AVMVİB sədrinin müavini: «Bu tarixi günlərin memarı İlham Əliyevdir»

Vahid Abdurəhmanov

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin “N” saylı hərbi hissəsində olub.


Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi hissənin şəxsi heyəti qarşısında etdiyi çıxış köhnə döyüşçülər tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov Ali Baş Komandanın bu çıxışını Dünya siyasətinin müasir vəziyyətini əks etdirən tutarlı bir deklorativ sənəd olduğunu qeyd edib.


Vahid Abdurəhmanov bildirdi ki, mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu, bir həqiqətdir ki, bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, stabil və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən qüdrətli şəxsiyyətdir.


Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Azərbaycan cəmiyyətinin cənab İlham Əliyevi ulu öndər Heydər Əliyevin strateji islahatlar kursunun layiqli davam­çısı kimi görməsi, əslində, bir sıra reallıqlarla şərtlənirdi. Peşəkar dövlət adamı kimi formalaşan cənab İlham Əliyevin yüksək intel­lekti, istedadı, şəxsiyyəti və dövlətçilik təfəkkürü bu gün hər kəsin iftixarına çevrilməkdədir.


V. Abdurəhmanov dedi: «ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Dövlət başçısının toxunduğu ağrılı bir məqam var: “Amma bizim Ukrayna ilə də yaxşı münasibətlərimiz var. Beynəlxalq hüququn prinsipləri siyasi üstünlüklərə əsaslanaraq şərh edilməməlidir. Bizə qarşı həmişə bu mövqedən yanaşıblar. Çünki Ukrayna hadisələrindən əvvəl də, beynəlxalq ictimaiyyət tərəfindən həmişə və çox açıq şəkildə Gürcüstanla Moldovanın ərazi bütövlüyünə dəstək ifadə olunurdu. Bizə gələndə isə həmişə mesaj verilirdi ki, gedin sülh yolu ilə razılaşın. Lakin ərazinizi tərk etmək istəməyən təcavüzkarla sülh yolu ilə necə razılaşmaq olar?! Biz çalışdıq, mən 17 ilə yaxın çalışdım, amma gördük ki, bu, mümkün deyil və gördük ki, biz bunu sülh yolu ilə etmək istədikcə, təcavüzkar daha da təkəbbürlü olur və aqressivləşir. Onlar artıq bizi yeni ərazilər uğrunda yeni müharibə ilə qorxutmağa, “Qarabağ Ermənistandır” deyə fikirlər söyləməyə başladılar. Amma indi nə deyirlər? İndi deyirlər “Qarabağ Azərbaycandır!” 2019-cu ildə “Qarabağ Ermənistandır” deyən adamlar dedi bu sözü. Biz öz əlimizlə, canımızla yeni reallıq yaratdıq. Deməli, biz bunu yaşadıq və hesab edirəm ki, ləyaqət, ərazi bütövlüyü və ədalət hər bir ölkə üçün vacibdir”.


Deyilən bu reallıqlar bu gün gözlərimiz qarşısında baş verir. Hər kəs bizim deyil, işğalçının yanında yer almışdı. Hər cür yardımlar edilirdi. Terrorçuları göndərməkdən belə çəkinmirdilər. Həqiqətən də elə ilk şansda 44 günlük müharibədə Ali Baş Komandanın şəxsən komandanlığı altında Zəfər qazandıq.


Bu barədə ölkə başçısı öz çıxışında deyib: «İkinci Qarabağ müharibəsindən ilyarım keçib. Hərbi ekspertlər, bu məsələ ilə, münaqişələrlə məşğul olan insanlar bu günə qədər Azərbaycan Zəfəri haqqında danışırlar və mənə bu məsələ ilə bağlı, müharibə ilə, Zəfərimizlə bağlı çoxsaylı suallar verilir. Nə, hansı amillər bu Qələbəni şərtləndirdi? Onların arasında birinci Vətən sevgisidir. Yəni, sizi ölümə aparan, “öldü var, döndü yoxdur” deməyə vadar edən Vətən sevgisi idi və biz bunu nümayiş etdirdik. Bütün dünyaya nümayiş etdirdik ki, biz böyük xalqıq və müharibəni biz ləyaqətlə aparmışıq. Mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bizim şəhər və kəndlərimizi namərd atəşə tutmuşdur. Yüzdən çox dinc insan, onların arasında uşaqlar, qadınlar bu namərd atəş altında öz həyatlarını itirdilər. Biz isə ləyaqətlə müharibəni apardıq və müharibə zamanı mən deyirdim ki, biz qisasımızı döyüş meydanında alacağıq. Biz mülki vətəndaşlarla heç vaxt vuruşmamışıq və vuruşmayacağıq. Azərbaycan xalqının ülvi keyfiyyətləri bizə imkan verməz və belə də oldu. Bütün dünya bunu etiraf edir ki, azərbaycanlılar ləyaqətlə vuruşdular, kişi kimi vuruşdular, düşməni qovdular, diz çökdürdülər və öz sözlərinə əməl etdilər».


Bu gün yetişməkdə olan gənclərimizin hər birini cənab prezident İlham Əliyevin çıxışlarını təkrar dinləməyə, öyrənməyə çağırıram.

Bu, günümü­zün və regionumuzun güzgüsüdür! Biz bu günlər tarixi anlar yaşayırıq və bu günlərin də memarı, məhz cənab İlham Əliyevdir!


Allah Ordumuzu və Komandanımızı qorusun!

Elnur Səlim

Bu xəbəri paylaşın: