Olmazmı bu «Leksus» sürənlərə özgə bir yol çəkək?

ELNUR SƏLİM

Xəbər: Bakıda minik avtomobilinin sürücüsü moped sürücüsünü döyərək, təhqir edib. Bizim saytların yazdığına görə bu şəxs ya həbs edilib, ya da həbs edilməyib. Kimdir bu bəni Adəm?

Yazılanlara görə 10 VX 707 nömrəli “Lexus” avtomobilinin sahibi, 1959-cu il təvəllüdlü məmur Sultan Dadaşovdur.

Sultan Dadaşovla bağlı yayılan məlumatlarda onun Prezident Administrasiyasının İşlər İdarəsinin əməkdaşı olduğu bildirilir. Onun 2 il əvvəl Prezident İlham Əliyev tərəfindən 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edildiyi də gələn xəbərlər arasındadır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində inzibati xarakterili vəzifə tutduğu da bildirilir. Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.

Başqa bir məlumatda isə qeyd olunur ki, Sultan Dadaşov həm də «ARPİA» adlı Mənzil Tikinti Kooperativinin sahibidir. Yəni bu mümkün variantdır. Gedib hökumət maaşı ilə dolanası deyildi ki? Hökumət maaşı ilə, nə «Leksus» sürə bilərsən, nə də adam basıb döyə bilərsən.

Gununsesi.info -ya açıqlamasında paytaxtda motosikilet sürücüsünü döyən vəzifəli şəxs Suıtan Dadaşov yayılmış görüntülərinə münasibətdə belə deyib: “Heç özüm də bilmədim ki, bu olay necə baş verdi. Çox əsəbiydim, təzyiqim qalxmışdı. Nəvəmi məktəbdən gətirirdim. Kaş ki, olmayaydı”.

O, bildirib ki, həmin an özündə olmayıb və işdən azad olunacağını da gözləyir: “Mən təəssüf edirəm. Nə qərar versələr, hazıram”…

Amma burada nə dediyini anlaya bilmədim. Nə qədər versələr?! Yəni Allah bərəkət versin.Mən anladım ki, moped sürücüsü «5-dən 3 -dən versə, Sultan müəllim onu bağışlayar»…

Sizcə işdən çıxmaq üçün nə vaxtdan motosikletçi döymək tələb olunur? Heyif deyildi qabaqlar. Adicə bir ərizə yazırdın səni atırdılar bayıra.

Hələlik bilinən odur ki, hadisə Mətbuat prospektində baş verib. Burada, moped sürücüsü avtomobil sürücüsünə yola görə reaksiya verib. Bundan hirslənən avtomobilin sürücüsü mopodin önünü kəsib. Görüntülərdə “Lexus”un sürücüsü avtomobillə motosiklet sürücüsünün ayağının üstündən keçdiyi görünür. Daha sonra maşından düşərək ona hücum edir və nalayiq sözlər işlədir.

Yenə ən yaxşı müzakirəni elə sosial şəbəkə istifadəçiləri aparıb. Məsələn, Davud İlkin adlı profilin sahibinin paylaşımı günün antiqəhrəmanının dilindən yazılıb: «Təzyiqim qalxmışdı həkimə getdim, həkim təzyiqimi ölçəndən sonra dedi ki, mütləq motosklet sürücüsü döyməlisən, mən də getdim döydum. Bilirəm düz etməmişəm, gərək taksilərdən də bir-ikisini döyəydim. Efir vasitəsi ilə taksi şoferlərindən onları döymədiyim üçün üzür istəyirəm. Hə yadıma düşdü həkimə zəng vurub dedim ki, avtobus şoferi döyə bilərəmmi? Həkim dedi ki, ağ eləmə onları da şəkərin qalxanda döyərsən». Bax buna peşəkarlıq deyərlər…

Bu dəfə də ictimai qınaqla yolsuzları hədəf seçən sosial şəbəkə yenə üstün olduğunu göstərdi. Başqa bir seqment istifadəçisi yazır: «Motosklet sürənin axı «Leksus»un yolunda nə işi var? Onu ən azı İnzibati Xətalar Məcəlləsinin 327-ci «Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması», yaxud da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127-128-ci «Sağlamlığa yüngül və az ağır zərər vurma» maddələriylə məsuliyyətə cəlb etmək lazımdır. Axı bir motosklet sürəndən ötəri niyə Sultan müəllimin əsəbi korlanmalıdır? Bu işdə elə hökumətimizin də günahı çoxdur. Mirzə Cəlil demiş, «olmazmı bu motosklet sürənlərə, yaxud da elə Sultan müəllim gilə ayrıca bir yol çəksinlər? Özü də düz iki dəfə yazıq Sultan müəllimə ilişirlər. Buna təzyiq dözər?»

Doğrusu, bu məsələdə susmaq olmaz. Sultan müəllimin hüquqlarını qorumaq lazımdır. Belə olmaz. Min bir «əziyyətlə» «Leksus» al, onu da hansısa motosklet sürənin əlindən sürə bilmə. Bu insan hüquqlarına, türklər demiş, bir aykırıdır…

Amma desələr də inanıram ki, Sultan müəllimi yüz faiz həbs edəcəklər. Qoy həbs etsinlər, Sultan müəllim, siz içəridə olsanız da «cəfakeş və qədir bilən xalqımız» sizi unutmayacaq. Sizin bu «möhtəşəm əməliniz» uzun müddət qəlbimizdə yaşayacaqdır. Doloy motosklet! Ölkəyə motosikletin gəlişi qadağan olunmalıdır.

Məzən ölsün, Azərbaycan!..

Bu xəbəri paylaşın: