Sanki bir mərkəzdən idarə olunurmuş kimi Azərbaycan əsgəri, müharibə veteranı, müharibə əlilləri və şəhid ailələri hədəfə alınıb. Bu fakt bir olsa, iki, yaxud da 3 olsa təsadüf demək olardı. Amma fakt yüzlərlədir və təkrar-təkrar edildiyinə görə bunu təsadüf adlandırmaq mümkün deyil. Olsa — olsa buna 5-ci kolonun bu sosial təbəqəyə qarşı yönəlmiş diskriminasiya siyasəti deyə bilərik.
Biz 3-4 medalla təltif edilmiş döyüş iştirakçılarının «Müharibə veteranı» statusu ala bilməməsi barəsində yazdıq: «Müdafiə Nazirliyi elə 2 ildi deyir ki, 12700 nəfərin sənədlərində dəqiqləşmələr aparılır. Amma bu 2 il ərzində ha çalışsalar da bu rəqəm heç olmasa 12699 nəfərə də düşməyib».
Bizim bu replikaya cavab verirmiş kimi Müdafiə Nazirliyi məlumat yaydı: «Bildiririk ki, Vətən müharibəsində iştirak etmiş 76000 nəfərə «Müharibə veteranı» adı verilib. Vətəndaş V. Əsgərov da daxil olmaqla digər 12616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir».
Afərin. İndi biz deyirik ki, keçən 22 ay ərzində 12700 nəfərdən yalnız 84 nəfərin sənədləri araşdırılıbsa, qalan 12616 nəfərin sənədlərini araşdırmaq üçün bizim Müdafiə Nazirliyinə neçə ay vaxt lazım olar? Riyazi olaraq bunun üçün bu cür «operativliklə» Müdafiə Nazirliyinə təxminən 3320 ay, qısa olaraq, təxminən 110 il vaxt lazım olar.
Bizə edilən müraciətlərdən maraqlı faktlar üzə çıxır. «Müharibə veteranı» statusu alan şəxsə döyüş yoldaşlarına verildiyi halda medal verilməyib. 4 medal almış şəxsə «Müharibə veteranı» statusu verilməyib. Ağır yaralanmış və kontuziya almış şəxsə əlillik verilməyib. Əlillik verilmiş şəxsə sığorta pulu verilməyib. Bütün bu vasitələrlə hansısa sehirli bir əl bu sosial təbəqənin narazılıq yaratmağa çalışdığını görməkdəyik. Adamlar bəllidir.
Üçüncü dərəcə əlilliyi olan Eldəniz Vidadi oğlu Naibov əlilliyini 24 sentyabr 2021-ci ildə alsa da, 4400 manat sığorta pulunu bu günədək ala bilməyib. Bu pulların ayrıldığı bəllidir. Bəs bu pulun verilməsində niyə aidiyyatlı qurum «sancı» çəkir? Siz kimlərə xidmət etdiyinizin fərqindəsinizmi?
Görəsən ƏƏSMN-ə bu sığorta pulunu vermək üçün neçə il vaxt lazımdır? Onlardamı 30 il gözləməlidirlər?
Yaxud ikinci bir müraciət isə Birinci Qarabağ müharibəsi veteranı Bəşir Bəhram oğlu Hüseynovdan daxil olub. Müharibə veteranı yaralanıb müalicə olunduğu xəstəxanadan müalicəsi haqqında arayış ala bilməməsindən şikayətçidir. İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Kliniki Tibbi Mərkəz Publik Hüquqi şəxsin direktoru Könül Ələkbərovun imzasıyla veterana cavab verilib: «Sizin ərizənizə cavab olaraq bildirik ki, Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi Kollegiyasının 12.04.2021-ci il tarixh 3/1 nomrəli qaranı ilə tasdiq edilmiş «Dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlama müddəti göstərilməklə nümunəvi Siyahısının tətbiq olunmasına dair göstəris»in 635-ci maddəsinə əsasən «Tibbi kartoçkaları (xəstəlik tarixçələri) stasionar xəstələrin» saxlanma müddəti 25 ildir. Kliniki Tibbi Mərkəzdə 1992-ci ildə müayinə və müalicə olunmuş Hüseynov Bəşir Bəhram oğluna aid xəstəlik tarixini qeyd edilən saxlama müddəti keçdiyindən Sizə məlumat vermək mümkün deyil».
Bu məsələdə Kliniki Tibbi Mərkəz Publik Hüquqi şəxsin nə qədər haqlı olduğunu deyə bilmərik, bircə onu deyə bilərik ki, publik şəxsin direktoru Könül Ələkbərovu veteranlara qarşı antipatiyası olan bir şəxs kimi Mingəçevir şəhər veteranlarına qarşı apardığı «ölüm-dirim» savaşından yaxşı tanıyırıq. Ona görə də müharibə veteranı Bəşir Hüseynova bildiririk ki, bir də bu şəxsin əleyhinə yazsaq götürüb Səhiyyə naziri qoyacaqlar…
Bircə faktı da deyim ki, Sovet-Alman müharibəsinin 1941-1945-ci illərə aid sənədləri hələ də arxivlərdə saxlanılır, amma özümüzə aid Vətən müharibəsində yaralananların sənədləri necə məhv edilə bilər? Bu artıq ciddi bir siqnaldır…
Bu məmləkətdə kimlərsə döyüşçüləri hədəfə götürüb və inadla sosial narazılıq yaratmağa çalışırlar. Bunu 5-ci kolonla bağlı İcra Hakimiyyəti başçıları və digər bu sinifdən olan məmurlar həyata keçirirlər.
AVMVİB Mətbuat Xidməti




