Torpaqlarımızın azad olunması uğrunda şücaət göstərərək şəhid olmuş Fərəcov Zülfüqar Müseyib oğlunun doğum günü münasibəti ilə «Şəhidlər» Memorial Abidə Kompleksində anim tədbiri keçirilmişdir.
Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, İcra Hakimiyyəti Başçısı yanında İctimai Şuranın üzvləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir şəhidlərin məzarına gül qoyulması ilə başlamışdır.
Tədbirdə, həmçinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin sədri Səməd Əbilob və müharibə veteranları da iştirak ediblər.
Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov torpaqlarımızın azad olunması uğrunda canından keçən vətəndaşlarımızın unudulmadığını, daim yaddaşımızda, qəlbimizdə yaşadığını qeyd etdi: «Qarabağ müharibəsi Azərbaycanın özünü sübutu idi.
Bu müharibə 1988-ci ildən başlamışdır və düz otuz ildən çox davam etmişdir. Nəhayət, arzumuz gerçəkləşdi və torpaqlarımız azad olundu. Bu bizi istəməyən bütün ölkələrə mesaj oldu. Müharibədə düşmənin arxasında ciddi dəstək vardı. Azərbaycan çox çətin günlərdən keçmiş, ordusunu, çökmüş iqtisadiyyatını yenidən yaradaraq özünü məhz bu müharibəyə hazırlamışdır. Düşmənə olan kömək torpaqları işğal altında olmasına baxmayaraq Azərbaycana göstərilməmişdi. Buna baxmayaraq ağıllı, düşünülmüş siyasət və ordumuzun qəhrəmanlığı qələbəni bizə qazandırmışdır».
Öz çıxışına davam edən Eyvaz Hüseynov bildirdi ki, o, Fərəcov Zülfüqarı yaxından tanıyırdı. Hərbi hissələrdə keçirilən tədbirlərdə onun adını uğurlu hərbçilər siyasında eşdirdi. «Fərəcov Zülfüqar, xüsusiylə, snayper silahından ustalıqla istifadə edirdi. O bir neçə əməliyyatda düşmən hərbçlərini dəqiq atəşlə məhv etmişdi. Zülfüqarın bir oğlu bizə yadıgar qalmışdır. Əmrah atasının adına layiq olaraq ali məktəbə qəbul olmuşdur».

Xatırladaq ki, şəhid Zülfüqar Fərəcov 1977-ci ildə Xocavənd rayonu Əmirallar kəndində anadan olmuşdur. 1983-1992-ci illərdə orta təhsil almış, 1995-1998-ci illərdə isə həqiqi hərbi xidmət keçib. Bir müddət «Qarabağ Taxıl» Məhdud Məsuliyyətli Cəmiyyətində sonralar isə Xocavənd rayon suvarma sistemləri idarəsində işləmişdir. 2014 cü ildən müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarına yazılmış, 2016-ci ilin Aprel döyüşlərində fəal iştirak etmişdir. O, «İstiqlal» sanyper silahından ustalıqla istifadə etməyi bacarırdı. Fərəcov Zülfüqar N saylı hərbi hissənin, həmlə taborunun tərkibində Vətən müharibəsinin ilk günündən döyüşlərə atılmış, düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmiş, post va istehkamlarının dağıdılmasında xüsusi şücaət göstərmişdir. O, 28 sentyabr 2020-ci il tarixdə canını Vətən torpağı uğrunda fəda edərək müqəddəs Şəhidlik zirvəsinə ucalmışdır.
Tədbirdə digər çıxış edənlər Fərəcov Zülfüqarın qəhrəmanlığından danışmışlar. Anım tədbiri şagirdlərin hazırladığı bədii kompozisiya ilə davam etmişdir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhidin oğluna başsağlığı verərək Xatiirə medalını təqdim etmişdir.
Allah rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Xocavənd












