ZƏRDÜŞTİLİK VƏ İSLAM: MARAQLI PARALELLƏR

“Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…” əsərindəki faktlar əsasında

Zərdüşt təliminin əsas prinsipləri Zərdüşt Peyğəmbərin bu vəsiyyətində öz əksini tapmışdır: “Yaxşı niyyət, yaxşı söz, yaxşı əməl…”

Zərdüştiliyə görə, hər bir insan bu dünya ilə vidalaşdıqdan sonra Çinvat adlı körpünün önünə gətirilir. Zərdüşt dininin təməl prinsiplərinə riayət etmiş, xeyirxah işlər görmüş, dəstəmaz alıb gündə beş dəfə namaz qılmış insan həmin körpüyə qədəm qoyduqda Çinvat genişlənir. Əməlisaleh bəndə oradan rahat keçir. Sonra onu gözəl bir qadın qarşılayır, əlindən tutub Cənnətə aparır. Həmin gözəl qadın, əslində, bu şəxsin gözəl (savab) əməlləridir.

Haşiyə. Zərdüşt dininə görə, dəstəmaz üzün və əllərin yuyulmasından ibarətdir. Zərdüştilər gündə beş dəfə ibadət edirlər. Birinci namazı sübhdən günortaya qədər, ikinci namazı isə günortadan saat 15-dək qılmaq olar. Üçüncü namazın vaxtı saat 15-dən gün batanadək davam edir. Dördüncü namazın vaxtı gün batandan gecə yarısınadək, beşinci namazın vaxtı isə gecə yarısından sübhə qədərdir. Namaz təklikdə, yaxud camaatla qılınır. Zərdüştilər namaza “gah” deyirlər. Yeri gəlmişkən, “gah” sözü Azərbaycan muğamının bəzi şöbələrinin adlarında vardır. Məsələn, Yegah (birinci gah), Dügah (ikinci gah), Segah (üçüncü gah), Çahargah (dördüncü gah), Pəncgah (beşinci gah).

Zalım, pis adamın ayaqları altında Çinvat ülgüc kimi iti, qıltək nazik olur. Günahkar insan körpüdən zərdüştilərin Duzax və ya Duşox adlandırdıqları Cəhənnəmə yuvarlanır. Duzax sözü orta pars dilindən “yalan evi” kimi tərcümə edilir.

İslam mətnlərində həmin körpü Sirat adlanır. Sirat körpüsündən yalnız əməlisaleh insanlar keçib Cənnətə girəcəklər. Zalımların və kafirlərin ayaqları altında isə Sirat ülgücdən iti, tükdən nazik olacaqdır. Dünya həyatında əyri yolu seçmiş adamlar birbaşa Cəhənnəmə yuvarlanacaqlar.

Beləliklə, bu paralel zərdüştiliyin də İslam, xristianlıq və iudaizm kimi dinlərlə eyni mənbədən qaynaqlandığını göstərir.

Ehtimal etmək olar ki, türk dillərindəki “tuzaq” (tələ) sözünün mənşəyi məhz Cəhənnəmin zərdüştilikdəki adı – “Duzax” (yalan evi) termini ilə əlaqəlidir. Lakin məsələ burasındadır ki, qədim türk dilində atın qabaq ayaqlarına vurulan buxovun, zəncirin adı “tuşaq” və ya “duşaq” idi. Həmçinin maraqlıdır ki, bu sözə Yuri Knorozovun (1922–1991) “Письменность индейцев майя” əsərində də rast gəlirik. Amerikanın qədim sivilizasiyalarından birini (e.ə. 2000-ci ildən eramızın 250-ci ilinədək) qurmuş mayya hinduları yalançıya “ah tuzach” deyirdilər. Onu da vurğulamalıyıq ki, bunlar təsadüfi bənzərliklər deyildir. Fikrimizi əsaslandıraq…

Təxminən 44.300 il əvvəl Cənub-Şərqi Asiyada Y-xromosomlu P haploqrupu yaranır. Bundan 12.400 il sonra indiki Ural və ya Sibirdə həmin P haploqrupundan Q və R haploqrupları törəyir.

Bugün Amerika hindularının demək olar ki, hamısı Q haploqrupunun daşıyıcısıdır. İran, Əfqanıstan və Özbəkistanda yaşayan türkmənlərin əksəriyyəti, kulan-kıpşak və kanqlı tayfalarından olan qazaxların 46–48%-i, azərbaycanlıların və norveçlilərin 4.8%-i, çeçenlərin və Aşkenazi yəhudilərinin də müəyyən bir qismi Q haploqrupuna aiddir. Həmin haploqrupun daşıyıcılarına Baltikyanı, Volqaboyu və Monqolustanda da rast gəlmək mümkündür.

Q haploqrupunun qardaşı – R-in nəsli isə bütün Avrasiya məkanında geniş yayılmışdır.

Hindistanın brahman və kşatriya varnalarında R haploqrupunun daşıyıcılarının faizi 31–72 arasındadır. Xotonların (türk xalqı) 83–87%-i, qırğızların 65%-i, Altay türklərinin 53%-i, kumandinlərin (türk xalqı) 49%-i, kıpşak tayfasından olan qazaxların 47%-i, pəncablıların 47%-i, taciklərin 30–68%-i, puştunların 45–51%-i, şəmmar tayfasından olan ərəblərin 43%-i, Türkmənistanda yaşayan türkmənlərin 37%-i, özbəklərin 32%-i, çuvaşların və uyğurların 30%-i, farsların 18–25%-i, kürdlərin 10–20%-i həmin haploqrupun daşıyıcısıdır.

Avropa ölkələrində də üstünlük R haploqrupuna məxsusdur. İngilislərin 70–90%-i, baskların 88%-i, ispanların 70%-i, almanların 56–64%-i, belorusların 60%-i, polyakların 56%-i, rusların 34–55%-i, ykraynalıların 53%-i, Kuban noqaylarının 50%-i, yəhudi xalqının cəmi 5%-ni təşkil edən lavililərin 50%-i, tabasaranlıların 45%-i, osetinlərin 43%-i, latışların 40%-i, litvalıların 38%-i, Krım tatarlarının 32%-i, qaraçay-balkarların 28%-i, norveçlilərin 26%-i, avstriyalıların 19%-i bu haploqrupa aiddir.

Sadaladıqlarımızı sadə dilə çevirək. Təxminən 44.300 il əvvəl Cənub-Şərqi Asiyada bir oğlan (P haploqrupu) doğulur. O, həyatda uğurlu olur. Qəhrəmanımızın nəsli artıb yayılmağa başlayır. Bundan 12.400 il keçir. P-nin Ural və ya Sibirdə yaşayan törəmələrindən birinin R, digərinin isə Q (şərti) adlı iki oğlu olur. Beləliklə, iki yeni nəslin əsası qoyulur. Daha 9.000 il ötür. Q-nin övladlarının böyük bir hissəsi hansısa səbəblər üzündən (iqlim, müharibə və s.) köçə başlayır. Onlar Berinq boğazından Amerika qitəsinə keçib orada məskunlaşırlar.

Qeyd olunanları nəzərə alaraq, bu nəticəyə gəlirik ki, Amerika hindularının, türklərin, germanların, slavyanların, baltların, hindlilərin, iranlıların əksəriyyəti və ya əhəmiyyətli bir hissəsi, əslində, bilavasitə ata xəttilə eyni nəsildəndir. Deməli, ehtimal edə bilərik ki, ən azı 23.000 il əvvələdək onlar eyni dildə danışmışlar. Zənnimizcə, türk, fars və hindu dillərindəki “duzax”, “tuzaq”, “duşox”, “duşaq”, “tuşaq”, “tuzaç” sözləri məhz həmin əcdad dilin yadigarlarındandır.

P.S. “Dünya dili” haqqında nəzəriyyəyə əsasən, təxminən 100.000 il əvvəl yer üzündə yaşamış bütün insanlar bir dildə danışmışlar.

Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili

Bu xəbəri paylaşın: