SOS: Kimlərsə bu ölkədə inadla müharibə iştirakçılarını Dövlətə qarşı qaldırmağa çalışır

Daxildən təmizlənməsək qapımız kilid saxlamayacaq!!!

Sabunçu rayonunun icra başçısı Adil Vəliyev Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan, “İgidliyə görə” və “Vətən uğrunda” medalları ilə təltif olunmuş gizir Sübhan Mahir oğlu Abdurahmanlının anası Mehriban Abdurahmanlının Sabunçu rayonunda tikdirdiyi evi sökdürüb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Şəhid anası bildirib ki, ona bağışlanan torpaqda tikmək istədiyi ev uçurulub:

“Məndən 3 min manat pul istədilər, vermədim deyə sökdülər. Mənə xəsarət yetirdilər».

Bu məsələyə tələsik münasibət bildirən Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev müharibə iştirakçılarına, şəhid ailələrinə ən iyrənc münasibət bəsləyən icra başçılarındandır. Bu günədək milyonlarla (!!!) şikayət edilməsi dediyimiz faktı sübut etməyə kifayət edir. Lakin Azərbaycan hökuməti faktiki olaraq bu şəxslə bacarmır. Bir xatırlatma edək. Səsli — küylü belə bir hadisə 2016-cı ildə aprel döyüşçüsünün sənədli evini sökməklə elə həmin Ramana qəsəbəsində baş vermişdi.

Sabuncu rayonu Ramana qəsəbəsində torpaq alıb ev tikdirmək istəyən vətəndaşların haqsızlıqla qarşılaşması davam edir. Bu gün saytımıza verilən məlumata görə, Azərbaycan ordusunun giziri, bu ayın əvvələrində cəbhədə baş verən döyüş zamanı keçmiş Talış kəndində yüksəkliyin alınmasında son ana kimi vuruşan və hələ üzərlərindən barıt qoxusunun getmədiyi hərbçilərdən biri olan tank komandiri Cavid Çobanovun Sabunçu rayon Ramana qəsəbəsində tikdirdiyi ev Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülüb.

Hərbçinin qardaşı Coşqun Çobanovun verdiyi məlumata görə, onlar evin tikintisinə hələ 2013-cü ilin yayında başlayıblar. Bildirildiyinə görə, qardaşı tikintiyə başlamaq üçün o zamankı «qaydalara» uyğun olaraq sahə müvəkkilinə 400 AZN verib. Maddi imkansızlıq ucbatından tikinti yarımçıq saxlanılıb. Hərbçinin qardaşı daha sonra bildirir ki, bu ilin mart ayının sonunda qardaşı pul göndərib ki, tikintini davam etsin. «Tikintiyə təzə başlamışdım ki, özünü Abbas Nəbiyev kimi qələmə verən biri bizə yaxılaşıb «icradan» olduğunu bildirdi və tikintini saxlamağımızı söylədi. Söhbət əsnasında məlum oldu ki, mən onlara 2500 manat verməliyəm ki, tikinti aparmağıma göz yumsunlar.

Düzü artıq mən əvvəldən bilirdim bu məbləği məndən istəyəcəklər. Çünki ətrafda tikinti aparanlar 2500 ödədiklərini və o pulu vermədən evi tikməyə imkan verilməyəcəyini söyləmişdilər. Fikirləşdim ki, yəqin qardaşım hərbçi olduğu üçün ondan rüşvət tələb etməzlər. Amma tam əksi oldu. İcra Hakimiyyətinin əməkdaşı olduğunu bildirən və özünü Abbas Nəbiyev kimi qələmə verən şəxs lap «küçə uşaqları»na xas jarqonla «mən hərbçi-mərbçi hərləmirəm, get Fərid müəllimə 2500 ver. Gəl tik» deyə bildirdi».

Hərbçinin qardaşının verdiyi məlumata görə, Sabunçu rayon İcra Hakimiyyətinin əməkdaşları ilə ilk qarşılaşmaları və onlardan pul tələb etməsi aprelin 5-nə təsədüf edir. «İcra Hakimiyyətinin əməkdaşları ilk dəfə aprelin 5-də gəlmişdilər. Mən artıq bir neçə gün idi ki, qardaşımla cəbhədə baş verən döyüşlər səbəbi ilə əlaqə yarada bilməmişdim. Heç sağ olub-olmaması haqda məlumat belə ala bilmirdim. Amma bunlar burda mənimlə 2500 davası edirdilər. Bir dəfə getdim Fərid Məmmədəliyevin qəbuluna, dedilər saat 3-dən sonra olur yerində. Bu gün də Fərid deyilən o şəxs özü də gəldi başının dəstəsilə, evi uçurtdurdu və «Qardaşına de gəlsin yanıma» — deyərək getdi. Qardaşımın həqiqətən də döyüşçü olmasını sübut etmək üçün son döyüşlərdə olan fotolarını, vurulan düşmən texnikasını göstərsəm də fayda vermədi. Abbas adlı şəxs geri dönüb barmağını-barmağına sürtüb, pul işarəsi göstərib getdilər»


Xatırladaq ki, sözü gedən ərazidə bütün torpaqların təyinatı dövlət tiplidir və vətəndaşlara Daşınmaz Əmlakın Dövlət Reyester Xidməti tərəfindən 99 illik müqavilə əsasında çıxarışla satılıb. Yəni hazırda videoda görüntülənən bütün evlərin sənədləri bizə şikayət edən hərbçinin sənədlərindən heç nəyi ilə fərqlənmir.

Beləcə yerli saytlar da ənənələrinə sadiq qalaraq tələsik şəhid anasına da dil uzadan informasiyanı şərhsiz yayınlayıb. Bu özlərini jurnalist sayan və başçının yalan ifadələrini yayınlayan sayt soruşmayıb ki, əgər sənəd yoxdursa, rayonun baş makleri, 3000 ha-dan çox torpaq satan «baş makleri» bu torpağın kimə məxsus olduğunu haradan bilir?

Əgər bu torpaq şəhid anasına bağışlanıbsa və bunu deyirsə, rayonda hamıya məlum qoçu dəstəsini şəhid anasının üstünə niyə göndərirdi? Şəhid anasının adına bu yarımçıq tikilini sənədləşdirəydin və bu tikintini başa çatdıraydın. Qaldı ki, torpaqlarla bağlı İcra Hakimiyyətlərinin qanunla heç bir səlahiyyəti yoxdur. SÖZ PREZİDENTİNDİR!

Sosial şəbəkələrdə şəhid Sübhan Abdurahmanlının anası Mehriban Abdurahmanlıya məxsus olduğu deyilən tikilinin sökülməsi ilə bağlı görüntülər yayılıb.

Görüntülərdə Mehriban Abdurahmanlı bildirib ki, ev Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən sökülüb: “Məndən 3 min manat pul istədilər. Vermədim deyə sökdülər. Mənə xəsarət yetirdilər. Evin sənədi yox idi. Mənim bina evim var. Torpağı bir nəfər bağışlamışdı. Buranı da özüm üçün tikirdim”.

Məsələ ilə bağlı Sabunçu RİH-lə əlaqə saxladıq. “Qafqazinfo”ya icra başçısı Adil Vəliyevin açıqlaması təqdim olundu:


“Şəhid anası Mehriban Abdurahmanlı hansısa dələduzun toruna düşüb. Həmin tikili Amil Əliyev adlı bir şəxsindir. Kim istəsə gəlib baxa bilər, o köhnə yarımçıq tikili olub. Bizim tərəfimizdən inşası dayandırılıb. Özü də şəhid ailəsi adından istifadə edərək, orada ev yox, qeyri-yaşayış sahəsi — obyekt tikmək istəyirlər. Məlumata görə, tikintiyə icazə almaqdan ötrü şəhid anasına 1000 manat pul verib. Ümumiyyətlə, o xanım indiyə kimi bir neçə nəfərə himayədarlıq edib, qanunsuz tikintilərə icazə almaq istəyib.

Cənab Prezidentin tapşırığı ilə bütün şəhid ailələrinə yüksək səviyyədə xidmət göstərilir. Həmin xanımın dedikləri və əməlləri isə məndə çox böyük təəssüf hissi yaratdı. Mən onu bir neçə dəfə qəbul etmişəm. İzah etmişəm ki, həmin ərazi kənd təsərrüfatı təyinatlıdır və Abşeron rayonun tabeliyindədir. Mənim ora tikintiyə icazə vermək ixtiyarım yoxdur. Bildirmişəm ki, torpağın sənədlərini düzəltsin, əgər doğrudan da özünə məxsus torpaq olsa, ona nəinki, icazə verəcəyəm, hətta tikintisinə də kömək edəcəyəm.

Lakin təəssüf ki, mənim sözümə baxmayıb, tikintiyə başlayıb, ərazidə tikintiyə mane olmağa çalışan əməkdaşımızı təhqir edib, həyat yoldaşı ilə birlikdə onu döyüblər. Mən qanunsuz işlərə necə göz yuma bilərəm? Əgər kimsə dövlətin qayğısından, şəhid ailəsi statusundan sui-istifadə edirsə, hansısa dələduza, qanunsuzluq etmək istəyən şəxsə himayədarlıq edirsə, biz ona göz yuma bilmərik”.

İcra başçısı vurğulayıb ki, sözügedən şəhid ailəsinə ölkə başçısı ev hədiyyə edib:

“Bütün şəhid ailələri bizim başımızın tacıdır. Cənab Prezident onlara hər cür qayğı göstərir. Bizə də tapşırıb ki, onlara yüksək səviyyədə diqqət göstərək, hər hansı bir çətinlik çəkmələrinə imkan verməyək. M. Əbdülrəhmanovaya Ramana qəsəbəsində ev verilib. Ona yardımlar edilib. Ümumiyyətlə, bizim rayonda şəhid ailələrinə 400-dən çox mənzil ev verilib. Hər bir ailəylə şəxsən özüm maraqlanıram. M. Əbdülrəhmanovanın etdikləri şəhid ailəsi adına yaraşmayan addımlardır”.

Qeyd edək ki, Azərbaycan Ordusunun giziri olan Sübhan Abdurahmanlı Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub və II Fəxri Xiyabanda dəfn olunub. «Vətən uğrunda», «İgidliyə görə»,  «Füzulinin azad olunmasına görə» medalları təltif edilib.

Kimlərsə bu ölkədə inadla müharibə iştirakçılarını Dövlətə qarşı qaldırmağa çalışır. Faktiki olaraq zaman-zaman araşdırmalarımız göstərir ki, bu adamlar məlum kolona nökərçilik edirlər. Cənab Prezident, bu məsələyə diqqət ayırmağın vaxtıdır…

Heç olmasa soruşun: Adil Vəliyevin oğlu 44 günlük Vətən müharibəsi günlərində niyə orduya çağrılmayıb…

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: