TƏBRİK: ELBARİZ MƏMMƏDLİ — 62

Tanınmış şair facebookda bir paylaşım edib: «ÜNLÜ ŞAİRİMİZ ELBARİZ MƏMMƏDLİNİN DOĞUM GÜNÜNU SABAH QARABAĞDA QARŞILAYACAĞIQ…

Sabah təqvimdə ELBARİZ MƏMMƏDLİ günüdür. Məmləkətin ünlü şairinin doğum gününu sabah Qarabağda qarşılayacağıq. Bundan gözəl nə ola bilər ki…

Yaxşı ki, VARSAN!

ELBARİZ MƏMMƏDLİ: İGİDLƏR ŞUŞADA AĞAC ƏKİRLƏR

Nə gözəl mənzərədi. Dünən canı- qanı bahasına torpağı azad edən oğullar, Şuşada ağac əkirlər. Hayların torpağa dəymiş pisliyini təmizləmək üçün…

Pozulur torpağın qəm naxışları,
Buludlar göyləri söküb tökürlər.
Dünən yağılara ölüm əkənlər,
İndi də Şuşada ağac əkirlər.

Təbiət adamı elə çəkir ki,
Elə bil oyanıb ruhu dağların.
Balasına həsrət analar kimi,
Çəkilib gözündən yuxu, dağların.

Meşələr getməyib, qış yuxusuna,
Bir yaz sevinci var, baxışlarında.
Elə bil yaşamaq ümidi artıb,
Mərmi parçalamış ağacların da.

Gedir yavaş- yavaş həsrətin dağı,
İgidlər dağlardan qovub yağını,
İlahi, köksünə basıbdı Şuşa,
Qoşa dalğalanan türk bayrağını.

Çoxdan qatarına əl eləmirdik,
Qalmışdı yaddaşın son baharında,
Yəqin ki, gələn yaz dönüşü başlar,
Şuşa tərəflərə durnaların da.

Gəlib ruhumuzu yağmalamışdı,
Nəğmə beşiyimə yiyə çıxanlar.
Yığıb həndəvərə, əli qanları,
Məkrdən, ədadan göyə çıxanlar.

Tanıdıq dünyanı, yaxşı tanıdıq,
Yaddan ümidimiz üzülməlidi.
Vətən torpağına uzanan əllər,
Elə yerindəcə kəsilməlidi.

İndi hər zərrəsi, basılmaz qala,
Uğrunda nə qədər igid, ər gedib.
Bu millət son dəfə gəlib özünə,
Sonuncu döyüşə səfərbər gedib.

Dünən qan varıydı, qada varıydı,
İndi havalanan ümid səsidi.
İgidlər Şuşada ağac əkirlər,
Hər ağac bir şəhid xatirəsidi.

YERIYIR

Dağları qalxana dönüb,
Başındakı çən yeriyir.
Yağı düşmənın üstünə,
Yeriyir Vətən, yeriyir.

Əməlləri möcüzəli,
Dağ vüqarlı, dağ cüssəli,
Səsi Koroğlu nərəli,
Gör, neçə Rövşən yeriyir.

Sıyrılıb, çıxıb qınından,
Alov püskürür qanından,
Türk oğlu həyəcanından,
Yerə -göyə tən, yeriyir!

Tanınmış şair və jurnalist Elbariz Məmmədlini doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi və Fedai.az kollektivi adından səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.

Bütün gözəlliklər sizin olsun, Elbariz bəy!

Və bu gözəlliklər içində 100 yaşayın…

Təbrik edirik!

Bu xəbəri paylaşın: