Zelenski o qədər ərköyünləşib ki, Türkiyənin onların yerinə döyüşəcəyini düşünür

XAQANİ Ədəboğlu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

Volodomir Zelenski Qərbin artıq Qərbin «ərköyün cocuğuna çevrilib». Hətta Zelenski o qədər ərköyünləşib ki, Türkiyənin onların yerinə döyüşəcəyini düşünür. Bu adam siyasətin əlifbası sayılan bir qaydanı unudub. Hər bir dövlətin öz maraqları var. Türkiyənin bir marağına yüzlərlə Ukrayna qurban olsun.

Digər tərəfdən V. Zelenski artıq yunan televiziyasında ikinci dəfədir ki, Türkiyə əleyhinə fikirlər səsləndirir. Ukraynanı yanlış siyasətlə, NATO-ya üzv olmaq kimi utopik bir istəklə xarabazara çevirdiyini unutmamalıdır.

Xatırladaq ki, Yunanıstan parlamentində çıxış edərkən özünün antitürk tövrünü nümayiş etdirmişdi. Zelenski parlamentdəki həmin çıxışında türkləri qətlə yetirən təşkilatı tərifləmişdi.

Zelenski 1821-ci ildə Osmanlıya qarşı üsyan edən, Mora və Kritdə on minlərlə türkü qətlə yetirən türkcə «Dostluq Cəmiyyəti» mənasını verən «Filiki Eterya» təşkilatını tərifləyərək demişdi: «Filiki Eterya burada, Odessada qurulub. Yunan inqilabçıları müstəqillik və ya ölüm deyirdilər. Bu gün də biz eyni şeyi deyirik. Keçmişdə olduğu kimi, ellinizmin mərkəzi olan Odessa (?) indi də təhlükə altındadır. Bu gün Yunanıstan və Ukrayna arasında «Filiki Etheria» yaradıla bilər”.

Ölkəsinin düşdüyü vəziyyətə görə onun bu yanlış açıqlamasına geniş təpki verilmədi. Lakin bu gün görülən müdafiə və hücum əməliyyatlarını «Bayraktar» PUA-larının kölgəsinə sığınıb Javelini öyməsi, ABŞ-a «dayı» deməsi gözlər önündə baş verir. Bu günədək Ukraynaya söz verilən bircə hücum silahı verilməyib. Ən son MiG-29 təyyarələrinin verilməsini ABŞ Polşaya qadağan edib. Digər bir tərəfdən isə Ukraynaya qarşı iki aydır davam edən müharibə zamanı Rusiya Avropa İttifaqına (Aİ) yanacaq satışından gəlirlərini iki dəfəyədək artırıb. Sanksiyaların Rusiyanın satışında səbəb olduğu itkini qiymətlərin artması kompensasiya edib. Tədqiqatçılar deyirlər ki, yeni sanksiyalar qiymətlərin daha da qalxacağını vəd edir.


«Müharibə başlayandan Rusiya Aİ-yə 46 milyard dollarlıq enerji resursu satıb və bu rəqəm artmaqdadır. Bu, 2021-ci ilin eyni dövrüylə müqayisədə satışın dəyərində iki dəfəyədək artım deməkdir», — hesabatda belə deyilir. Satış həcmində azalmaya baxmayaraq, neftin bahalaşması fevralın 24-də Ukraynanın işğalı başlayandan Moskvaya gəmilər və kəmərlərlə ixrac olunan enerjidən 63 milyard avroluq (66 milyard dollar) gəlir gətirib. Aİ neftə görə gündəlik 450 milyon dollar, təbii qaza görə isə 400 milyon dollar ödəyir. Eyni zamanda, xüsusi əməliyyatın pislənməsinə baxmayaraq, Avropa hələ də Rusiyadan gələn enerji daşıyıcılarına tam embarqo qoymur. Bəs bu Qərbin dizi üstündə oturan Zelenski nədən bu reallığı deyil, hələ başlamayan sazişlərdən dəm vurur? Azərbaycan və Türkiyə üçün siyasi və iqtisadi əlaqələr üçün Rusiya da Ukrayna qədər və daha artıq vacib bir tərəfdaşdır. Məhz buna görə də Türkiyə davamlı sülhün və tərəfsiz vasitəçiliyin tərəfdarı olaraq daha səmimidir. Ukraynanın ağuş açdığı imperialistlərin Qara dəniz hövzəsinə müdaxilə etməsi Türkiyənin dövlət maraqlarına daban-dabana ziddir və bunu bilmək üçün Ukrayna prezidenti olmaq vacib deyil. Özü də artıq ikinci dəfədir ki, Yunanıstan mediasında Zelenski «quş buraxır».

Ötən dəfə Ukrayna prezidenti Vladimir Zelenski Yunanıstan parlamentində ölkəsinin neonasist batalyonlarından biri olan “Azov”un üzvləri ilə birgə danışıb. Zelenskinin «Azov» üzvləri ilə Yunanıstan parlamentindəki videokonfrans çıxışına qatılacağı gözlənilmirdi.

Bunu görən bir çox yunan parlamentar onu boykot etdilər. Zelenski, öz çıxışında 40 min Türkü qətl edən örgütü öydü. Onun bu «quşlamasını», yəni Zelenskinin çıxışını yalnız hakim “Yeni Demokratiya” partiyasının üzvləri dinləmişdi. Syriza partiyasının nümayəndələri isə qeyd ediblər ki, Yunanıstan parlamentində Azov üzvlərinin Zelenski ilə birlikdə danışması qəbuledilməzdir. Çünki Rusiya bu qrupu terrorçu elan edib.

