Türkiyə hələ də Avropa İttifaqına daxil olmağı özünün strateji hədəfi hesab edir və Aİ-yə tam üzvlük üçün konkret addımlar gözləyir.
Bu barədə Türkiyə lideri Ankarada iftar mərasimində müxtəlif ölkələrin səfirləri qarşısında çıxış edərkən deyib.
“Ukrayna kontekstində baş verən son hadisələr Türkiyənin NATO-dakı əhəmiyyətini açıq şəkildə nümayiş etdirdi. Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır. Müharibənin qlobal miqyasda mənfi nəticələri Türkiyənin Aİ üçün, xüsusilə də bu sahədə strateji əhəmiyyətini göstərdi. Mən Aİ-nin tamhüquqlu üzvlük perspektivimiz əsasında konkret və mənalı addımlar atacağını gözləyirəm”.
Qeyd edək ki, 1964-cü ildən Avropa Birliyinin assosiativ üzvü olan Türkiyə 1987-ci ildə Aİ-yə üzv olmaq üçün müraciət edib. Onun Aİ-yə qəbulu ilə bağlı danışıqlar prosesi 2005-ci ildə başlayıb. Birliyə qoşulmaq üçün Türkiyə Avropa Komissiyası ilə 35 danışıqlar nöqtəsindən 33-ü üzrə danışıqları uğurla başa çatdırmalıdır (ikisi razılaşma tələb etmir). Bundan sonra Aİ ölkələri Türkiyənin Avropa Birliyinə üzvlüyünə yekdilliklə səs verməlidir.
2017-ci il iyulun 6-da Avropa Parlamenti Aİ ölkələrini və Avropa Komissiyasını Türkiyənin konstitusiyaya dəyişikliklər edənə qədər Türkiyənin üzvlüyü ilə bağlı danışıqları dayandırmağa çağıran qətnamə qəbul edib.
Mənbə: “Report”
