44 günlük Vətən müharibəsi iştirakçılarının problemləri ilə ciddi məşğul olan heç bir qurum fəaliyyət göstərmir. Aidiyyatlı qurumlar isə onları incitməklə məşğuldurlar. Qəsdən düzəldilmiş «ötür-ötür oyunu» da sanki bu insanları incitmək üçün düşünülüb.
Digər güc nazirliklərində problem yoxdur, amma Müdafiə Nazirliyi tərxis etdiyi əsgər və zabitlərin sorğusuna cavab verəcək halətdə deyil. İstər DİN, istər MTX, istərsə də DSX öz siyahılarını dəqiqləşdirsələr də, Müdafiə Nazirliyi elə 2 ildi deyir ki, 12700 nəfərin sənədlərində dəqiqləşmələr aparılır. Amma bu 2 il ərzində ha çalışsalar da bu rəqəm heç olmasa 12699 nəfərə də düşməyib. Deməli, kimsə bu işlə məşğul olmur və olmaq fikrində də deyil.
Ötən ay 4 medallı bir döyüşçünün şikayətini vermişdik və aidiyyatlı qurumlara da göndərdik. Amma bir cavab belə verilməyib. Təkrar üçün bir daha xatırladırıq: «Hüququ pozulan 44 günlük Vətən müharibəsinin iştirakçısı Kürdəmir rayonu Sovta kənd sakini Yasin Ədalət oğlu Rəhimlidir. Döyüşçü kimi ezamiyyətdə olduğu «N» saylı hərbi hissə aktiv döyüş əməliyyatlarında iştirak etdiyini hər bir hərbçi bilir. Üstəlik Yasin Rəhimli Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərin iştirakçısı olub. Onun döyüş xidmətləri «Füzulinin azad olunmasına görə», «Cəbrayılın azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» və «Şücaətə görə» medallarıyla təltif olunub. Onunla döyüşdə olanlar öz veteran statuslarını və müvafiq bank kartlarını alıblar. Onun dediyinə görə, öncə adı olan siyahıdan hansı səbəbləsə adı çıxarılıb. Ünvan bəlli, adı bəlli və telefon nömrəsini də əlavə edirik: +994505237519. Bu əsgər sizin cavabınızı gözləyir. Nə ərizəsinə cavab vermirsiniz, nə də zənglərinə»…
Bu azmış kimi bu dəfə də 3 medal almış və artıq ehtiyata buraxılmış mayor Rəşad Fuad oğlu Məlikov da öz veteranlığını ala bilmir. Yəqin ki, onun da sənədləri riyazi sabit rəqəmə çevrilən 12700 — ə daxil edilib. Anlamadıq, hərbi hissə bəlli, döyüş əməliyyatına qatılmış şəxslər bəlli, siz nəyi araşdırırsınız? Bu zabitin tabeçiliyində olan əsgərlər öz müharibə veteranı statusunu alıblarsa, onların komandiri niyə ala bilməməlidir?
Rəşad Fuad oğlu Məlikov döyüşdə iştirakına görə «Suqovuşanın azad olunmasına görə», «Ağdamın azad olunmasına görə» və «Hərbi xidmətlərə görə» medalları ilə təltif olunub. Aktiv döyüşlərdə iştirak etsə də bu zabitimizin də bu günədək «müharibə veteranı» statusu verilməyib. Niyə?!
Maraqlı problemdir. MN — ə görəsən siyahını «Mənzil İstismar Sahələri» verməlidirmi? Bu qədər də olmaz. Hər gün bu insanlardan şikayətlər almaqdayıq.
Artıq 2 ilə az qalır. Bu ötən vaxt ərzində özündə olan siyahını dəqiqləşdirə bilməyən Müdafiə Nazirliyinin yerinə bu insanlara kim cavab verməlidir?
Ehtiyatda olan mayor Rəşad Fuad oğlu Məlikov, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşayır. Telefon: +994508607427.
«N» saylı hərbi hissənin tərkibində keçmiş Ağdərə (indi Tərtər) rayonu Talış, Suqovuşan, Ağdam və Kəlbəcər istiqamətində aparılmış döyüş əməliyyatlarında iştirak edib. Araşdırma zamanı zabitin xidmət etdiyi hərbi hissənin döyüş əməliyyatlarında iştirak etdiyini aydınlaşdırdıq. Belə çıxır ki, sənədlərdə qeyri dəqiqliklər var? Yoxdursa, bu günədək niyə bu insanlara cavab verilmir.
Ümid edirik ki, yazıda adları çəkilən hərbçilərimizlə bağlı qaldırdığımız problem öz həllini tapacaq.
AVMVİB Mətbuat Xidməti





