DTK GENERALINI KİM VƏ NİYƏ ORTADAN QALDIRDI? Heydər Əliyev Bakıdan İrəvana necə nəzarət edirdi?

Heydər Əliyevin İrəvandakı agentura şəbəkəsi 25 il gizli fəaliyyət göstərib…

Heydər Əliyev Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində işlədiyi illərdə əvvəlcə kəşfiyyat, sonra əks-kəşfiyya xidmətində çalışıb. O, əks-kəşfiyyata keçdikdən sonra da əvvəllər qurduğu kəşfiyyat setini nəzarətində saxlamış və mühüm işlərə imza atmışdır.

Heydər Əliyevin qurduğu kəşfiyyat setinin bir qolu o dövrkü Sovet Ermənistanına gedib çıxırdı. Ötən əsrin 60-cı illərinin əvvəllərindən başlayaraq bu qeyri-rəsmi istihbarat ağına ayrı-ayrı zamanlarda tanınmış çekistlərdən Niyazi Nəcəfqulu oğlu Nəcəfov, Bahadur Məmmədqulu oğlu Hüseynov və İlhüseyn Pirhüseyn oğlu Hüseynov kimi tanınmış çekistlər rəhbərlik ediblər.

1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyasının 1-ci katibi seçildikdən sonra idarəetmə orqanlarına DTK-dan kadrlar transfer etməyə başladı. Bunun köklü səbəblərini “Azərbaycan siyasi tarixində Heydər Əliyev erası” adlı silsilə yazılarımızda göstərmişik. Ona görə detallara varmaq istəmirəm. Qısaca olaraq onu deyim ki, istər partiya strukturlarında, istərsə də qanunverici və icra hakimiyyəti orqanlarında rüşvətxorluq, korrupsiya görünməmiş səviyyəyə qalxmış, ölkənin idarə edilməsində böyük xaos yaranmışdı. Heydər Əliyev bu xaosdan çıxmağın yolunu DTK-da işlədiyi illərdə inandığı, yaxından tanıdığı, kadr kimi yetişmələrində böyük əmək sərf etdiyi, professional, ən əsası da, təmiz əxlaqlı kadrları siyasi və idarəetmə işlərində irəli çəkməkdə görürdü. Belə kadrlardan biri də Niyazi Nəcəfov idi.

Şamaxılı Niyazi müəllim DTK-da işlədiyi illərdə əsasən siyasi məsələləri kurasiya etdiyinə görə (daxili təhqiqat idarəsinin rəisi olub), onu Bakı şəhəri Əzizbəyov rayonu partiya komitəsinin 1-ci katibi vəzifəsinə irəli çəkdilər. Nəcəfovun partiya işinə keçirilməsi Ermənistanda və Qarabağın ermənilər yaşayan bölgələrində kəşfiyyat işiylə məşğul olan şəbəkənin kurasiya edilməsini başqa şəxsə həvalə etməyi gərəkdirirdi. Birbaşa Heydər Əliyevin tapşırığı ilə bu gizlin iş Maştağa kəndindən olan tanınmış çekist, uzun illər DTK-da yüksək vəzifələr tutmuş Ələkpər Xəlilova tapşırılır.

Xüsusi Xidmət orqanında “Melikoviç” kimi tanınan (Ələkbər müəllimin atasının adı Məlik olub) Xəlilov bu işin öhdəsindən bacarıqla gəlir və 15 ildən çox müddət ərzində Sovet Ermənistanından Azərbaycan SSR-ə qarşı hazırlanan demək olar ki. bütün təxribatların qarşısı alınır. Reallaşdırılan bəzi cinayət hadisələrinin üstü isə qısa müddət ərzində açılır və cinayətkarlar layiqli cəzasını alır.

Heydər Əliyev Moskvaya getdikdən sonra da bu iş davam etdirilir və şəxsən onun özünə vaxtlı-vaxtında raport verilirmiş. Beləliklə, Ermənistan SSR-in Azərbaycana qarşı təxribatlarının qarşısı vaxtında alınırdı.

1987-ci ildə ətrafındakı ermənilərin təlqiniylə Mixail Qorbaçov Heydər Əliyevə qarşı təzyiqlərə başlayır, nəticədə o, istefa vermək məcburiyyətində qalır. Mərhum liderimizin istefasından sonra qısa müddət ərzində ermənilər fəallaşırlar. İlk olaraq, akademik Aqanbekyan 1987-ci ilin sonlarında Parisdə məlum bəyanatını verir, Qarabağın Ermənistana birləşdirilməsi – “miatsum” ideyasını ortaya atır. Bundan sonra hadisələr sürətlə inkişaf edir.

Həmin vaxt Ermənistanda fəaliyyət göstərən – təməli Heydər Əliyev tərəfindən qoyulan agent şəbəkəsini “Melikoviç”in oğlu Rza Ələkbər oğlu Xəlilov kurasiya edirmiş. Gənc yaşına rəğmən mayor rütbəsinə qədər yüksəlmiş, DTK-da rəsmi işi 3-cü şöbənin rəisi olan Rza Xəlilov bu qeyri-rəsmi işinin öhdəsindən də bacarıqla gəlirdi. Lakin kiçik bir yanlışı onun həyatına son qoydu…

Ən acınacaqlısı da odur ki, gənc çekist bəlkə də karyerasının ən mühüm işinə imza atdığı bir məsələyə görə ortadan qaldırıldı…

1987-ci ilin sonlarında, konkret olaraq, dekabr ayının əvvəllərində Rza Xəlilov İrəvandakı agentura şəbəkəsindən qiymətli informasiya əldə edir. Məlumatda deyilirmiş ki, Ermənistan DTK-nın əməkdaşları mərkəzi hakimiyyətin razılığını alaraq, 1988-ci ilin əvvəllərində Sumqayıtda ermənilər yaşayan məhəllələrdə təxribatlar törədəcək, hətta çoxsaylı ölüm halları da olacaq. Rza Xəlilova daxil olan məlumatda olayların icraçılarının şəxsi məlumatları, yaşadıqları ünvanlar, təxribat törədiləcək yerlərin krokiləri, bir sözlə, bütün hər şey detaylı şəkildə öz əksini tapıbmış. Hətta təxribat üçün planlaşdırılan tarix belə, daxil olan məlumatda göstərilibmiş.

Rza Xəlilov əldə etdiyi məlumatı, razılaşdırılmış qaydalar gərəyi, DTK sədrinin müavini İlhüseyn Hüseynova çatdırmalıymış. Lakin həm İlhüseyn müəllim, həm də o vaxt Azərbaycan SSR DTK-ya rəhbərlik edən Ziya Məmməd oğlu Yusifzadə Moskva şəhərində xidməti ezamiyyətdə olublar. Xəlilov bəlkə də gəncliyindən qaynaqlanan tələskənliyə yol verir və İlhüseyn müəllimlə Ziya müəllimin Bakıya dönüşünü gözləmədən başqa bir müavinlə görüşür…

Fyodr Davıdoviç Kudaşkin… Heç şübhəsiz, bu adı Azərbaycan xalqının mütləq əksəriyyəti tanımır. Bu səbəbdən Kudaşkin haqqında qısa məlumat verək:

Fyodr Davıdoviç Kudaşkin – 25 fevral 1924-cü il tarixdə Rusiyanın Ulyanovsk vilayətinin Pavlovski rayonunun İlyuşkino kəndində anadan olub. Müharibədən sonra, 1947-ci ildən dövlət təhlükəsizliyi orqanlarında – Ulyanovsk vilayətində xidməti fəaliyyətə başlayıb. 1952-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyi nəzdindəki 103 saylı məktəbi bitirdikdən sonra Tacikistana göndərilir. 1956-cı ildə SSRİ DTK-nın ən nüfuzlu idarəsi – ПГУ (Первое Главное Управление) adlanan 1-ci Baş İdarədə xidmətə başlayır. Xarici kəşfiyyat məsələlərilə məşğul olan bu idarənin nə qədər əhəmiyyətli olduğunu anlatmaq üçün bircə onu deyim ki, 1-ci Baş İdarəyə xarici ölkələrdə fəaliyyət göstərən leqal və qeyri-leqal rezidenturalar, bütün agentura şəbəkəsi, səfirliklər və konsulluqların attaşeləri, konsultantlar və müşavirlər, bir çox mühüm idarə və şöbələr tabe idi. PQU-nin mərkəzi aparatında və xaricdəki leqal rezidenturalarında xidmət edən rəsmi işçilərinin sayı 1983-cü ildə 9785 nəfər olub.

Kudaşkin 1956-cı ildən 1980-ci ilə qədər 24 il ərzində BMT-də, ABŞ, Kuba, Somali, Anqola, Əfqanıstan kimi bir çox ölkədə fəaliyyət göstərib. Məhz o, Əfqanıstanda Cəlalabad əməliyyatına rəhbərlik edib…

1980-ci ilin dekabrında Kudaşkin general mayor rütbəsi verilərək, Azərbaycan SSR DTK sədrinin 1-ci müavini təyin olunur…

1987-ci il dekabr ayının 12-də Rza Xəlilov əlində qara rəngli bir çanta ilə DTK sədrinin 1-ci müavininin kabinetinə daxil olur. Hadisəyə şahid olanların dediyinə görə, görüş iki saatdan çox çəkir.

Kudaşkinlə görüşdən bir gün qabaq Rza Xəlilov əldə etdiyi məlumatlar barədə artıq təqaüddə olan atasına da məlumat veribmiş. “Melikoviç” – Ələkbər Xəlilov oğluna məsləhət görür ki, sədr Ziya Yusifzadə ilə müavini İlhüseyn Hüseynovun ezamiyyətdən qayıtmasını gözləsin və əlində olan məlumatlar barədə heç kəsə danışmasın. Ancaq oğlu bu məsləhətə qulaq asmır və ertəsi gün Kudaşkinlə görüşə gedir. Bundan xəbər tutan ata Xəlilov dərhal Niyazi Nəcəfovla görüşür.

Niyazi müəllim iki ay öncə istefaya göndərilən Heydər Əliyevlə telefon əlaqəsi yaradır. Heydər Əliyev bircə cümlə deyir: “Kudaşkinlə görüşdən çıxan kimi, əgər hələ sağdırsa, Rzanı dərhal Bakıdan çıxarın və kimsənin bilmədiyi ucqar bir yerdə gizlədin!”

Niyazi Nəcəfovla Ələkbər Xəlilov DTK-ya gəldikləri zaman öyrənirlər ki, Rza ilə Kudaşkin şəhər kənarına – restoranlardan birinə şam yeməyinə gediblər. İki köhnə çekist göstərilən ünvana çatdıqda orada təcili yardım maşını görürlər. Onlar içəri girəndə Rza artıq keçinibmiş. Rəsmi məlumat bu olur ki, Rzanın ciyərlərində çoxdan ciddi problemlər varmış, spirtli içki nəticəsində qanaxma baş verir və bu, ölümlə nəticələnir. Halbuki Rza gənc və sağlam bir çekist olub…

Rza Xəlilovun ölümündən bir neçə gün sonra Fyodor Davıdoviç Kudaşkin də dünyasını dəyişir. Onunla bağlı dostu, iş yoldaşı və həmyerlisi polkovnik Lixarevin məlumatları əsasında Aleksey Alekseyevin yazdığı kitabda ölümüylə əlaqədar bu iki cümlədən başqa heç nəyə rast gəlmədim: “В конце 1987-го он хотел было уволиться. Но и тут судьба распорядилась по-своему: генерал умер на работе, в своем кабинете от острой сердечной недостаточности”.

Rza Xəlilov və Kudaşkinin ölümündən təxminən iki ay sonra – 1988-ci ilin 26-28 fevral tarixlərində Sumqayıt hadisələri baş verdi. Ardınca da Qarabağda vəziyyət dramatikləşdi və münaqişə hələ də tam olaraq öz həllini tapmayıb…

Fərəməz Novruzoğlu

Mənbə: Alp.az

Bu xəbəri paylaşın: