Azərbaycan jurnalistikası informasiya savaşında başı pozuq bir ordunu xatırladır…

XAQANİ Ədəboğlu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

Böyük Türk (Moğol) hökmdarı Çingiz xanın məşhur bir kəlamı var: «İçindəki düşmənə qalib gələ bilməyən xalq, ordusu nə qədər güclü olursa olsun, heç vaxt qələbə qazana bilməz». Bu istəsəniz də, istəməsəniz də belədir. Nümunə olaraq müharibə aparan Ukraynanın təcrübəsi öyrənilməlidir. Bu günədək 57 min xain deşifrə edilib. Biz isə faktiki bütün əməliylə və vücuduyla xainliyi ortada olanları belə çıxdaş etmirik. Bu miqyasda bir Zəfərin qürurunu yaşamağı bu xalqa və bu orduya haram etdilər. Bunu görməzdən gəlmək mümkün deyil.

Gənc döyüşçülərə dəfələrlə deyir və yazmışıq ki, nəinki daxili düşmənlərimiz, hətta mənfur düşmənlər sizlərin hər danışığınızı az qala lupa ilə izləyir. Etməyin. Əsgər durub komandir kimi danışır. Əməliyyat planından dəm vurur. Yaxud şoulara qonaq olub döyüşdən və döyüşçüdən danışmaq kimə lazımdır?


Bəli, problemlər var və bunu məlum kolonun nökərləri qəsdən və bilərəkdən yaradırlar. Məsələn 5 medal verib «müharibə veteranı» statusunu araşdıranlara nə ad verəsən? Yaxud da ayağını itirən əsgəri 1 il 9 ay aparıb gətirənlərə nə ad verəsən? Şəhid anasına «ər gəzən» namussuza nə ad verəsən? Artıq «5-ci kolon» adı şərəfsizliyin, namussuzluğun, rüşvətxorluğun, əclaflığın və s. bu kimi xislətlərin sinoniminə çevrilib.

Amma hər birimiz Rusiya və onun əlaltısı olan Ermənistan kimi mənfur və fürsətcil düşmənimiz olduğunu unutmamalıyıq. Düşmənə bizim yanlışlardan isytifadə etmək şansı verməməliyik. Biz bayramnurlulardan, aygünlərdən və buna bənzər mənasız xəbərlər yayırkən, düşmən durmadan 24 saat bizim əleyhimizə iş aparmaqdadır. Bu sahəyə geniş yer ayıran bir «İnfoteka24» adlı erməni saytı var. Qazilərin hər bir narazılığını dərhal yayına alır.

Onlardan bir neçəsini təqdim edirəm («Азербайджанский ветеран заявил об уничтожении 52 соратников Байрактаром»): «İkinci Qarabağ müharibəsinin azərbaycanlı veteranı Türkiyənin Azərbaycana milyonlarla dollara satdığı Bayraktar PUA-nın İkinci Qarabağ Müharibəsində Azərbaycan əsgərlərini güllələdiyini, nəticədə onun 52 döyüş yoldaşının şəhid olduğunu bildirib!


Videogörüntülər “İranlı jurnalistin gündəliyi” teleqram kanalında yerləşdirilib»: https://video.xx.fbcdn.net/v/t42.

Mənbə: https://infoteka24.ru/2022/06/29/96728/?fbclid=IwAR0UWq4nXo3UOXyR5xqIHzyeyvQk6i05zv4SpZyWPV5IKOlhPr6aUzzGlUQ


Bir köhnə döyüşçü kimi deyirəm ki, bu şəxs danışdığı döyüşdə olmayıb və o əsgərlərin şəhid olmasını da haradansa eşidib. Xüsusi xidmət orqanları bu əsgəri çağırıb danışdırsınlar və bunun bir yalançı olduğunu görəcəklər. Çünki bu adam nəinki, Bayraktar, heç mina atan mərmisi də görməyib. Əgər bu danışdığını qansaydı, bilməliydi ki, Bayraktarın özəlliyi düşmən hədəfini seçməsidir. Deməli, bu şəxsin, nəinki Bayraktardan heç döyüş bölgəsindən xəbəri yoxdur. Biz bu cür «döyüşçüləri» 30 ildir görməkdəyik. O əsgər elə o dediyi sözləri demək üçün ortaya çıxarıldığı məsələnin görünən tərəfidir. Gerisini məlum orqanlar ayırd etməlidirlər.

Digər tərəfdən bu informasiya daha uzaq hədəfləri nişan alıb. Birincisi Bayraktarı gözdən salmaq, Türkiyənin bu aparatları pulla satması, Orduda başıpozuqluğun olması və s. adi bir informasiyaya ustalıqla «yüklənib».

Bizim sayt da daxil olmaqla müharibə ilə bağlı hər bir informasiya filtirasiya olunmalıdır. Çünki bizlərin like xatirinə yaydığımız «şok xəbəri» düşmən Azərbaycan ordusunun zərbəsindən paramparça olmuş erməni cəmiyyətini və onun psixoloji durumunu bərpa etmək üçün istifadə etməyə çalışır. Əminliklə deyə bilərəm ki, bu cür xəbərləri düşmən üçün hazırlayan bir «ÇeTe» var. Öncə veteranlara qarşı qanunsuzluqlara yol verir və onları etiraz həddinə gətirərək belə xəbərləri özlərinə yaxın media resurslarında yaymaqla xidmət etdikləri düşmənə ötürürlər. Bu ən təhlükəsiz yoldur.


Növbəti material «Власти Азербайджана толкают своих ветеранов на суицид» adlanır: «Aprel döyüşlərində və (S)artsaxa qarşı 44 günlük təcavüzdə iştirak etmiş Azərbaycan hərbçisi Qədir Cəfərov “Şuşanın azad edilməsinə görə” medalı ilə təltif edilib, Əlillərin Reabilitasiya Mərkəzində əllərini kəsərək intihara cəhd edib. Bu barədə “Hamam Times” xəbər agentliyi məlumat yayıb.


Cəfərov bir neçə aydır ona əlillik verilmədiyini, hüquqlarının pozulduğunu iddia edir. Veteran bildirib ki, müharibə zamanı çoxlu yaralar alıb.


“İlk dəfə ayağımdan yaralandım. İkinci dəfə o, kəllə-beyin travması alıb. Gözlərim zəif görür, sağ qulağım zəif eşidir. 4 diş cərrahi yolla çıxarılıb. Artıq ağrılardan yaşaya bilmirəm”, — deyə Cəfərov şikayət edir.


Qeydiyyatdan keçmək üçün Reabilitasiya Mərkəzinə gələndə məlum olub ki, adı sistemdə yoxdur və vəziyyəti ona əlillik dərəcəsinin verilməsinə imkan vermir.
O hesab edir ki, Azərbaycanın rəsmi qurumları müharibədən sağ çıxan oğulları ölümə sövq edir və onların qarşısını almaq lazımdır.


Bundan əvvəl də dəfələrlə Bakıda veteranların analoji şikayətlərlə etiraz aksiyası keçirməsi barədə məlumat verilib. Bu hadisələr göstərir ki, veteranlara qarşı laqeyd, hətta mənfur münasibət problemi özəl deyil, geniş vüsət alıb. Azərbaycan təcavüzünün bir çox iştirakçıları intiharı seçərək döyüşməyib».

Erməni saytının bu yazıda informasiya yükünə diqqət edin: «Azərbaycan təcavüzünün bir çox iştirakçıları intiharı seçərək döyüşməyib». Yəni guya erməni terrorizmi və separatizmi haqlı imiş və Azərbaycan əsgəri ona görə döyüşməyib. Bunu 10 minlərlə fərarisi olan ermənilər, 1 nəfər fərarisi olmayan və hər biri döyüşə can atan Azərbaycan xalqı haqqında yazır.


«İnfoteka24» — də yayınlanmış növbəti feyk xəbərə diqqət yetirək. 1 iyulda yayınlanmış «20-летний участник агрессии Азербайджана против Арцаха покончил с собой» yazıda maraqlı bir məqam var. İnformasiyanın xəbər yükü bəzi qaranlıqlara işıq salır. Diqqət edin: «Azərbaycan mediası Azərbaycanın (S)artsaxa qarşı 44 günlük təcavüzündə intihar edən iştirakçı ilə bağlı bəzi təfərrüatlar yayıb.

20 yaşlı veteranın adı Adil Bayramov olub. O, Salyan rayonunun Kürqaraqaşlı kənd sakini olsa da, Sumqayıt şəhərində kirayədə yaşayıb. Hadisə bu il iyunun 1-nə keçən gecə baş verib.

(S)artsaxda atəşkəsdən sonra təcavüzün azərbaycanlı iştirakçıları arasında intihar halları daha tez-tez baş verib. Veteranların çoxu dövlətin “azad edənə” biganəliyindən, ağır sosial şəraitdən şikayətlənir, bəlkə də törətdikləri cinayətlərin psixoloji nəticələrinə tab gətirə bilmirlər».


Bu xəbərin yükü: «bəlkə də törətdikləri cinayətlərin psixoloji nəticələrinə tab gətirə bilmirlər» cümləsidir. Xatırlayırsınızsa, müharibə sonrası «əldəqayırma» hərbi ekspertlər peyda olmuşdu və hamısı «Vyetnam sindromundan» dəm vururdular. Əlbəttə bu mövzunu ölkənin informasiya məkanına yolu açıq olan Marqo və onun mediadakı əlaltıları atmışdılar. Bu sindromun mahiyyəti ilə bağlı Fədai.az-da yazdıqdan sonra bu mövzu arenadan çıxarıldı. «Vyetnam sindromu» tam fərqli bir şeydir. ABŞ əsgərlərinin orada törətdikləri vəhşiliklər onları psixoloji cəhətdən əzib intihara sürükləyirdi. Biriləri bunu bu saytda deyiləni təsdiq etmək üçün boynumuza yükləməyə çalışırdı. Unutmaq olmaz ki, informasiya savaşı apardığımız üçün, düşmən ən kiçik yanlışımızı da kənarda qoymur. Ona görə də informasiya məkanına müharibə ilə bağlı ötürülən hər bir xəbər filtirasiya olunmalıdır. Azərbaycan jurnalistikası isə bu informasiya savaşında başı pozuq bir ordunu xatırladır.


Elə ona görə də bizdə «Vyetnam sindromu» deyil, «Azərbaycan sindromu» olduğunu yazdım. Özü də bizdəki sindromun bir devizi var: «… içəridə olan qapı kilid saxlamaz»…

Tinin Uçmağ olsun Böyük Çingiz xan…

Bu xəbəri paylaşın: