Məktəb işinin və maarifçiliyin, eləcə də ədəbiyyatın və mədəniyyətin inkişafında əvəzsiz xidmətləri olmuş şəxskərdən biri də Şeyx Hüseyn Heydərzadədir.
Şeyx Hüseyn Şuşada məşhur olan heydərzadələr soyundandır. Bu soyun ulu babası Heydər bəy XVIII yüzilin sonlarında Şuşa şəhərinin Gəlmələr məhəlləsində yaşamışdı. Şəhərdə Ağa Heydər kimi tanınırdı.
Heydər bəyin Qəhrəman bəy, Cahanbəxş bəy, Nəriman bəy, Abbas bəy adlı oğlanları vardı.
Ağa Heydər bəyin üçüncü oğlu Nəriman bəy 1784-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Ticarətlə məşğul idi.
Nəriman bəy Xədicə xanımla ailə qurmuşdu. Həsən bəy, İbrahim bəy, Hüseyn bəy, Mustafa bəy adlı oğlanları vardı.
Həsən bəy Nəriman bəy oğlu 1812-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Ticarətlə məşğul idi. Baqqal dükanı işlədirdi.
Həsən bəy Cahannisə xanımla ailə qurmuşdu. Dadaş bəy, Həsənqulu bəy adlı oğlanları, Bahar xanım adlı qızı vardı.
Dadaş bəy Həsən bəy oğlu 1851-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra cinayət işləyib, qaçmışdı. Yusif Vəzir Çəmənzəminli yazır: “Bu sahədə maarifçilər arasında böyük nüfuz qazanmış Şeyx Hüseyn idi. Bu adamın çox maraqlı tarixçəsi vardı: şəhərin məşhur igidlərindən olaraq əsil adı Kərbəlayı Dadaş imiş. Bir cinayət işləyib İrana qaçır və orada dəruni böhranlar duyaraq tutduğu işlərdən peşman olub, təhsilə gedir. Neçə il keçmiş Şeyx Hüseyn adını qəbul edərək, şəhərə dönmüşdü. Aşağı məscidin bir hücrəsində oturub, pəhrizkar bir həyat sürür və başına toplanan gənclərə mədəniyyət fikirləri aşılayırdı. Gənclik arasında böyük nüfuzu vardı. Şeyx Hüseyn aşura büsatının əleyhinə açıqdan-açığa çıxan ilk molla idi…” (Y. V. Çəmənzəminli, əsərləri, 3-cü cild. Bakı, “Elm”, 1977, s. 289).
Şeyx Hüseyn məktəbdarlıqla məşğul olmuşdu. “Nəşri-Maarif” məktəbinin müdiri idi. Professor Zeynal Tağızadə öz xatirəsində yazır: “Məni Şuşada açılan Nəşri-Maarif məktəbinə babam apardı. Bu məktəb aşağı məscidin binasında idi. Hücrələrin arasını açıb iki böyük dərs otağı eləmişdilər, qalanları yenə də balaca, qaranlıq idi. Bir tərəfdə də uzaq yoldan gələn tələbələr yaşayırdılar. Məktəbin müdiri şeyx Hüseyn Heydərzadə (Əbdürrəhim bəy Haqverdiyevin Şeyx Şəban əsərindəki prototipi idi) savadlı idi. “Bəyani-həqq” adlı əsərini Cahangir xan Nurubəyov nəşr etdirmişdi”. (Zeynal Tağızadə, Ömrün üfüqləri, Bakı, “Səda”. 2011, s. 26.).
Zeynal Tağızadə müdir olduğu “Nəşri-Maarif” məktəbini bəyənmir. Yazır ki, “Nəşri-Maarif” məktəbində “Mirzə Bəşir Yusifzadə ana dili dərsi, Mirzə Hüseyn Münşizadə fars və şəriət, Mirzə Dadaş – coğrafiya, tarix, Xudadat Əzizbəyov hesab dərsini deyirdilər. Dərslərini yəqin ki, yuxarı siniflərdə də aparırdılar. Müəllimlərdən elə qorxurduq ki, küçədə uzaqdan görəndə qaçıb gizlənirdik. Ən əzazili Mirzə Hüseyn
idi. Bir gün məscidin həyətində Kərbəlayı İbiş oğlu Emili gərməşoğ çubuğuyla o qədər döymüşdü ki, çoxumuz ağlamağa başladıq, yalvardıq… yenə əl çəkmədi.
Mən məhəllə məscidində Mirzə Molla Hüseynin yanında da bir az oxumuşdum. Uşaq döydüyü üçün qorxub getməmişdim. Xülasə, mollaxanadakı palaz, döşəkcə əvəzinə skamya, lövhə, tabaşir olsa da, döymək adəti qalmışdı. Bizə deyirdilər ki, siz çox xoş¬bəxtsiniz. Quzanlı Molla Mehdi şagirdin qulağını dartıb çıxardıb”. (Zeynal Tağızadə, Ömrün üfüqləri, Bakı, “Səda”. 2011, s. 27).
Şeyx Hüseyn Heydərzadə alim bir zat idi. “Bəyani-həqq” adlı əsər qələmə almışdı.
Şuşada babilik və bəhailik inkişaf etmədiyindən bəzi ruhanilər onu “babi” adlandırırdılar. Əslində Şeyx Hüseyn Heydərzadə Şeyxiyyə cəryanına mənsub idi. Şeyxiyyə cəryanı üsulidinin tövhid, nübuvvət, imamət və dörd bünövrədən ibarət olduğunu hesab edirdi. Göründüyü kimi, bu cəryan qeyd olunan əvvəlinci üç məsələdə digərləri ilə həmfikirdir. Lakin onlar üsulidinə «dörd bünövrə» adlandırdıqları başqa bir əqidəni də əlavə etmişlər. Onların əqidəsinə görə, ədalət və məad ayrı-ayrılıqda təsəvvür olunmamalıdır. Çünki Allaha və Onun peyğəmbərinə iman gətirmək, bu iki şeyə iman gətirmək deməkdir. Belə ki, Allaha və Onun peyğəmbərinə etiqad bəsləməyin zəruriliyi Qur᾿ana iman gətirməyə səbəb olur. Hər iki mətləb yə᾿ni, ədalət və məad da öz növbəsində orada sübuta yetirilmişdir. Demək, Qurana etiqadı olan hər bir şəxsin təbii olaraq, ədalət və məada da e᾿tiqadı olacaqdır. Bütün bunlarla yanaşı, «ədalət» Allahın sübutiyyə sifətlərindən biridir. Tövhid bəhsində də Allahın sübutiyyə sifətlərindən bəhs olunduğu üçün istər-istəməz orada ədalət barədə də söhbət açılır.
İslami dəstələrin bir çoxundan fərqli olaraq, Şeyxiyyə cəryanı məadın cismani olmasını qəbul etmir. Onların fikrincə, cism dağılaraq aradan getdikdən sonra yerdə qalan ünsür lətif bir cismdir ki, «cism huvə rəqləyali» adlanır.
Şeyxiyyə firqəsi yiyələndiyi əqidələrə görə, şiə alimləri tərəfindən küfr etməkdə ittiham olunmuşlar. Burada belə bir sual meydana gəlir. Onlar hansı əqidələrinə görə qeyd olunan hökm və fətvalara məruz qalmışlar? Tövhid, Ədalət, Nübuvvət, İmamət və Məad məsələlərində elə bir mühüm ixtilaf nəzərə çarpmır. Zamandan asılı olmayan cismə, təvəlla və təbərraya olan e᾿tiqada görə isə onların küfrə düçar olduqlarını güman etmək olmaz. Lakin böyük qeybət dövründə İmam Zamanla birbaşa əlaqədə olmaq və onun yer üzündə naibliyinə dair «dörd bünövrə» əqidəsinə verilən birinci tərif isə, imamiyyə məzhəbi tərəfindən qətiyyətlə rədd edilir və təbii ki, belə bir əqidəyə sahib olan hər bir şəxs küfrə düçar olmuşdur. Kamil şiə mə᾿nasını daşıyan dörd bünövrə qeybdə olan imamla şiələr arasında vasitəçi olan Şeyxiyyə rəhbərlərinə verilən addır. Yəni, onlar özlərini imamla camaat arasında vasitəçi və şəri hökmləri onlara çatdıran mübəlliğ hesab edirlər. Şeyxiyyə firqəsi dörd bünövrəni və ya kamil şiəni İmam Zamanın məhzəri yəni, həzrətin hər hansı bir şəxsdə zühur və hülul etməsi hesab edir.
Şeyx Hüseyn Heydərzadə məscidin mədrəsə bölümündə yaşayırmış. Professor Zeynal Tağızadə öz xatirəsində yazır: “Şeyx Hüseyn ikinci mərtəbədə, günəş düşən iki otaqda qalırdı. Məscidin həyətində gözəl gülzarlıq, bağça düzəltdirmişdi. Bizi dərsdən sonra işlədirdi. Məktəbin xadimi Niftəli kişi zəngi tez-tez yaddan çıxaradı.
Müəllimlərin saatları bir-biri ilə düz gəlməzdi. Odur ki, Şeyx Hüseyn öz otağının qabağında gün saatı düzəltmişdi. Bizə çox təəccüblü gəlirdi. Bunun bütün sirrini bizə Mirzə Dadaş açıb söylədi. İlk saatı kasıb bir iranlı kişi küləşdən, samandan ya da taxdadan düzəldib Ənuşirəvana hədiyyə vermiş, o da çoxlu ənam əvəzinə onun boynunu vurdurmuşdu”. (Zeynal Tağızadə, Ömrün üfüqləri, Bakı, “Səda”. 2011, s. 28-29.).
Şeyx Hüseyn Heydərzadə məscid küncündə, mədrəsə guşəsində ömür sürüb. Bizcə o, zülmətdə parlayan bir ulduzdur. Bu ulduzun şüaları şagirdlərinin üzərinə düşürdü.

Ənvər Çingizoğlu, jurnalist-etnoqraf