Türkiyə Afinanı iki ölkə arasında hava məkanının delimitasiyasını öz xeyrinə dəyişməkdə ittiham edərək, Yunanıstanda keçiriləcək NATO təlimlərində iştirak etməmək qərarına gəlib.
Bu barədə Fədai.az Türkiyənin NTV telekanalına istinadən məlumat yayıb.
İştirakçı ölkələrin həmrəyliyini vurğulamaq üçün hər il müxtəlif ölkələrdə “Pələnglə qarşılaşma” adlı təlim keçirilir. Bu dəfə təlimin mayın 9-dan 20-dək Yunanıstanda keçirilməsi planlaşdırılır.
Türkiyə mətbuatı xəbər verir ki, bu il hər təlimdən əvvəl fəaliyyət göstərmək üçün texniki tənzimləmə mətnini hazırlayan Yunanıstan sərhədləri, xüsusən də Egey dənizi üzərindəki hava məkanını “manipulyasiya edərək” “Türkiyəyə qarşı yönəlmiş” əlavələr edib.
Türkiyə Hərbi Hava Qüvvələrinin komandanlığı texniki reqlamentin dəyişdirilməsini tələb etsə də, Türkiyənin tələbləri Yunanıstan tərəfindən qəbul edilməyib. Bundan sonra Türkiyə Hərbi Hava Qüvvələri təlimlərdə iştirakdan imtina edib və bu məlumatı Afinaya ötürüb.
Bildiyiniz kimi, Yunanıstan və Türkiyə dəniz və hava sərhədləri üstündə mübahisə edir, Afina müntəzəm olaraq Ankaranı hərbi təyyarələri ilə hava məkanını pozmaqda ittiham edir.
Əli Nəsib Zərdabi
