
ELBARİZ Məmmədli
Biz, 30 ilə yaxın həsrətini çəkdiyimiz yolla gedirdik. Duyğularımızı içimizdə ovuda- ovuda, kədərimizi uralanmış yurdların uçuq-sökük divarlarından asılmış ağrılara söykək edərək, gedirdik.
Bizdən əvvəl bu yolu indikindən fərqli olaraq, dərəli-təpəli, enişli -yoxuşlu aşırımlardan keçən Vətən oğulları getmişdilər. Düşmən istekamlarını ildırım sürətilə aşaraq üzü ruhumuzun paytaxtı Şuşaya yol almışdılar. Vətən bayrağını ucalığa sancmaq üçün həyatlarını ortaya qoymuşdular. Onlar bu gün bizim rahatlıqla hərəkət etdiyimiz hamar yolu canları bahasına işğalçı düşmənlərdən azad etmişdilər.
…Aprel ayının 15-də «Azərbaycan Dəmir Yolları» QSC-nin təşəbbüsü ilə xeyli sayda mətbuat və televiziya əməkdaşlarının Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil olunmuşdu. Əvvəla, onu deyim ki, hazırda Füzuli-Cəbrayıl-Zəngilan, Bərdə-Ağdam istiqamətlərində icra edilən böyük dəmir yolu layihələri haqda ictimaiyyətdə yetərincə bilgi yoxdur və bu baxımdan səfər çox önəmli idi. İşğaldan əvvəl bu istiqamətlərdə intensiv hərəkətə malik yollar mövcud olub. Amma erməni vandalizmin talançılığı səbəbindən həmin yolların izi belə itirilərək, torpağın üzündən silinmişdi. İndi tamamilə yeni (sıfır vəziyyətindən başlamaqla) yolların tikintisi aparılır və bu, sovetlərin inşa etdiyi dəmir yollarından həm keyfiyyət, həm də etibarlılıq baxımından çox üstündür. Yolların tikintisini Türkiyə və Azərbaycandan olan tikinti təşkilatları həyata keçirirlər.
Xatırladaq ki, dəmir yollarının tikintisinin operativ şəkildə aparılması ilk növbədə , işğaldan azad edilmiş ərazilərdə yerli infrastrukturun qurulmasına, məcburi köçkünlərin yaxın illərdə öz doğma yurd-yuvalarına qayıtmasına xidmət göstərmək məqsədi daşıyır. Eyni zamanda bu yolların beynəlxalq hərəkət xəttinə çevrilməsi ehtimalı da çox yüksəkdir. Dünyada və regionda baş verən hadisələrin bizim üçün müsbət sonluqla bitəcəyinə böyük ümidlər var. Ölkəmizin siyasi arenasında bir-birindən fərqli düşüncə istiqaməti olan adamlar məcburi köçkünlərin qayıdışı ilə bağlı müxtəlif fikirlər irəli sürürlər. Hərçənd ki, müəyyən faiz nisbəti nəzərə alınmazsa, bu təşəbbüs məcburi köçkünlərin özü tərəfindən hələlik ciddi müdafiə olunmur. Bir də ki, orta məktəb ayditoritasından ali məktəbə və vəzifələrə yol gələn istənilən siyasətçi və ya məmur infrastrukturun necə qurulması haqda yetərli bilgiyə malik deyil. Daşı daş üstə qalmayan torpaqlarımızda isə, fikirdən daha çox, əməli işə ehtiyac var.
Müşahidələrimiz zamanı qabarıq görünən o oldu ki, ayrı-ayrı yerlərdə tikinti işlərinin aparılması üçün qum, çınqıl ehtiyatı bazalarının yaradılmasına, beton və asfalt istehsalı istehsalı müəssisələrinin qurulmasına start verilib. Digər tikinti materiallarının dəmir yolu vasitəsilə daşınması planlaşdırılıb. Ola bilsin tikintilərin inşa sürəti zaman etibarı ilə ləng aparılır və ya hansı formadasa kecikmələr var. Hər halda bunun analizini vermək bizim işimiz deyil.
Hərəkət etdiyimiz yolun kənarları boyu ANAMA-nın mina işarəli lövhələri soysuz ermənilərin cinayət əməllərinin ağrılı nəticəsidir. Sovet vaxtı onsuz da kasıb həyat tərzi keçirən Cəbrayıl və Zəngilan rayonlarında insanların böyük əzab-əziyyət bahasına tikib ərsəyə gətirdiyi evlər o dərəcədə dağıdılıb ki, bunu insan əməlinin nəticəsi olduğuna heyrət edirsən. Xarabalıq halında üzü günə sıralanmış yurd yerlərində bir dənə də olsun iri gövdəli ağaca rast gəlinmir. Uçulan evlərin tavan və döşəmələrindən , qapı və pəncərələrindən sonuncu taxta parçasını da yağmalayıb aparmış düşmənlər tarix və Tanrı qarşısında ən böyük insanlıq suçu işləyiblər. Özü də bu yaraların üstündə təkcə ermənilərin deyil, onlara havadarlıq edən Rusiyanın, İranın və bir çox Qərb dövlətlərinin qanlı əl izi var. Bu gün həmin oyunlar eynilə dost ölkə olan Ukraynada oynanır. İşğalçı qoşunlar insanları soyqırımına məruz qoymaqla yanaşı, şəhər və kəndləri yer üzündən silir, evləri talamaqla məşğul olurlar. Amma indi hamılıqla Ukraynanın yanında olan dünya dövlətləri zamanında bizə o dəstəyi vermədi .Əksinə, Amerikadan, Fransadan, daha bir neçə erməni sevdalı dövlətdən tutmuş Rusiyaya qədər hamı üstümüzə gəldi. Bundan ruhlanan düşmən də yurdlarımızı indi gördüyümüz xarabalığa çevirdi. Son 44 günlük Vətən savaşında Azərbaycan dövlət və xalq birliyi, ordumuzun yenilməzliyi, qardaş Türkiyə başda olmaqla, Pakistan, İsrail, Ukrayna, Gürcüstan və.s dost ölkələrin haqlı mövqeyimizi müdafiə etməsi riyakar Qərbi ədalətsiz addımlardan çəkindirdi.
İndi Qarabağımızı və işğaldan azad edilmiş digər yurdlarımızı yenidən qururuq. Rəsmi məlumat olmasa da, ordu qüvvələrimizin Ağdərə istiqamətindən başlayaraq, uğurlu əməliyyatlar keçirdiyi deyilir. Onsuz da erməni tör-toküntüləri rus havadarları ilə birgə torpaqlarımızdan rədd olub gedəcəklər. Dünyada yeni düzənin bərqərar olması üçün böyük savaş başlayıb. Bu savaşın sonunda düşmənlərimizə sevinc bəxş edəcək ümidli nəsə yoxdu. İndi Zəngəzurdan dəmir yolu xəttinin çəkilişinə xaincəsinə təpki göstərənlər, sabah qarşımızda çökəcəklər. Zaman öz işini görür. Qarabağa növbəti səfərimizdə yəqin ki, daha böyük icra layihələrini şahidi olacağıq. Bu işgə gecikmək olmaz.
