52 YAŞIN MÜBARƏK QARDAŞIM!

Bismillahir Rəhmanir Rəhim!

Nazənin bir ömrümüz bir göz yumub açmış kimi,

Gəldi keçdi duymadıq, bir quş qonub uçmuş kimi.

Şair Aşıq Paşa

Şair Aşıq Paşadan epiqrafa çıxardığım bu iki misra Hacı Həsənin 50 illik yubileyi şərəfinə hazırladığım «Əsrin Yarısı» kitabındandır. Onu sevənlərin əksəriyyəti bu kitabla tanışdırlar. O zaman da bu misralar mənə çox təsir etmişdi. Anladım ki, nədən ad günlərində qüssələnirəm. Başa düşdüm ki, keçən hər gün ömrümüzdən azalır. Xüsusilə ad günlərində insanlar ən çox bu haqda düşünürlər.

Ad günü hesabatdır. Hər bir insan yaşı tamam olanda və ömürdən daha bir il keçəndə dönüb geri baxır və bu il nə ilə yadda qaldı – deyə düşünür. Həyatımızda hansı nailiyyətlər, hansı geriləmələr var? Mən 2014-cü ildən üzü bəri 8 ildir ki, Hacı Həsənin ad günlərinin hamısını qeyd edirəm. Adətən bu illik hesabat xarakterli olur. Ona görə ki, əslində ictimai fəaliyyəti olan hər bir insanın qarşısına qoyduğu vəzifələri və onun üçün məsul olduğu müddəti vardır. Hacı Həsən yaradıcı bir insan olduğu üçün birinci növbədə yaradıcılıq planları vardır. Ruhani olaraq fəaliyyəti isə qismən onun iş planı kənarındadır. Çünki, bunlar adətən, cari və təsadüfi mərasimləri əhatə etdiyindən onları növbələşdirmək məcburiyyətindədir.

Mən Hacının 50 yaşı tamam olanda onun bütün fəaliyyətini əhatə edən «Əsrin yarısı» adlı bir kitab hazırladım və onun çapına nail oldum. O zaman pandemiya dövrünə düşdüyündən 2020-ci və 2021-ci il ərzində bu tədbiri və kitabın təqdimat mərasimini keçirmək mümkün olmadı. Biz – Hacı Həsəni sevənlər nəzərdə tutmuşduq ki, 2020-ci ildə onun özünə və fəaliyyətinə layiq bir tədbir keçirək. Bu məqsədlə yazıcı-publisist Tacir Səmiminin hazırladığı «Uğurlu adam» kitabı da işıq üzü gördü. Düşünürdük ki, dostlar və yaradıcı adamlar bir arada cəm olub hər iki tədbiri gec də olsa qeyd edək. Amma iş elə gətirdi ki, pandemiya məhdudiyyətləri bir qədər uzandı. Hazırda həmin qadağaların aradan qaldırılması barədə hökümətin sərəncamı olduğundan artıq yığışmaq və bu qəbildən olan çox dəyərli tədbirləri keçirmək mümkündü. Hər halda ayın 25-də böyük ehtimalla onun ad günü yüksək səviyyədə qeyd olunması mümkün olacaq.

Qaldı bu iki il ərzində onun özünün fəaliyyəti barədə: Hamı bilir ki, Hacı Həsən abır-həyalı, hətta, bir qədər də utancaq özünü gözə atmayan bir adamdır. Nailiyyətləri yaxud sərvət onu gicəlləndirməz. Çünki, hər nə edirsə Allaha xatir edir. Onun sərvəti Allahın razılığıdır və bütün fəaliyyəti ilə buna çalışır.

2020-ci ildən bəri pandemiya əl-qolumuzu bağlasa da Hacı Həsən qətiyyən sakit oturub pandemiyanın bitməsini gözləmədi. Əvvəla, 44 günlük Vətən Müharibəsində həlak olmuş şəhidlərimizin dəfn mərasimlərində təmənnasız böyük xidmət göstərdi. Qələbədən sonra isə onların xatirəsinin əbədiləşdirilməsi üçün böyük miqyasda dövrü mətbutda məqalələri işıqlandırıldı. Hacı Həsən əməkdaşı olduğu «Həkəri» qəzetinin hər nömrəsində öz vəsiti hesabına həmin tədbirlərin işıqlandırılmasını təmin edib. Şəhid anaları ilə bir çox dini-mənəvi söhbətlər aparıb.

Şəhidlərin və ümumiyyətlə Qarabağ Müharibəsi iştirakçılarının qəhrəmanlıqlarından bəhs edən sənədli materialları bir araya toplayıb. Onların yaxın zamanlarda xatirə-memuar xarakterli kitab halında çapı nəzərdə tutulub.

Bunlardan əlavə 2021-ci ilin ölkə prezidenti tərəfindən «Nizami ili» elan edilməsi və Aşıq Ələsgər yarısılığının ölkə səviyyəsində geniş qeyd olunması, respublika ərazisində tədbirlərin keçirilməsi ilə fərqləndi. Bu tədbirlər onsuz da klassik ədəbiyyata və aşıq yaradıcılığına meylli olan Hacı Həsənin ilhamının cuşa gəlməsinə səbəb oldu. Nizami Gəncəvi həyatından az məlum olan hadisələr və «Meracnamə» əsəri barədə çox tutarlı dəlilləri əhatə edən iki böyük məqalə «Həkəri» qəzetində işıq üzü gördü. «N.Gəncəvi yaradıcılığında Allahın vəsfi» və «N.Gəncəvi yaradıcılığında peyğəmbərin vəsfi və Meracı» məqalələrini Nizami Gəncəvi yaradıcılığına yeni baxış hesab etmək olar.

Bundan əlavə 2021-ci il 11 iyun tarixdə Şüvəlanda N.Gəncəvinin 880 yubileyinə həsr olunmuş böyük bir tədbir keçirildi ki, həmin tədbirdə geniş çıxışı ilə bahəm həm də 6 saatdan artıq davam edən məclisi idarə etdi. Aydındır ki, Nizami Gəncəvi kimi dahi filosof – şairin yaradıcılığından bəhs edən tədbiri idarə etmək kimi məsuliyyəti çiyninə götürmək böyük cəsarət və bilik tələb edir. Hər kəs onun bu xidmətindən olduqca məmnun qaldı və həmin tədbirin iştirakçıları N.Gəncəvi yaradıcılığı barədə bir çox yeni –onlara məlum olmayan faktlarla tanış oldu.

Bir qədər sonra iyul ayının 25-də Dədə Ələsgərə həsr olunmuş «Göyçənin sazı-sözü Şüvəlanda» adlı məclisi də Hacı Həsən idarə etdi. Olduqca maraqlı keçən tədbirdə qardaşı qızı, «Aşıq Pəri Məclisi»nin üzvü,gənc və istedadlı aşıq Xavər xanım Zəngilanlı Aşıq Ələsgərin qoşmalarını saz havaları üstündə ifa etdi. Bu tədbirdə bir çox tanınmış şəxslər iştiak edirdi: Axund Hacı Soltan, Abbas həkim, «Şahənşah» restoranının rəhbəri Rəşid müəllim, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgər və s.

İlin ikinci yarısında Aşıq Ələsgər yaradıcılığından bəhs edən çox səviyyəli bir məqalələr toplusu hazırladı. Oraya Aşıq Ələsgərin ən nadir, qiymətli, çox az işlənmiş sənət incilərinin təhlil edilmiş məqalələrini yığdı. Kitaba ənənvi sənət partnyoru Vərağa Almaslının bir məqaləsi də daxil edilmişdir. 14 məsumun eşqinə 14 məqalə isə sırf hacı Həsən qələminin məhsuludur. Kitabın elmi-dini və bədii tutumu son dərəcə yüksəkdir. Şəxsən mən o məqalələrin yığılmasında iştirak etdiyim üçün onun səviyyəsindən xəbərdaram və bu kitabı da sanballı tədqiqat məcmuəsi adlandırardım. Oxucuların və aşıq ədəbiyyatı sevənlərin böyük sevincinə səbəb olacağına əminəm. Kitabın əhəmiyyəti bununla da bitməyib, əlavə etmək istəyirəm ki, bu Hacı Həsənin bir tədqiqatçı kimi püxtələşməsinin bariz nümunəsidir. Kitaba daxil olan hər məqalədə, hər məqalənin hər sətrində onun qəlbinin ritmini hiss edəcəksiniz. «Əhli-beyt(ə) aşiqi Dədə Ələsgər» adlı bu kitab çap olunmaq üzrədir.

Qeyd etdim ki, Hacı Həsən püxtələşmiş tədqiqatçı və publisistdir. Uzun illər yaradıcılıq axtarışları, ruhani fəaliyyəti ona böyük təcrübə qazandırıb. Bu ilin — yəni 2022-ci ilin mart ayının 18-də Novruz bayramı günlərində «Novruz bayramı»adlı kitabı çapdan çıxdı və həmin kitabın təqdimat mərasimi 25 martda «AVMVİB» İB-nin Səbail rayon qərargahında olduqca xudmani, çox gözəl bir ortamda keçirildi. AVMVİB in Zəngilan şöbəsinin sədri, Prezident mükafatçısı Azad Musayev təşkilatçılıq məsuliyyətini öz üzərinə götürdü və tədbir iştirakçıların olduqca böyük sevincinə səbəb oldu. Azad Musayev bu tədbirdə 5 nəfəri fərxi fərmanla mükafatlandırdı. Kitabın yığılması, maraqlı məqaləyə görə mən–Dilbər Ağayeva, kitabın nəşrində xüsusi xidmətinə və ön söz müəllifi kimi AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, «İrs» Komissiyasının sədri Sona xanım Xəyal, kitabın müəllifi Hacı Həsən Hüseyni və «Həkəri» qəzetinin baş redaktoru Rauf İlyasoğlu təltif olundu. Təqdimata görə Hacı Həsənə və Azad Musayevə təkrar minnətdarlığımı bildirirəm. Bu tədbirdən bir aydan da az vaxt keçib. Həmin tədbirin gedişində biz artıq qərara almışdıq ki, bu tədbirlərin davamlı olmasına çalışmaq lazımdır. Çünki, bu, insanların maariflənməsinə böyük miqyasda müsbət təsir göstərir.

H.Hüseyni hər il bir neçə kitab çap etdirir. Bunların mənim üzərimə düşən hissəsi əsasən yığıcılıq fəaliyyətidir. Redaktə, korrektura, mətni yığmaq və s. formada yardımçı oluram. Mən hər zaman ruhani qardaşımın nailiyyətlərini izləmişəm və əlimdən gələn kiçicik bir köməyim olsa da onu etməyə çalışmışam. Hacı Həsən «Həkəri» qəzetində dini işlər üzrə şöbə müdiridir. Onun cari fəaliyyəti əsasən bununla bağlıdır. Həmin kitablar Hacının öz vəsaiti hesabına nəşr olunur.

Bütün cari problemlərlə bahəm Hacı Həsənin paralel olaraq üzərində işlədiyi ağır və sanballı bir tədqiqat əsəri yekunlaşıb. Məlum olduğu kimi könüllər sultanı, şair-hökmdar, Hacı Həsənin ulu babalarından olan Ş.İ.Xətainin 535 illik yubileyi ərəfəsidir. Ş.İ.Xətainin yaradıcılığı, sufi babaları, Səfəvilərin Şah İsmayıla qədərki tarixi, dini təkyələrin dövlət quruculuğu yolları bu kitabın mövzusudur. Düşünürəm ki, bu il həmin kitab da bir qədər dəstək olsa işıq üzü görəcək. Hamımız bilirik ki, Hacı Həsən kökə, ilahiyyata, əcdadlarına bağlı bir şəxsdir. Bu səbəbdən həmin kitabın materiallarının yığılması və çapa hazırlanmasında xüsusilə çox əmək sərf etmişdir. İnşallah tezliklə həmin əsər də nəşr olunar.

Mən Hacı Həsənin bu ilki ad gününü cansıxıcı –gündəlik məişət məsələləri ilə kölgələmək istəməzdim. Qısaca qeyd etmək istərdim ki, xırda məişət problemləri də olmamış deyil. Çünki, güzəştli mənzil və avtomobil problemi vardır. Bu məsələlərdə elə-obasının, milli-mənəvi dəyərlərin əvəzsiz və sadiq xidmətçisinə dövlət qayğısı göstərilsəydi çox yaxşı olardı. Ulu babası Şah Xətai demişkən: Şahi –Mərdanın yolunda çox kişi vardır, vəli, Afərin ol başə ki, min başa bir baş oynadır!

Hacı özü Allahından çox razıdır. Bu dəfəki ad günü də Ramazan ayına düşdü.

Bu günlərin bir özəlliyi də budur ki, İmamət səmasının ikinci ulduzu olan İmam Həsən Müctəbanın (ə) mövludu da bu günlərə təsadüf edir. Adını daşıdığı böyük şəxsiyyətlə eyni vaxtda mövludunu qeyd etmək Hacının böyük fərəhinə səbəb oldu.

Mən qəlbi şeir, qəzəl, mərhəmət və sevgi dolu qardaşımı ad günü münasibətilə təbrik edirəm. Onun uğurlarına öz uğurum qədər sevinirəm. Uğurlarının davamlı olması üçün bu gözəl –ruhaniyyət dolu günlərdə Allaha dualar edirəm. Bu möhtəşəm qədr (əhya) gecələrindən birində Hacı Həsənin mövludu qeyd olunacaq. Allah onun ömrünü Qədr gecəsi qədər bərəkət etsin. Bundan sonra da uğurları bol olsun. Allah onun dualarını, orucunu qəbul etsin. Amin!

Dilbər Ağayeva
Müstəqil yazar, tarixçi-hüquqşünas

Biz də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsi olaraq təbriklərə qoşulur, Hacı Həsən qardaşımıza uzun ömür can sağlığı arzulayırıq.

Xatırladım ki, Hacı Həsən 1-ci Qarabağ müharibəsində mərdliklə döyüşdüyü kimi, 44 günlük Vətən Müharibəsin də də səhəti imkan verməməsinə baxmayaraq öz töhfəsini vermiş, 2 aylıq əlillik təqaüdünü Silahlı Qüvvələrin yardım fonduna keçirtmişdir.

Vətən Müharibəsi Qələbə ilə bitdikdən sonra Hacı daima Bakı, Sumqayıt, Dədə Qorqud və Keşlə Şəhidlər Xiyabanında şəhidlərimizin məzarlarını və şəhid ailələrini mənimlə birlikdə ziyarət etmiş, 3 ay müddətində şəhidlərimizə yas saxlayaraq ruhlarına Quran xətm etmişdir.

Hacı Həsən qardaşımızı ad günü münasibətilə təbrik edir gələcək işlərində uğurlar arzulayıram.

Hörmətlə, AVMVİB Zəngilan rayon şöbəsi nin sədri Azad Musayev

Bu xəbəri paylaşın: