Füzuli rayonunun Zobucuq qəsəbəsində 3 şəhidin adını əbədiləşdirmək üçün Şəhid Bulağı kompleksinin açılış mərasimi keçirilib. Aprel və 44 günlük Vətən müharibəsi şəhidləri Əlvan Hüseynov, Elnur Cəfərov və İsmayıl Salmanovun adları həkk olunmuş Bulağın açılış mərasimində çıxışlar oldu.

Mərasimdə Füzuli Rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov, Diasporanın Prezidentə Dəstək İctimai Birliyinin Ağsaqqallar Şurasının sədri Kamil Teymurov, məktəblilər, müəllimlər, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları və müharibə veteranları iştirak ediblər.

Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyev bildirdi ki, bu cür təşəbbüsləri rayon rəhbərliyi daim dəstəkləyib. Rayonda şəhid ailələrinə və müharibə iştirakçılarına qayğı göstərilir. 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı düşməndən azad edən şanlı ordumuz böyük Zəfər salnaməsi yazdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu öz misiyasını ləyaqətlə yerinə yetirdi, torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüzü təmin etdi. Ulu Öndər Heydər Əliyevin yolunun və siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev öz xalqını və ordusunu birləşdirərək, dəmir yumruğa çevirməyi məharətlə bacardı.

Bu barədə məlumat verən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov bildirdi ki, müharibə qəhrəmanlarının əziz xatirəsi Füzuli rayonunda daim ehtiramla anılır və onların xatirə kompleksləri tikilir. Bu addım şəhidlərimizi unutmadığımızın bir rəmzidir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov qeyd etdi ki, Azərbaycan əsgəri şanlı bir tarix yazdı. Bu tarixi yazan qəhrəmanları unutmamalıyıq. Onların adları hər guşədə ehtiramla anılmalıdır.

Şəhid analarına Fəxri fərmanlar təqdim edildi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin adından başsağlığı verildi.
Tədbirdə I Qarabağ və 44 günlük Vətən müharibəsində xüsusi xidmətləri olan AVMVİB Füzuli rayon şöbəsi sədrinin müavini mayor Mütalib Baxışov çıxış edərək, bildirdi ki, Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edildi. Canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. Bu gün biz bu qələbəni qazanmaq yolunda canından keçmiş şəhidlərimizin adını əbədiləşdiririk. Onlar əbədiyyətə qovuşmuş qəhrəmanlardırlar.
Rusiyanın Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızın yaratdığı qrupun müharibə insanlarına göstərdiyi xeyriyyəçi və humanist münasibətlər haqqında məlumat vermişdik. Hər bir azərbaycanlıya örnək işlər görən bu qrupun nümayəndəsi Cavid Nəzərov bu qrupun adından bu dəfə Füzuli rayonu Zobucuq qəsəbəsində yaşayan veteranlarla görüşüb və onlara maddi yardım göstərərkən şəhidlərin xatirəsinə həsr olunmuş və yarımçıq qalmış Xatirə Bulağının tikintisinə yardımçı olacaqlarını bildirmişdi. Məhz bu Bulaq kompleksi Rusiyada yaşayan vətənpərvər soydaşlarımızın sayəsində bu gün ərsəyə gəlib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Füzuli


