
XAQANİ Ədəboğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri
Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç Meduza portalına müsahibəsində deyib ki, Vladimir Putinin Ramzan Kadırovla qoşunlarının döyüş hazırlığı ilə bağlı çox xoşagəlməz söhbəti olub. Bildirilir ki, söhbət Kiyev yaxınlığındakı işğalçı qoşunların tərkibində “Kadırovçular”ın məğlubiyyətindən sonra olub.
Bu deyilənlərə inansaq, məntiqi bir sual ortaya çıxır: Ramzan Kadırov kimdir?
Məlumat üçün bildirim ki, Rusiya Federasiyası 85 subyektdən ibarətdir, yəni bunlardan 46-sı vilayət, 22-si respublikalar, 9-u ərazilər (kray), 3- ü federal əhəmiyyətli şəhərlər, 4-ü muxtar rayon və 1-i muxtar vilayətdir. Yəni R. Kadırov, Rusiya Federasiyasına daxil olan 85 subyektdən birinin rəhbəridir. Yaxud da 22 respublikadan birinin kiçik prezidentidir. 21 respublika susqun dayanıb, amma Ramzan Kadırov öz «Tiktok ordusuyla» hücuma gedib. Üstəlik də uğursuzluğa görə Sergey Şoyqu və Valeri Gerasimov deyil, Ramzan Kadılrov danlanır? Buna ruslar «çujoy paxmel», yəhudilər «günah keçisi», uraynalılar «tiktok ordusu komandanı» və s. deyərlər. Çünki bu adam hərbçi deyil, komandan deyil, heç bir hərbi mükəlləfiyyəti yoxdur. Bəs V. Putin niyə bu adamı danlayır?..
…Yadıma çox sevdiyim bir lətifə düşür. Bir ac canavar meşədə yem tapmadığından qəsəbəyə dadanır. Bazar kənarında, birinin süd qabını aşırıb südü içir, sonra bir çörəkçinin çörəyini oğurlayıb yeyir, bir toyuq satanın toyuğunu, mollanın eşşəyini yeyir və bir gün də qəssabın ət dükanından da bir budu oğurlayıb yeyir.
Canavarın gəlişindən duyuq düşən kəndin itləri canavarı qovmağa başlayarlar.
Qovhaqov başlar…Elə ilk yorulub dayanan qəssabın iti olur. Çox yağlı yediyindən nəfəsi kəsilir və dayanır. Sonra südçünün, daha sonra isə çörəkçinin, mollanın və toyuq satanın iti qovhaqovdan vaz keçərlər. Ancaq canavar kənddən çıxıb yaxınlıqdakı meşəyə çatanadək dəmirçinin iti ondan əl çəkməz. Canavar qaça-qaça deyinər: «Bilirəm ki, südçünün südünü içmişəm, tamam. Çörəkçinin də çörəyini yemişəm, o da tamam. Mollanın eşşəyini də parçalamışam. Bu da məlum. Hələ qəssabı heç demirəm. Bütün bunlara baxmayaraq, onların itləri məndən əl çəkdilər. Bəs yaxşı, görəsən, mən bu dəmirçinin nəyini yemişəm ki, onun iti məndən əl çəkmir?»
Yəni Şoyqu məlum, Gerasimov bəlli, həbsə atılmış Osipov da məlum, bəs bu «tiktokerlərin divan strateqi» Kadırovun günahı nədir?
Məlumatda deyilir ki, Vladimir Putinin Ramzan Kadırovla qoşunlarının döyüş hazırlığı ilə bağlı çox xoşagəlməz söhbəti olub. Bu söhbət deyilənə görə, Kiyev yaxınlığındakı işğalçı qoşunların tərkibində “Kadırovtsılar”ın məğlubiyyətindən sonra olub.
“Onlardan ən azı 10 500 nəfər (“kadırovçular”) Kiyev yaxınlığında olub, xüsusilə Buçada, bu, mənim dəqiq gördüyüm rəqəmdir. Təxminən bir o qədər də Mariupol yaxınlığında idi. Onların nə qədəri ora Kiyev yaxınlığından gəlib və nə qədər olduğunu ayrı-ayrılıqda söyləmək çətindir. Ümumilikdə deyə bilərik ki, onların 25 minə yaxın idilər – təkcə Çeçenistandan deyil, ümumilikdə Qafqaz respublikalarından”, – deyə Arestoviç bildirib.
Plana görə, onlar Kiyevi ələ keçirməli idilər, lakin paytaxt ətrafındakı əməliyyat bölgələrində “kadırovçular”ın kolonları ən azı üç dəfə dağıdılıb. Arestoviç bildirib ki, ukraynalı topçular və pilotlar eyni anda 30-40 maşına atəş açıblar. Kadırovun qoşunları da Ukrayna Silahlı Qüvvələrinin xüsusi təyinatlıları ilə toqquşmadan sonra yerüstü pusqulara düşüb və ciddi itki veriblər.
Yəni bu söhbət Kiyev yaxınlığında işğalçıların məğlubiyyətindən sonra olub. “Onların əhval-ruhiyyəsi dərhal aşağı düşdü – bizim qoşunlarla döyüşə girmədən, sadəcə aviasiya və artilleriya zərbələrindən sonra. Əldə etdiyimiz məlumata görə, sonra Kadırovun Putinlə real döyüş qabiliyyəti barədə çox xoşagəlməz söhbət olub”, – deyə Aretsoviç davam edib.
Daha sonra “kadırovçular” Mariupola köçürülüb. Kadırov şəxsən ora general-leytenant rütbəsi aldığına görə, öz qoşununun qarşısında çıxış etmək üçün gəlib. Aretoviçin dediyinə görə, bundan sonra “kadırovçular” döyüşlərdə iştirakının sübutu kimi səhnələşdirilmiş videolar çəkməyə başlayıblar.
Xatırladaq ki, son videoların birində Kadırovun əsgərləri növbəti dəfə aşağı döyüş qabiliyyətini nümayiş etdirib. Döyüşçü minaatanı təkbaşına doldura bilməyib və ruslardan birinin bunu etməsini gözləyib.
İlkin məlumatlara görə, döyüşlərdə bu günədək 5 min “kadırovçu” öldürülüb. Bu savaşda Kadırovun ordusu, nəinki Ukraynada, hətta Rusiyada da “Tik-Tok döyüşçüləri” ayaması ilə məşhurlaşıblar. Yəni Ramzan Kadırov bir general leytenant rütbəsi və bir də «Tiktok ordusu» ayamasından qeyri heç nə əldə edə bilməyib.
Doğurdan da məsələ dəmirçi itinin qurddan əl çəkməməsinə bənzəyir…