Bu dəfə də Ukrayna prezidenti Volodimir Zelenski Türkiyə haqda birmənalı qarşılanmayan fikirlər bildirib.

Yunanstan televiziyasına müsahibəsində dövlət başçısı Türkiyəni ikili standartlarda ittiham edib:

“Bir tərəfdən, Türkiyə vasitəçi rolunda çıxış edərək Ukraynanı dəstəkləyir, digər tərəfdən isə Rusiya turizmi üçün bir neçə turizm marşrutu hazırlayır. Bu, ikili standartdır. Bu, qəbuledilən davranış deyil. Seçim etmək lazımdır: siz həqiqətin tərəfdarısınız, yoxsa yox?”

Bu dəfə isə Zelenskinin bu ərköyünlüyü cavabsız qalmadı. MHP sədri Dövlət Baxçalı Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyə ilə bağlı tənqidinə cavab verdi.

Ukrayna prezidenti Volodimir Zelenskinin Yunanıstan mətbuatına verdiyi açıqlama ilə bağlı MHP sədri Dövlət Baxçalı bildirib ki, Zelenskinin Yunanıstana yox, türk millətinə güvənməsi daha yaxşı olardı: «Ukrayna-Rusiya müharibəsində dünya ölkələrinin rəftarlarını nəzərə alanda Zelenskinin türk milləti və dövlətinə çox hörmətli rəftar göstərməsi lazımdır. Qərbin təxribatları və bəzi dövlətlərin müharibəni daimi etmək cəhdləri ilə danışmaq düzgün deyil. Bu gün Rusiya-Ukrayna müharibəsini İstanbul sülh layihəsi ilə dayandırmağa çalışan tək ölkə Türkiyədir və bu mövzuda prezidentimiz 40-dan çox dövlət başçısı ilə danışıqlarını davam etdirir. Tez bir zamanda prezidentimizin buna nail olacağına da inanıram. Zelenski Yunanıstana deyil, türk millətinə güvənsəydi, daha yaxşı olardı».

Ölkənin insanları qaçqın, şəhərləri tarimar və Volodimir ciddi surətdə reklamla məşğul olur. Bir soruşan olacaqmı, Yunanıstan Ukraynanın hansı «yarasını sarıyıb?»

P.S. Bir daha təkrar deməkdə fayda var. Türkün «Bayraktar»ının kölgəsinə sığınıb Türk qatillərini öyən və türkdən türk düşmənlərinə şikayət edən Zelenski bu dəfə də «quşladı». Adama deyən lazım, get komediantlığını elə. Ukrayna kimi gözəl bir ölkəni, belə uğursuz boşboğazlıqla xarabazara çevirdin. Xatırlayırsınızsa prezident seçilmədən öncə tamaşalarından birində Ərdoğana «bığlı tarakan» demişdi. Amma indi «quyruğu qapı arasında qalan kimi» Rəcəb Tayyib Ərdoğanı axtarır.

P.P.S. Ukraynanın Ankaradakı səfiri Vasili Bodnar Ukrayna Prezidenti Vladimir Zelenskinin Yunanıstan mətbuatına müsahibəsində Türkiyə ilə bağlı işlətdiyi ifadələrlə bağlı yazılı açıqlama verib. Səfirin bəyanatında deyilir: “Ukrayna administrasiyasının bəyanatlarını bilərəkdən məzmununu dəyişməklə yazmaq səyləri Ukrayna-Türkiyə strateji tərəfdaşlığına kölgə sala bilməz. Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana siyasi dəstəyinə görə minnətdardır. Ukrayna Türkiyə Liderinin Rusiyanın bu ölkəyə təcavüzünə son qoyma çağırışlarını və davamlı sülhü təmin etmək səylərini yüksək qiymətləndirir.

Türkiyənin müharibə şəraitində olan Ukraynaya humanitar yardımı, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan yetimlərlə yanaşı, ölkəmizin digər vətəndaşlarını da qəbul etməsi son dərəcə dəyərlidir. Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalının başçılıq etdiyi nümayəndə heyətinin Kiyevə səfəri çərçivəsində aparılan uğurlu danışıqlar Ukrayna- Türkiyə dostluğuna örnəkdir”.

Türkiyə prezidenti R.T.Ərdoğan deyib: «Ukraynada müharibə başlayandan bəri 100 yük maşını humanitar yardım göndərmişik».

«Dünyanın bütün sahələrdə ən çox yardım edən ölkəyə çevrilmişik», — deyə Ərdoğan bildirib.

ABŞ isə rus oliqarxlarından müsadirə edəcəyi puldan Ukraynaya yardım etməyi planlaşdırır…

Amma bu fikrin təkzib olunması demək deyil. Sadəcə bu bəyanat daha çox Zelenskinin arxasında buraxdığı zir-zibili təmizləməkdir. Hər halda Rusiya işğalına və faşizminə qarşı ilk səsini yüksəldən elə Türkiyə olduğunu unutmaq lazım deyil. Hətta sifarişi Bayden versə belə…

Bu xəbəri paylaşın: