ŞƏRƏFLƏ YAŞANAN ÖMÜR: TARİYEL AĞAYEV — 62

İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Yaşın üstünə hər yaş gələndə daha da kamilləşirsən. Belə insanlardan biri də yüksək peşəkarlığı, humanistliyi və səmimiyyətilə seçilən müharibə veteranı Tariyel Ağayevdir. Ömrünün ən məhsuldar dövrünü hərbi xidmətdə keçirən istefada olan polkovnik Ağayevin mayın 12-də 62 yaşı tamam olur.

Həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ cıxan Tariyel Ağayevi «Azərbaycan Vətən Müharibəsi Veteranları» İctimai Birliyinin (AVMVİB) rəhbərliyi adından səmimi qəlbdən təbrik edir, ona həyatda ən şirin nemət olan möhkəm can sağlığı və həyat yolunda yeni nailiyyətlər arzulayırıq. Hər yeni yaş ona sevinc dolu illər bəxş etsin, hər yeni gün onu istəklərinə qovuşduraraq, daha da xoşbəxt etsin.

Polkovnik Agayev Tariyel Tərlan oğlu 1960-cı ildə Bakı şəhərində anadan olub.

1982-ci ildə Azərbaycan Politexnik İnstitutunun «Avtomatika və Elektron Hesablama Maşınları» fakültəsini bitirib. 1982-1992-ci illərdə EHM Kompleksi İB-də aparıcı mühəndis, 1993 -2000-ci illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının hərbi kafedrasında müəllim işləyib. 2000-2002-ci illərdə Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsinin Bakı regional şöbəsində şöbə rəisi, habelə Təlim-tədris mərkəzinin Rabitə kafedrasında müəllim vəzifələrində çalışıb. Növbəti 2 ildə Ağayev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının  Zaqatala rayonunda yerləşən Alayının Rabitə və AİS xidmət rəisi olub. 2004-2013-cü illərdə isə Daxili Qoşunların Baş İdarəsinin Rabitə və AİS şöbəsində şöbə rəisinin müavini-rabitə bölməsının rəisi vəzifələrində Vətənə, dövlətə və xalqa sədaqətlə xidmət edib. 2014-2017-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rabitə kafedrasının rəisinin müavini-silsilə rəisi vəzifəsində nümunəvi xidmətdən sonra 29 sentyabr 2017-ci il tarıxindən etibarən polkovnik rütbəsində ehtiyata buraxılıb.

Tariyel Ağayev, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Konstitusiyasına və qanunlarına ciddi əməl edilməsi, Hərbi Andın, Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daima nümunə göstərib. Bir çox metodiki-təlim toplanışlarında, ixtisasartırma kurslarında, xüsusi-taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində bu sahədə bilik və bacarıqlarını maksimal təkmilləşdirib və beləcə Daxili Qoşunlarda özünü son dərəcə faydalı kadr olaraq, təsdiq edib.

Ağayev, Daxil İşlər Nazirliyinin Daxili Qoşunlarına və Müdafiə Nazirliyinə həvalə edilən vəzifələrin yerinə yetirilməsində, şəhərdə və yaşayış məntəqələrində (cəzaçəkmə müəssisələrində) baş verən kütləvi ixtşaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqələdə hallar zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düşən bütün vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlib.

Təsadüfi deyil ki, hərbi-xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi-döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai-siyası hazırlığın, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Ağayev Tariyel Tərlan oğlu Ağayev Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi hissə komandirinin  müvafiq əmrləri ilə müxtəlif zamanlarda fəxri fərmanlar, qiymətli hədiyyələr, əlacı döş və yubiley nişanları ilə dəfələrlə mükafatlandırlıb və ona təşəkkürlər elan edilib.

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında, ölkədə əmin — amanlığın təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə polkovnik Tariyel Ağayev aşağıdakı medallarla təltif olunub:

«Qüsursuz xidmətlərə görə» 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim il xidmətə görə;

«Qüsursuz Xidmətlərə görə» 2-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 15 təqvim il xidmətə görə;

«Qüsursuz Xidmətlərə görə» 3- cü dərəcəli medal-Silahlı Qüvvələrdə 10 təqvim il xidmətə görə;

«Silahlı Qüvvələrin yaranmasının» 10 illiyi (1991-2001) yubiley medalı ilə;

«Silahlı Qüvvələrin yaranmasının» 90 illiyi (1918-2008) yubiley medalı ilə;

«Silahlı Qüvvələrin yaranmasının» 95 illiyi (1918-2013) yubiley medalı ilə;

«Azərbaycan ordusunun 100 illiyi (1918-2018) yubiley medalı ilə.

Polkovnik Ağayev yalnız hərbi keyfiyyətləri ilə deyil, şəxsi xarakteri, münasibətləri ilə də hər yerdə seçilib və sevilib. Hərbi yoldaşları onu vətənpərvər, qorxmaz, insanpərvər, səxavətli, əliaçıq və zəhmətkeş zabit kimi dəyərləndirirlər. O, istər təhsil aldığı illərdə, istər xidmət etdiyi və çalışdığı mühitdə, istərsə də dost-tanış, qohum-əqrəba arasında özünə böyük hörmət qazanıb.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, TARİYEL BƏY!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN CİN OLSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: