli danışıqlardan sonra Ukraynanın NATO-ya üzvlüyünə veto qoyur. Ukraynaya böyük hərbi və maliyyə yardımı paketi ayrılır, ancaq Ukraynanın istədiyi hücum silahı deyil, müdafiə silahı verilir. Ukrayna şəhərlərin bombalanmasının qarşısını almaq üçün Hava Hücumundan Müdafiə silahları istəyir, ABŞ və Avropa arsenalında olan “Petriot”  vermək əvəzinə Türkiyədən “C-400” verilməsini istəyir. Aydın məsələdir ki, məqsəd Türkiyə ilə Rusiyanı üz-üzə gətirməkdir.

Rusiya siyasilərinin xarici ölkələrə səfərlərinə qadağa, diplomatlarının ölkələrdən qovulması, aktivlərin dondurulması da daxil olmaqla, Rusiya şirkətlərinə və fiziki şəxslərə qarşı ciddi sanksiyalar tətbiq edilir. Ancaq Rusiyanın enerji resurslarından asılılığı  azaltmaq üçün proqram hazırlanmır.

Proseslərin gediçi Ukrayna üçün yaxşı heç nə vəd vermir. Rusiya birinci raundda qalib gəldi — necə ki, SSRİ 1956-cı ildə Macarıstan qiyamını darmadağın edəndə və 1968-ci ildə Praqa baharını darmadağın etdiyi zaman.

Vladimir Putinin hərəkətləri hazırda 1938-ci ildə nasist Almaniyasının Çexoslovakiyanın Sudet vilayətinin  ilhaqı ilə başlayan hərbi işğalına bənzəyir.

O, öz süni Sudetini (Kiyev, Xarkov, Çerniqov, Jitomir, Xerson, Mariopol, Melitopol, Nikolayev və sairə) yaradaraq, Hitlerin orada etdiklərini Ukraynada edir. Misal kimi digər bir tarixi presedent, 2008-ci il Rusiya-Gürcüstan müharibəsini göstərmək olar. Kreml separatçı Cənubi Osetiya və Abxaziyanı “qorumaq bəhanəsi” ilə Gürcüstana qoşun yeritdi və rus tankları Tiflisə yaxın məsafəyədək gəldilər.

Ukraynanın şərqi Donbas və Luqanskda baş verənləri “soyqırım” adlandıran Vladimir Putin, baxmayaraq ki, bu iddiaları dəstəkləyəcək heç bir dəlil yoxdur və kollektiv Qərbə və  Birləşmiş Ştatlara cavab kimi də dəyərləndirmək olar.

Putin deyə bilər ki: Siz bunu İraqda etdiniz. Biz bunu Ukraynada edəcəyik. Siz serblərin Kosovoda etnik albanları öldürdüyü üçün Belqradı bombaladınız. Biz Ukraynanın bir hissəsini bombalayırıq, çünki ukraynalılar Donetsk və Luqanskdakı soydaşlarımızı qətlə yetirdilər.

İndi sual yaranır, bundan sonra nə olacaq? Putin üçün ən rasional gediş uduşunu cibinə qoyub masadan qalxmaq olardı. Qərb isə gücsüzlüyünü nümayiş etdirməklə, oz  sələflərini də  ötüb keçdi.

Bayden sanksiyaları Putini dayandıracaqmı?

Sanksiyaların nəticə verməməsinin səbəblərindən biri də odur ki, Vladimir Putin 2014-cü ildə, Rusiyanın ilk dəfə kütləvi Qərb məhdudiyyətləri ilə üzləşdiyi vaxtdan nəticə çıxarıb və ölkə iqtisadiyyatını bu zərbələrdən təcrid etməyə çalışıb ki, ona ağır zərbə vurmaq çətin olsun.

Rusiya hökuməti ölkə iqtisadiyyatının gələcək sanksiyalara tab gətirə bilməsi üçün büdcənin və maliyyənin restrukturizasiyasına illər sərf edib. Hökumətin səyləri neft və qazın yüksək bazar qiymətləri ilə dəstəkləndi. İşğala başlamazdan əvvəl Rusiyanın nisbətən aşağı xarici borcu var idi və 2014-cü ildən əvvəlki ilə müqayisədə xarici qurumların kreditlərindən daha az asılıdır. Ən əsası isə ölkənin valyuta ehtiyatları 631 milyard dollardır. Bu isə dünyada dördüncü ən böyük valyuta ehtiyatıdır.

Ağır iqtisadi tənəzzül Vladimir Putinin mövqeyini sarsıda bilər. Lakin çətin ki, ABŞ və onun Avropalı müttəfiqləri sanksiyaların ən sərt variantlarına qərar versinlər, çünki bu yolla öz ölkələrinin iqtisadiyyatına ciddi ziyan vuracaqlar.

Beləliklə, tarix bir daha göstərdi ki, Qərbi dəstəkləyən, onlarla oturub-duran, əl sıxan hakimiyyətlər sonda yıxılır.

Bizə Turan – Türk Dövlətləri Birliyi lazımdır, çünki geri dönüşü olmayan nöqtəni çoxdan keçmişik. Müstəqillik, Təhlükəsizlik və Rifah Naminə Birlik.

Bu xəbəri paylaşın: